Çimərlik və su hövzələrində hansı qaydalara əməl olunmalıdır ? - OXUYUN !




Məlum olduğu kimi iyun ayının 1-dən çimərlik mövsümü başlayıb. Yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər kəs dənizlə təmasda olmaq üçün çimərliklərə üz tutur. Ona görə, hər yay olduğu kimi bu il də suda boğulma halları baş verir. İnsanların təhlükəsizlik qaydalarını bilməməsi və ya bilib, riayət etməməsi bəzən onların həyatı bahasına başa gəlir.

Faktlar göstərir ki, dövlət çimərliklərində insan itkisi olmasa da, xilasetmə məntəqələri və postlarından kənarda, qeyri çimərliklərdə həlak olanlar və fəlakətə məruz qalanlar daha çoxdur. Çimmək üçün yararlı və yararsız olan yerlərə müəyyən xəbərdarlıq nişanları, çimərliyin sağ və sol hüdudlarını, həmçinin icazə verilən sahələri bildirən yazılar və məhdudlaşdırıcı nişanlar vurulmasına baxmayaraq əksər hallarda vətəndaşlar tərəfindən bu qadağalara məhəl qoyulmur.

Çimərliklər və digər su hövzələri haqqında qanunvericiliyin tələblərinə görə çimərlikdə

- Çimmək üçün ayrılmamış yerlərdə çimmək;
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək;
- Su axınlarından sahildən 20 m-dən artıq məsafəyə üzmək (uzaqlaşmaq)
- Müxtəlif növ gəmi, qayıq, sal, barja, körpü və debarkaderlərə, digər texniki qurğulara üzüb yanaşmaq;
- Texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və bakenlərin üstünə çıxmaq;
- Körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq;

- Xüsusi təyinatlı vasitələrə (hava ilə doldurulan jilet və döşəkləri) aid edilməyən üzən cisimlərdən istifadə etmək;

- Gəmiçiliyə yararlı su axını və su tutarlarına üzüb keçmək;
- Spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək;
- Suda kobud hərəkətlərə yol vermək
- Sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək;
- Çimmə zonasında balıq ovlamaq;
- Gecələmək, həmçinin fırtınanın yaxınlaşması, küləyin 5 bala qədər, dalğalanmanın isə 3 bala artması xəbərdarlığından sonra çimərlikdə qalmaq kimi hallar qadağan edilir.

Bütün bu qaydalara əməl edərək, sağlamlığımızı və həyatımızı riskə atmadan yayın dadını çimərliklərdə çıxara bilərik.

Aysel Aslan