“Ciddi ssenarilərə əl atıblar”

“Məqsəd Ankaranı Suriya müharibəsinə çəkməkdir”
Araz Aslanlı: “Çox güman ki, Türkiyədə terror hadisələri davam edəcək”


Türkiyənin Suruç şəhərində baş verən qanlı terror aktı və arxasınca yaşanan digər hadisələr ölkəni yenidən kritik duruma sürükləyir. Koalisiya hökuməti ilə bağlı aparılan müzakirələr fonunda bu cür hadisələrin meydana gəlməsi isə vəziyyəti daha da çıxılmaz edir. Bir sıra ekspertlər qardaş ölkədə indiki məqamda baş verən olayların heç də təsadüfi olmadığını düşünürlər. Yaşanan terror aktını heç bir qruplaşma öz üzərinə götürməsə də, hadisəni İŞİD-in törətdiyi iddia olunur.

Hətta bəzi politoloqlar partlayışda PKK-nın və hakim partiyanın da əlinin olduğunu iddia edirlər. Türkiyədəki gərgin proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı deyib ki, o
qədər mürəkkəb vəziyyət yaranıb ki, hadisələrin arxasında kimlərin, hansı dövlətin dayandığını birmənalı olaraq söyləmək çətindir...

- Araz bəy, Türkiyədə nələr baş verir? Sizcə, bu proseslərin pərdə arxasında duran kimlərdir?

- Türkiyənin İŞİD-lə əlaqəsinin olması ilə bağlı müəyyən iddialar var idi. Ən azından rəsmi Ankaranın İŞİD-lə aktiv mübarizə aparmaması bu cür iddiaların ortaya çıxmasına səbəb olurdu. Görünür, məlum dairələr öz məqsədlərinə çatmaq üçün daha ciddi ssenarilərə əl atmaq məcburiyyətində qalıblar. Ancaq məsələ burasındadır ki, bir partlayışla bir neçə ölkə "müsbət” nəticə almağa cəhd göstərir. Ona görə də hər bir maraqlı qüvvə hadisədən öz məqsədi üçün yararlanmağa çalışır. Hadisənin hansı qüvvələrə təsir etdiyinə diqqət yetirsək, müəyyən analizlər aparmaq olar.

- Ölümlə nəticələnən partlayış və sonrakı proseslər koalisiya müzakirələrinə necə təsir edəcək?

- Bilirsiz ki, parlament seçkisindən sonra CHP-MHP və kənardan HDP koalisiyası bir xeyli müzakirə olundu. Amma son hadisədən sonra bu versiya demək olar ki, "suya düşdü”. Onsuz da əksər ekspertlər əvvəlcədən proqnoz verirdilər ki, əgər koalisiya müzakirələri vaxtı PKK ilə, ümumiyyətlə, kürdlərlə bağlı hər hansı problem gündəmə gəlsə, HDP-nin koalisiya hökumətində yaxından və ya uzaqdan təmsil olunması mümkünsüz olacaq. Digər tərəfdən bu terror hadisəsi AKP-CHP koalisiyasını da zəiflədir. Onsuz da müxalifətin hökumətə müəyyən iradları və tənqidləri var idi. Partlayışdan sonra AKP-yə olan ittihamlar daha da şiddətlənəcək. Ancaq bu hadisələr AKP ilə MHP koalisiyasını müəyyən qədər reallaşdıra bilər. AKP çıxılmaz vəziyyətdə qaldığına görə, MHP isə Türkiyəni hökumətsiz qoymayacağı üçün razılıq əldə olunar. Çünki hər iki partiya bilir ki, təkrar seçkinin keçirilməsi Türkiyəni daha böyük çətinliklərlə üz-üzə qoyacaq. Bu baxımdan MHP-nin şərtlərindən bir neçəsini geri götürəcəyi ehtimal edilir.

- PKK-ya yarayan bu hadisələrdə terror təşkilatının əli varmı?

- Məncə, birbaşa PKK-nın əli olmasa da, onları himayə edən qüvvələrin partlayışda barmağı var. Bunu əminliklə deyə bilərəm. Bu proses kürdləri birləşməyə sövq edəcək və mövcud siyasi qruplaşmaların, HDP-nin və PKK-nın kürdlərin içində gizlənməsinə şərait yaradacaq. Fikir verirsizsə, artıq HDP rəsmiləri açıqlama verirlər ki, "guya, hökumət kürdlərin təhlükəsizliyini qoruya bilmir”. Son illərdə onsuz da Kobani hadisələri kürdlərin HDP və PKK ətrafında birləşməsinə səbəb oldu. İndiki partlayış prosesi daha da sürətləndirəcək.

- Belə məqamda rəsmi Ankaradan gözlənilən addım nədir? Sizcə, Türkiyəni Suriyadakı müharibəyə cəlb etmək mümkün olacaqmı?

- Aydın görünür ki, müxtəlif dövlətlər Türkiyəni bu prosesin içinə çəkməkdə maraqlıdır. Ancaq AKP-nin təkbaşına hökumət qurması mümkün görünmür. Müvəqqəti hökumət isə Suriyaya girmə qərarı ala bilməz. İstənilən halda Suriyaya girmək Türkiyəyə baha başa gələcək. Çünki bu zaman türklərin qabağına sadəcə İŞİD çıxmayacaq. Eyni zamanda Suriya və İraq hökumətləri, PKK və PYD də Türkiyəyə qarşı cəbhə alacaqlar. Türkiyənin kiminlə vuruşacağını bilmədiyi bir müharibəyə qoşulması heç də ağıllıca olmaz və ciddi problemlərə yol açar. Ankara hökumətinin rəsmi ritorikası "analar ağlamasın” şüarıdır. PKK-ya qarşı mübarizə, "çözüm sürəci” məsələsi də sırf bu səbəbdən gündəmə gəlib. Öz ölkəsinin torpaq bütövlüyü məsələsində "analar ağlamasın” deyən AKP-nin Suriyadakı məsələlərə qarışması hakim partiyanın öz siyasətini təkzib etməsi demək olar. Bilirsiz ki, İŞİD-lə mübarizə aparan təşkilatlardan biri PYD-dir. Bu təşkilat PKK ilə yaxın "qohumdur”. Türkiyənin İŞİD-lə mübarizə PKK-nı gücləndirəcək və PKK Türkiyədə də əl-qol açacaq. Bunu istəməyən Türkiyə onsuz da İŞİD-ə qarşı bütün gücünü səfərbər etməyəcək.

- Sizcə, bu cür hadisələr yenə yaşana bilərmi?

- Ümid edək ki, bu, son olsun. Amma şəxsən mən yeni partlayışlar gözləyirəm. Türkiyəyə qarşı terror hadisələri davam edəcək. Çünki məqsəd rəsmi Ankaranı Suriya müharibəsinə çəkməkdir. Görünür, onlar məqsədlərinə nail olana kimi vaz keçməyəcək.

- Partlayışdan dərhal sonra İŞİD-in bir müddət əvvəl Türkiyəni təhdid etməsini əks etdirən görüntülər yayıldı. Son hadisəni də nəzərə alsaq, İŞİD-i Türkiyə üçün ciddi təhlükə hesab etmək olarmı?

- İŞİD hər hansı dövlət tərəfindən idarə oluna biləcək və ya təkbaşına nəzarət altına alına biləcək təşkilat deyil. İŞİD-in arxasında bir neçə dövlət var. İŞİD-i tamamilə məhv etmək üçün 3-4
dövlətin səmimi müttəfiqliyinə ehtiyac var. Saxta mübarizə ilə terrorçuları məhv etmək mümkün deyil. Biz bilirik ki, XXI əsrdə heç bir terror təşkilatı böyük dövlətlərdən dəstək almadan uzun müddət fəaliyyət göstərə bilməz. Terrorçular gedib mağarada, dağda gizlənə bilər, amma düz ərazidə harada gizlənirlər? Bu, aksiomadır. Terrorçuların əlində beş-on tank varsa, müttəfiq dövlətlər kütləvi qırğın silahlarına malikdir. Mütləq iradə ilə bir-neçə günə İŞİD-i tarixdən silmək olar. Təbii ki, əgər istəsələr.

- İndiki vəziyyətlə bağlı AKP-nin Yaxın Şərq siyasəti də kəskin tənqid olunur. Sizcə, hökumət Suriya ilə bağlı qərarında manevr edə bilərmi?

- Əslində Ərdoğan hökumətinin Suriya ilə bağlı verdiyi ilkin qərar doğru idi. Hətta AKP ilk illərdə Bəşər Əsəd rejimi ilə normal dialoq qurdu. Amma Suriyanın daxili problemləri başlayanda və qarşıdurma səviyyəsinə gələndə Türkiyə Suriya daxilindəki amilləri düzgün planlaşdıra bilmədi. Bir növ Qərbdəki bəzi dövlətlərin əks-kəşfiyyat məlumatlarına aldandı və onların yalançı vədlərinə inandı. İranın və Rusiyanın Əsədə verdiyi dəstək də Türkiyə hökuməti tərəfindən düzgün qiymətləndirilmədi. Yəni Suriya siyasətinin ilkin mərhələsi düzgün, ikinci mərhələsi isə yanlış idi. Qərb dövlətləri öz siyasətlərində rahat manevr etsələr də, Türkiyə bunu bacarmadı. Türkiyə Suriyada bataqlığın astanasında dayandı. Bataqlığa düşməsə də, onu quruda da bilmədi.

İsmayıl