“Çingiz Abdullayev mənə və Rafiq Tağıya “2” yazmışdı”

Qan Tural: “Çalışmaq lazımdır ki, münsiflər heyəti qərəzsiz və obyektiv adamlardan təşkil olunsun”


Uzun fasilədən sonra növbəti Milli Kitab Mükafatının keçirilməsi nəzərdə tutulub. İlin sonuna kimi yeni müsabiqənin keçiriləcəyini bəyan edən Kitab Mağazaları Şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib ki, budəfəki yazarların təqdim etdiyi əsərlərin qiymətləndirilməsi daha geniş və fərqli formatda həyata keçiriləcək.

Ekspertlər arasında dəyişiklik gözlənildiyini vurğulayan Nigar xanımın sözlərinə görə, nominasiyaların da sayı artacaq.
Hər dəfəsində xeyli səs-küy yaradan, bir çox hallarda ciddi narazılıqla nəticələnən Milli Kitab Mükafatı ilə bağlı "Şərq”ə danışan gənc yazar Qan Turalının sözlərinə görə, müsabiqədə format dəyişikliyi olmasa, görülən işin əhəmiyyəti yenə də kölgə altında qalacaq.

- Milli Kitab Mükafatının keçirilməsini necə dəyərləndirirsiniz?

- Bir yazar olaraq, Azərbaycanda bu cür müsabiqənin keçirilməsini yüksək qiymətləndirirəm. Amma hazırkı mərhələdə qüsurlar olduğu üçün gözlənilən effekti verə bilmir. Milli Kitab Mükafatı ilk dəfə keçiriləndə mən də münsiflər heyətinin tərkibində olmuşam. Amma sonrakı proseslər məni qane etmədi. Dəfələrlə Nigar Köçərliyə də demişəm ki, MKM-də münsiflər heyəti sistemini dəyişdirmək lazımdır. Ən əsası münsiflər heyətini təmsil edən adamların hər biri ədəbiyyatçı olmalıdır. Dünyanın heç bir yerində elə bir mükafat forması yoxdur ki, orada münsiflər heyətini təmsil edən adam başqa sahəyə mənsub olsun. Bir də çalışmaq lazımdır ki, münsiflər heyəti qərəzsiz və obyektiv adamlardan təşkil olunsun. Ötən mükafatlandırmaların birində Çingiz Abdullayev rəhmətlik Rafiq Tağıya "2” bal yazmışdı. Bu isə açıq-aşkar qərəz nümayişidir. Mən müəllif kimi iştirak etdiyim zaman isə münsiflər heyətinin tərkibində cəmisi 3 nəfər xalq yazıçısı vardı. Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli mənim əsərimə "9” bal yazmışdı. Çingiz Abdullayev isə "2” yazmışdı. Bu nə deməkdir? Burada sırf özümlə bağlı məsələni qabartmaq istəmirəm. Amma bu, birbaşa Çingiz Abdullayevin qərəzli olduğunun sübutu idi.
- Milli Kitab Mükafatı ilk gündən cəmiyyətimizdə birmənalı qarşılanmadı. Sizcə, niyə?

- İstənilən halda keçirilən müsabiqələr və mükafatlar cəmiyyətdə səs-küy doğurur. Bir çox hallarda isə ciddi narazılıqlara səbəb olur. Çünki müsabiqənin yalnız bir qalibi və onlarla məğlubu olur.
Amma bir məsələ var ki, müsabiqənin təşkilatçıları seçim mexanizmini doğru qurmalı və cəmiyyəti mükafatlandırmanın obyektivliyinə tam şəkildə inandıra bilməlidir. Tənqid hər zaman olur. Əsas məsələ həmin iradların nə dərəcə haqlı olduğundadır.

- Milli Kitab Mükafatında nəyin dəyişilməsini istəyirsiz?

- Yuxarıda da qeyd etdiyim kimi, MKM-də münsiflər heyətinin seçimləri mənim üçün uğurlu deyil. Hesab edirəm ki, seçim zamanı müsabiqədə iştirak edən müəlliflərin özləri-özlərinə səs versələr, layihə daha uğurlu olar. Yəni ki, bir müəllif özünü çıxmaq şərti ilə əsərini ən çox bəyəndiyi müəllifin adını qalib olaraq yaza bilər. Bu zaman heç bir müzakirələrə ehtiyac qalmır. İndiki formatda isə Milli Kitab Mükafatı kifayət qədər qüsurludur və dəyişikliklərə ciddi ehtiyac var. Bilmirəm, Nigar xınım bu formatı haradan götürüb? Çünki bütün müsabiqələrdə münsif kimi peşəkarlara müraciət edilir. Təbii ki, ayrı-ayrılıqda bütün münsiflərə hörmətimiz var. Amma onların Milli Kitab Mükafatının qalibini təyin etməsi müsabiqənin obyektivliyinə kölgə salır. Məsələn, Rafiq Əliyev çox hörmət etdiyim alimlərdəndir. Amma bu adam fizika-riyaziyyat elmləri doktorudur. Hətta onun dahiliyinə də heç bir şübhəm yoxdu, çünki riyazi biliyim kvadrat tənlikdən o tərəfə keçmir. Lakin o, ədəbiyyat adamı deyil və mənim əsərimə qiymət verəcək qədər ədəbi-estetik zövq sahibi ola bilməz. Ekspert kürsüsündə ədəbiyyatda nüfuzu olan və cəmiyyətdə bir ədəbiyyatçı kimi özlərinə yer qazanmış insanlar əyləşməlidir.

- Milli Kitab Mükafatı başlayanda təşkilatçılar məqsədlərinin oxucu sayını artırmaq və ədəbiyyatımıza yeni ab-hava gətirmək olduğunu deyirdilər. Bu istəklərinə nə dərəcədə nail olublar?
- Qarşıya qoyduqları məqsədlərinə nə dərəcə nail olub - olmadıqlarını deyə bilmərəm, bu barədə özləri daha aydın məlumat verə bilər. Amma ümumi şəkildə deyə bilərəm ki, Milli Kitab Mükafatı müəyyən dərəcədə ədəbiyyatın inkişafına təsir edə bilir. Ən azı bu gün "Şərq” qəzeti MKM ilə bağlı yazı hazırlayırsa, deməli, bu mövzu cəmiyyətin gündəmində yer tuta bilib. Bir növ bu vasitə ilə ədəbiyyat da gündəmə gəlir. Bu müsabiqə doğrudan da kitabın təbliğində çox böyük rol oynayır.
Hesab edirəm ki, MKM Azərbaycanda keçirilən digər kitab müsabiqələrindən xeyli üstünlüyə sahibdir. Həm burada qaliblər üçün ayrılan pul mükafatı çoxdur, həm də təbliğat istiqaməti xeyli güclüdür. Bütün bunlar da inkişafa təsir edən addımlardır.
- Növbəti Milli Kitab Mükafatında müəllif olaraq, iştirak etməyi düşünürsünüz?
- Xeyr, əvvəldə də dediyim kimi, hazırkı mərhələdə Milli Kitab Mükafatının formatı məni qane etmədiyi üçün müəllif olaraq iştirak etməyi də düşünmürəm. Çünki mövcud formatda müsabiqənin obyektivliyinə inanmıram və düşünürəm ki, iştirak etdiyim halda əsərlərimə düzgün qiymət verilməyəcək.

Şəymən