Ciddi problemlər var

Jurnalistlər davranış kodeksi və peşə etikası qaydalarına əməl edirlərmi?



(əvvəli ötən sayımızda)

Jurnalistika prinsip etibarilə şərəfli və müqəddəs peşədir. Çünki bu sahənin adamları jurnalistlər bilavasitə xalqın haqq sözünü çatdıran, ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir.

Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq.

Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir mətbuat işçisinin sadəcə peşə borcudur. Mətbuatı, jurnalistika elmini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev həmişə KİV-ləri müdafiə edib, mətbuatın inkişafına hər şəraiti yaradıb, onları məhkəmə çəkişmələrindən, böyük borclardan qurtarıb. Və bu gün 600-dən çox qəzet, jurnal, agentlik, teleradio məhz dövlət başçısının böyük qayğısı nəticəsində sərbəst fəaliyyət göstərə bilir. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Bu tələb "Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə öz əksini tapıb. Sözügedən qanun layihəsi etik davranış qaydaları və prinsiplərini, onların yerinə yetirilməsilə bağlı hüquqi mexanizmləri müəyyən etməklə yanaşı, jurnalistlər qarşısında həm də siyasi neytrallığı gözləmək tələbi qoyur. Bütün sivil və demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da medianın fəaliyyətinin təkcə hüquqi deyil, həm də etik çərçivəsini müəyyənləşdirən qanunlar mövcuddur. Bu qanunlar zamanın tələbinə, cəmiyyətin və medianın özünün inkişafına uyğun olaraq daim yenilənir və təkmilləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı, 50-ci maddəsində məlumat azadlığı hər kəsin istədiyi fikri ifadə etmək azadlığı ilə bərabər, "istədiyi məlumatı qanuni yollarla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ” öz əksini tapıb. Azərbaycan qanunvericiliyində media qurumlarının fəaliyyətinin hüquqi, sosial-siyasi, maddi-texniki cəhətləri ilə yanaşı, etik-əxlaqi aspektlərinə, mənəvi prinsiplərinə də önəmli yer ayrılıb. Burada söz azadlığı ilə şəxsiyyətin qorunması amili arasında hüdudların və dəqiq nisbətin gözlənilməsi əsas məsələ kimi ön plana çəkilib.

Beləliklə, ölkə qanunvericiliyi media etikasının hüquqi çərçivəsini müəyyənləşdirən kifayət qədər dəqiq müddəalarla zəngindir. Onu da xüsusi vurğulamalıyıq ki, dövlət və cəmiyyət bu müddəalara ehkam kimi yanaşmır. Azərbaycanda sivil toplum oturuşduqca, onlara yenidən qayıdılır, qanunvericiliyin milli mənafelər naminə medianın daha da inkişafına şərait yaratması üçün addımlar atılır. Maraq doğuran məsələlərdən biri də ölkədə fəaliyyət göstərən mətbu orqanlar tərkibində "jurnalistlərin davranış kodeksləri” və "peşə etikası” haqqında qaydalara riayət olunmasıdır. Maraqlıdır, indiki halda jurnalistlər davranış kodeksinə və peşə etikasına əməl edirlərmi? Bunun üçün redaksiyalar tərkibində xüsusi mexanizmlər varmı?

Qeyd edək ki, bir qrup "media öncülü” qeyri-peşəkarcasına bazara "isti” xəbər çıxartmaq adı ilə jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradır, hətta özləri yol göstərirlər. Halbuki hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanununun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur.

Media ekspertlərinin fikrincə, jurnalistikada əxlaq kodeksi məsələsi nəzəri cəhətdən xeyli işlənsə də, praktik cəhətdən xeyli problemlər mövcuddur.

Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu bir çox hallarda jurnalistlərin davranış kodeksinə və peşə etikasına əməl etmədiklərini vurğulayıb: "Jurnalistikada etik normalara əməl edilməsi problemi hər zaman aktual problem olub və inanın ki, bu təkcə Azərbaycan üçün belə deyil. Sadəcə mənfi haldır ki, digər ölkələrdə jurnalistin peşəkarlığı öz fəaliyyəti zamanı məhz etik standartlara və peşə normalarına nə dərəcədə əməl etməsi ilə ölçülürsə, bizdə bir qədər fərqlidir. Peşə etikasında başlıca prinsiplərdən biri olan obyektivlik, dəqiqlik bu gün mediada, əsasən də internet mediada çox az rast gəlinən bir məqama çevrilməkdədir. Hələ mən, məsələn, günahsızlıq prezumpsiyasını demirəm. Plagiat isə ümumiyyətlə, baş alıb gedir. Mənim öz esse və yazılarımı dəfələrlə bəzi saytlar başqalarının imzası ilə yayımlayıblar. Bütün bunlar hamısı acınacaqlı bir mənzərə yaradır.

Redaksiya rəhbərliyinin roluna gəldikdə isə Vüqar müəllimin fikrincə əgər bir media orqanının və ya informasiya portalının başında peşəkar, işini bilən media kapitanı durarsa, o zaman onun rəhbərlik etdiyi qurumda da belə hallar olmaz. Burda mediaya rəhbərlik edənlərin peşəkarlığından da çox şey asılıdır.

Sadalanan problemlərdən çıxış yoluna gəldikdə isə V.Zifəroğlu bildirib ki, media orqanlarına rəhbərlik edənlər seçimlərini düz aparmalıdırlar. Tək çıxış yolu budur. Peşə etikası - mediada, jurnalistikada özünü tənzimləmə mexanizmidir. Bu mexanizmin işləməsi üçün hər media orqanı ilk növbədə öz daxilində o prinsiplərin aliliyini təmin etməli, onlara əməl etmənin vacibliyini ortaya qoymalıdır.

"Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev rəhbərlik etdiyi qurum daxilində jurnalistlərin davranış kodeksi və peşə etikası ilə bağlı nəzarət mexanizminin mövcud olduğunu deyib: "Peşə etikasını yalnız jurnalistikada deyil, bütün sahələrdə qorumaq lazımdır. Hətta, Mətbuat Şurasının birinci qurultayında jurnalistlərin davranış kodeksi və peşə etikası ilə bağlı daxili müddəalar qəbul olunub. Eyni zamanda, qanunlar da hazırlanıb. Bilirik ki, KİV-lərin fəaliyyəti istiqamətində kifayət qədər qanunlar qəbul olunub. Zərurət yarandıqca, MM-də də bu qanunlar öz təsdiqini tapıb. Jurnalistlərin fəaliyyəti üçün hüquqi baza formalaşıb. Amma təəssüflər olsun ki, jurnalistlər bəzən qaydaları pozurlar. Bu isə artıq vəzifədən sui-istifadə anlamını verir. Jurnalist və eləcə də digər peşə sahibləri Azərbaycan Konstitusiyasına uyğun olaraq davranmalıdır. Çünki Konstitusiya insanların fəaliyyəti istiqamətini müəyyənləşdirir. Jurnalist həddini aşaraq kimisə şantaj edirsə, peşə etikası və davranış qaydasını pozursa, onun məsuliyyətə cəlb olunması vacibdir. Məlum qaydaların redaksiyamız daxilində qorunmasına gəldikdə, sözsüz ki, rəhbərlik etdiyim təşkilatda da bununla bağlı maarifləndirmə və təbliğat işləri aparılır. Yəni redaksiyamızın hər bir iclasında jurnalistin məsuliyyəti və davranış qaydaları yada salınır. Dəfələrlə onların diqqətinə çatdırılır ki, hər bir jurnalistin peşə etikası qaydalarına riayət etməsi labüddür. Hər bir jurnalist öz məsuliyyətini dərk etməlidir və qanundan kənara çıxmalı deyil. Bizim təşkilat böyük bir holdinqdir. Burada agentlik, internet televiziyası, qəzet və portal fəaliyyət göstərir. Hər struktur rəhbəri və ümumi rəhbərlik jurnalistlərin peşə davranışları qaydalarına xüsusi nəzarət edirlər. Bu nəzarət mexanizmi bizdə var. Gərəkli anda peşə qaydalarını pozan şəxslər elə redaksiya daxilində cəzalandırılır. Bu cəzalardan sonra həmin şəxs bir daha davranış qaydalarını pozarsa, qurumumuzun adına xələl gətirərsə, həmin jurnalist işdən uzaqlaşdırılır. Cəmiyyətimiz demokratik bir cəmiyyətdir. Konstitusiyamızda əks olunan maddələrin 40 faizi jurnalistlərin söz, fikir və ifadə azadlığına həsr olunub. Qanunlarımız zamana uyğun olaraq müasirləşir. Redaksiyamızda da istənilən şəxsin ifadə və fikir azadlığına heç bir məhdudiyyət qoyulmur. Hər bir jurnalist isə çalışdığı qurumun istiqamətini və mövqeyini nəzərə alaraq addımlar atır. Bizim əməkdaşlarımız dünyanın qəbul etdiyi agentlik və araşdırmaçı kimi işləyirlər. Bu yolda isə redaksiya və dövlət tərəfindən heç bir maneələrə rast gəlmirlər. Qanun çərçivəsində araşdırmalarını aparırlar. Onların fəaliyyətlərindən özləri də, biz də razıyıq”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistlərin davranış kodeksləri” və "peşə etikası” haqqında qaydalara riayət edib-etməməsi məsələsinə fərdi yanaşmanın tərəfdarı olduğunu deyib: "Qənaətimə görə, "etika” bir kompleks anlayışdır. Əgər hər hansı bir insan cəmiyyətdə etik qaydalara əməl edir, öz davranışlarında normaları nəzərə alır, həmçinin öz işində mədəniyyət sahibidirsə, çalışdığı sahə üzrə mövcud olan kodeks qaydalarına da əməl edəcəkdir. Yəni, jurnalistlərin davranışı, etikası onların intellektual səviyyəsindən asılı olan məsələdir. Bir insan genetik olaraq, bu dəyərlərin daşıyıcısı deyilsə və bu istiqamətdə tərbiyə almayıbsa, həmin insana "davranış kodeksləri” və "peşə etikası” haqqında nə qədər dərs versən, hətta müxtəlif sənədlərə qol çəkdirsən, müxtəlif cəzalar tətbiq eləsən belə, yenə də özünün etikadan kənar davranışlarını sərgiləməkdə davam edəcək”.

Jurnalistlərin "davranış kodeksləri” və "peşə etikası” haqqında qaydalara riayət olunmasında redaksiya rəhbərliyinin ciddi bir əhəmiyyət kəsb etmədiyini vurğulayan baş redaktor deyib ki, rəhbərlik jurnalistlərin davranışlarına tam şəkildə nəzarət etmək imkanında deyil. Rəhbərlik yazının ərsəyə gəldiyi prosesdə öz tövsiyələrini verə bilər. Çünki prosesdə bilavasitə iştirak edən jurnalistin özüdür: "Etik qaydaların pozulması təkcə yalnız hazır məhsul kimi ortaya çıxan yazıda özünü büruzə vermir. Əsas məsələ jurnalistin tərəf-müqabilinə yanaşmasından və ya apardığı araşdırmalar zamanı etik qaydalara nə dərəcədə əməl etməsindən gedir”.

Şəymən

(Davamı olacaq...) 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb