Cinayət işi açılıb, istintaq gedir

Mirmahmud Mirəlioğlunun partiyası bayraq oğrusunun tapılmasını gözləyir




Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mərkəzi qərargahının üzərindəki dövlət bayrağını oğurlayanlar hələ də tapılmayıb. Bu barədə "Şərq”ə açıqlamasında partiya sədrinin müavini
Xəzər Teyyublu məlumat verib. İstintaqın davam etdiyini deyən X.Teyyublunun sözlərinə görə, bayrağın və onun yerləşdiyi lövhənin sökülüb aparılması təşkilata qarşı olan təxribatdır:

"Belə iddia irəli sürməyə haqqımız var. Çünki artıq üçüncü dəfədir ki, bu cür xoşagəlməz hadisə yaşanır. Bununla bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə, Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişik. Onlar da gəlib hadisə yerində tədqiqat işləri aparıblar və şübhəlilərin tezliklə tapılacağını deyiblər. Amma təəssüflər olsun ki, indiyə kimi heç bir oğurluq hadisəsinin üstü açılmayıb”.

Partiya funksioneri sonuncu olayla bağlı da xəbər-ətər olmadığını bildirib: "Sadəcə bilirik ki, müvafiq tədqiqat qrupu yaradılıb, iş gedir, vəssalam. Elə bir az öncə Nərimanov Rayon Polis İdarəsinin tədqiqat qrupunun rəhbəri Fariz Məmmədov zəng vurub dedi ki, hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma davam edir. Hələlik istintaq getdiyi üçün bizə ətraflı məlumat verilmir. Qeyd edim ki, hadisə baş verən yerdə bir neçə video-kamera var. Çox güman ki, oğurluq edən şəxs həmin kameralardan birinə düşüb. Ona görə də hesab edirik ki, hadisəni törədənləri tapmaq polis üçün elə də çətin olmamalıdır”.

İsmayıl