Çıxış yolu var, hər tərəfə 20 qəpik düşür

Ziyan dövlət, bank və vətəndaş arasında bölüşdürülməlidir
Belə olarsa, vətəndaşlar aşağı kursla kredit borclarını qaytara bilərlər






Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev parlamentin iclasında qaytarılmayan kreditlərlə bağlı məsələni qaldırıb. Ötən il kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı demək olar ki, heç bir addım atılmadığını vurğulayan millət vəkilinə görə, bunun üçün bütün imkanlar var idi.

Manatın 48 faizlik devalvasiyasının Mərkəzi Bankın sərəncamında olan rəsmi valyutanın həcminin manat ekvivalentində artmasına səbəb olduğunu deyən F.Quliyevə görə, həmin vəsaitdən kredit götürənlərin hüquqlarının qorunmasına sərf oluna bilərdi, amma olunmadı: "Ötən ilin 21 fevral devalvasiyasından öncə dollarla kredit götürənlərin borc öhdəliyi iki dəfə artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20 min 800 manat ödəməlidir. Bu, manat ifadəsində borcun 2 dəfədən çox artması deməkdir. Devalvasiya nəticəsində əhaliyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət heç bir addım atmadı. İndi də bu addımların atılması gözlənilmir. Bu isə banklara sərf edir. Fikrimcə, proseslərin bu cür davam etməsi doğru deyil. Narazılığı aradan qaldırmaq üçün tədbirlər görülməlidir”.

Millət vəkilinin toxunduğu mövzunun kifayət qədər ağrılı məsələ olduğunu deyən İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, iki devalvasiyadan sonra bank sektoru mövqelərini qoruyub saxlaya bilmirsə, bu, ölkə iqtisadiyyatının mühərrikinin xarab olması deməkdir: "Ona görə banklara nəzarətin gücləndirilməsi və bank öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin artırılmasına, verilmiş kreditlərin qaytarılması üçün yeni mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var. Əgər bank vətəndaşa verdiyi krediti geri ala bilməyəcəksə, digər vətəndaşın bu banka qoyduğu əmanəti də qaytarmaq iqtidarında olmayacaq. Ona görə də Qazaxıstanda, Qırğızıstanda olduğu kimi müəyyən kompensasiya mexanizmlərinin yaradılması, yaranmış fərqin 3 tərəf arasında bölüşdürülməsinə ehtiyac var. Yardım etmək lazımdır ki, banklar kifayət qədər böyük kredit portfelini geri qaytara bilsin. Bu, birmənalı olaraq vətəndaşların ödəmə qabiliyyətinin artmasına təsir edəcək, eyni zamanda ödəmələr bərpa olunacaq. Əgər fərq bank, dövlət və vətəndaşlar arasında bərabər həddə bölünərsə, yəni indiki məzənnəsindən dolların manata nisbətən 1.05 məzənnəsi çıxılmalı və qalan fərq 3 yerə bölünməlidir. Təxminən hər tərəfə 20 qəpik düşür. Bu zaman vətəndaşlar aşağı kursla öz ödənişlərini davam etdirə biləcək. Belə olarsa, bankların gəlir səviyyəsinə təsir etməyəcək. Dövlətin qazancı isə o olur ki, əhalinin sosial vəziyyətinin pisləşməsi, bank sektorunun çökməsi kimi problemlər önlənəcək”.

Şəymən