Cılız, xain projenin “generalı” üzə çıxır
Abbas Abbasovun Azərbaycana qarşı həyata keçirilən “söyüş layihəsinin” sifarişçisi, maliyyə mənbəyi olduğuna dair ortada faktlar var
Son günlər xaricdə yaşayan bir qrup şəxsin icra etdiyi söyüş kampaniyası cəmiyyətdə ciddi tənqidlə qarşılanıb. Söyüşlə danışanlara sərt etiraz bildirən qeyri hökumət təşkilatları, media təmsilçiləri, siyasətçilər, ziyalılar vahid mövqedən çıxış edərək, kampaniyanın anti-Azərbaycan xarakter daşıdığını açıq şəkildə ortaya qoyublar. Məlumdur ki, sosial şəbəkə "terrorçularının” hücumları birbaşa ölkədə sabitliyin və inkişafın qarantı sayılan Prezident İlham Əliyevə, onun ailəsinə, həmçinin bəzi hökumət nümayəndələrinə qarşı yönəlib. Anti-milli kampaniya "Azərbaycanda demokratiya quruculuğuna dəstək” adı altında absurd şüarlarla pərdələnsə də, ictimaiyyət onların Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş təxribatın fərqindədir.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də ötən gün qələmə aldığı yazıda Azərbaycanda demokratiyanın olmadığını iddia edənlərin məqsəd və məramlarının bəlli olduğunu bəyan edib. Tanınmış jurnalist vurğulayıb ki, hamının tanıdığı və bildiyi bu qüvvələr, dairələr, mərkəzlər, qruplar və fərdlər barəsində xüsusi söhbət açmaq üçün ciddi əsas yoxdur.
Əsas odur ki, cəmiyyətimiz mövcud sistemi qəbul edir və dəstəkləyir. Onu söküb yenisini qurmaq kimi istəyimiz də yoxdur:
"Amma Azərbaycan xalqının dünyaya tanıtmaq istədiyi, beynəlxalq ictimaiyyətin dəstəyini umduğu onlarca problemi var. İşğal altında saxlanılan torpaqlarını, əsir və girov götürülmüş vətəndaşlarını azad etmək, Xocalıda soyqırımın səbəbkarlarının cəzalandırılmasına nail olmaq, bir milyondan artıq qaçqına layiqli həyat şəraiti təmin etmək və s. Beynəlxalq aləmin diqqətini bu problemlərə yönəltmək üçün xaricdə yaşayan soydaşlarımız əhəmiyyətli rol oynaya bilərlər. Təəssüf ki, xarici ölkələrdə bizim sağlam və milli mənafelərimiz naminə öz səylərini əsirgəməyən diasporumuzla yanaşı, özlərini "azərbaycanlı mühacirlərin təmsilçisi” elan edən xəyanətkar ünsürlər də var. "Söyüş layihəsi”nin hədəfləri, icraçıları ilə yanaşı, onun müəllifləri və gizli koordinatorları barədə də fikir birmənalıdır.
Hər kəs erməni lobbi təşkilatlarının bu layihəyə həvəslə qoşulduğunu, onların təsir dairəsində olan siyasi mərkəzlərin necə hərəkətə gəldiyini görür”.
Müəllif məqaləsində yazıb ki, aparılan kampaniya niyyət və hədəfləri kimi, icra metodları baxımından da qeyri-millidir: "Azərbaycan mentaliteti söyüşü qəbul etmir, cəmiyyət kişiyana mübarizədə uduzan, daha sonra intiqam almaq üçün rəqibin ailəsi barədə qeybət edənləri urvatsız sayır. Hazırda icra olunan layihə də metod baxımından söyüş və ailə qeybəti üzərində qurulub. Bu kampaniya hədəf və metod baxımından qeyri-millidirsə, milli düşüncə sahibi olan şəxslərin ona qarşı vahid cəbhədən çıxış etməsi də təbiidir. Gözlənildiyi kimi, son iki gün ərzində bu vəhdəti pozmağa, vahid cəbhəni bölməyə çalışan sifarişçilər, əslində isə "söyüş layihəsinin” əsl müəllifləri üzə çıxmağa başlayıb. Belələri ehtiyatla davranırlar, tam çılpaqlığı ilə görünməyə cəsarət etmirlər, hərdən boy göstərir, bir daş atıb qaçırlar. Amma təhlükəlidirlər.
Çünki zahirən çox görünsələr də, ortada durmağa cəsarət etməsələr də, hərəkətlərində bir sistemlilik görünür, məkrli planlarının olduğu üzə çıxır. Açıq-aşkar hiss olunur ki, niyyətləri diqqəti "söyüş layihəsinin” real müəlliflərindən yayındırmaqdır”. M.Ələsgərli bildirib ki, Mətbuat Şurasının "qara siyahısına” düşmüş qəzetlərdən birində bir neçə həftə bundan əvvəl dərc edilmiş və gülünc iddialarla dolu məqalə indi bir sıra anonim saytlarda tirajlanmağa başlayıb: "Məqalə müəllifi qondarma faktlar uydura-uydura "söyüş layihəsi Bakıdan idarə olunur” versiyası yaratmağa çalışır. Nə qədər paradoksal olsa da, hətta prezidentin köməkçisinin adı da bu sırada çəkilir. Halbuki "söyüş layihəsinin” hədəfləri sırasında ilk görünən şəxslərdən birinin məhz Əli Həsənovun olduğunu və məhz onun dirənişi və səyləri nəticəsində bu qrupa qarşı güclü ictimai qınağın formalaşdırıldığını hər kəs bilir. Təbii ki, məqalədə irəli sürülən fikirlər o qədər absurddur ki, üzərində dayanmağa dəyməz. Amma bundan iki gün öncə başqa bir məqalə də yayılıb. "Anti-dövlət təbliğatının aparılmasına kim rəvac verir” başlıqlı material da eyni ruhdadır və ilk baxışdan subyektiv mülahizə təəssüratı bağışlayan bu məqalə, əslində Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı təxribatdır”. JHİ-nin rəhbəri bəyan edib ki, belələrini ciddiyə almamaq da olardı.
Amma ortada diqqət çəkən nüans var. Mövcud durumda ümumi vəhdəti pozmaq, "söyüş layihəsi Bakıdan idarə olunur” kimi absurd ideyanı ortalığa atıb diqqəti başqa səmtə yönəltmək və hakimiyyət komandasında narazılıq, hətta qarşıdurma yaratmaq kimə lazımdır? Araşdırdıqda, çox məharətlə maskalanmış sxem üzə çıxır. Biz aşağıda mənəviyyatlarına uyğun olaraq ağaclara, unitazlara, zibil qablarına və digər yerlərə şəkil yapışdıran sadə icraçıları - Orduxan Temirxanı, Məhəmməd Mirzəli, Tural Sadıqlı və digər bu kimi ünsürləri görürük. Onları istiqamətləndirən və maliyyələşdirən Elşad Abdullayev, Arif Məmmədov, Vidadi İsgəndərli kimiləri isə daha "avtoritetli” təbəqə hesab olunsalar da, əslində onlar da kənar iradənin icraçılarıdır. Bəs kimdir onların ipini əlində tutan? Erməni lobbisimi? Bu barədə çox yazılsa da, erməni lobbisinin prosesdən öz məqsədləri üçün yararlanmaq istədiyini düşünürəm. Ən azından ona görə ki, "söyüş layihəsinin” bəzi iştirakçıları erməni lobbisinin idarəçiliyində olan "Pen” təşkilatı ilə yaxından əməkdaşlıq edirlər, çexiyalı ermənipərəst avro-parlamentari Şteyna ilə görüşürlər və s. Əslində, əldə etdiyimiz və həqiqiliyi artıq şübhə doğurmayan məlumata əsasən deyə bilərik ki, bu prosesin başında duran şəxs 2013-cü il prezident seçkiləri dövründə İlham Əliyevə qarşı yaradılan "milyarderlər ittifaqı”nın ideya müəlliflərindən olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur.
"İstiqlal” ordeni ilə təltif olunmuş bu şəxsin hazırda Azərbaycana qarşı həyata keçirilən "söyüş layihəsinin” sifarişçisi, maliyyə mənbəyi rolunda çıxış etdiyi və bu cılız, xain projenin "generalı” olduğuna dair faktlar var ortada. Abbasovun özünə yaxın şəxslər vasitəsilə "keçmişlərlə” sıx əlaqə yaratdığı və onların əli ilə Prezident İlham Əliyevə, onun ailə üzvlərinə və hakimiyyət komandasının bir sıra nümayəndələrinə qarşı beynəlxalq səviyyədə çirkin kampaniya təşkil etdiyi bildirilir. Görünür, Abbas müəllim belə mürəkkəb piramidalar qurmaqla artıq özündə sorossayağı bütöv bir dövləti mənəvi terror hədəfinə çevirmək gücü hiss edir”.
İsmayıl