Elman Məmmədov işğaldan azad olduqdan sonra iki dəfə kənddə olubAkif Nağı və Bayram Səfərov isə sevinclərini bölüşürlər
Ölkə başçısı İlham Əliyevin sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası işləri uğurla davam etdirilir.
İnşaat işlərinə 30-a yaxın texnika, 100-dən çox işçi cəlb edilib. Artıq 21 evdə hörgü işləri başa çatıb. Yaxın günlərdə bu evlərin dam örtükləri vurulacaq. 9 evin dəmir-beton tavası qoyulub. Hazırda digər evlərdə hörgü, məktəb binasında suvaq işləri, kəndə su xətlərinin çəkilişi aparılır. Kənddə birinci mərhələdə tikiləcək 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlı olacaq.
Bundan başqa kəndə ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilir. Artıq yol yatağının tikintisi başa çatdırılıb, birinci qat asfalt örtüyünün salınmasına başlanılıb. İşləri texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirən "Azəravtoyol” ASC tərəfindən əraziyə lazımi miqdarda işçi və texnika cəlb olunub.
Əslən Xocalıdan olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov 2016-cı il aprel döyüşlərindən sonra iki dəfə Cocuq Mərcanlı kəndində olduğunu dedi. Deputatın sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı işğal altında olan bütün ərazilərimizin azad edilməsini arzulayır: "Kənddə yollar çəkilib, müəyyən tikinti işləri yerinə yetirilir, əhalinin qayıdışı tədricən təmin olunacaq. Cocuq Mərcanlıda aparılan abadlıq işləri digər rayonlarımızda da davam etdirilsin. Cocuq Mərcanlı ətrafında olan yaşayış məntəqələrinin sakinləri də arzu edirlər ki, vaxt gəlsin onlar da öz yurdlarına qayıtmaq üçün rəhbərliyə müraciət etsinlər. O cümlədən mən də məcburi köçkün və Xocalı sakini kimi doğma Xocalımın işğaldan azad olunması arzusu ilə yaşayıram. Azərbaycanın bugünkü hərbi gücü, imkanları, düşmənin hərtərəfli ifşa olunması, onların iç üzünün açılıb beynəlxalq aləmə tanıdılması bizi tədricən məqsədimizə doğru yaxınlaşdırır. Qayıdış arzusu ilə yaşayırıq. Bilirəm ki, arzularımız çin olacaq. Torpaqlarımızı işğaldan azad edəcəyik.
Ordumuz Lələtəpə yüksəkliyini azad edəndən sonra orda çox böyük bir ərazi artıq bizim nəzarətimizə keçib. Şimal bölgəsində gedən döyüşlərdə qazandığımız uğurlar nə qədər yaşayış məntəqələrimizi düşmən təhlükəsindən xilas edib. Artıq xeyli ərazimizə nəzarəti təmin eləmişik. İnşAllah bu ərazilərimiz getdikcə genişlənəcək”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Cocuq Mərcanlı kəndinə getmək istəsə də, müəyyən məhdudiyyətlər olduğunu bildirib. Təşkilat sədrinin sözlərinə görə, ərazidə hələ minalanmış sahələr olduğu üçün qoyulan məhdudiyyətlər təqdirəlayiqdir: "Hər birimiz torpaqlarımızın tezliklə işğaldan azad olunmasını istəyirik. Azad olunmuş bütün torpaqlarımız üçün sevinir və bu məsələyə müsbət proses kimi baxırıq. Sadəcə olaraq əsas istəyimiz budur ki, proseslər genişlənsin. Artıq çox vaxt keçib. İldə 1 kənd azad olunsa, bu bizi qane eləmir. Yəni, rayonlar davamlı olaraq bir-birinin ardınca işğaldan azad olunmalıdır. Cocuq Mərcanlı kəndinin azad olunması olduqca xoş təəssürat və əhal-ruhiyyələr yaradır. Abadlıq və tikinti işləri aparılır.
Ora getmək ürəyimizdən keçir. Amma hamı axışıb getsə, heç kəsi qoymayacaqlar işləməyə, hər kəs öz işləri ilə məşğul olmalıdır. Hələ təhlükəli sahələr var, kimsə minaya da düşə bilər”.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov da kəndimizin işğaldan azad olunmasına çox sevindiyini bildirib. Onun sözlərinə görə, Cocuq Mərcanlının azad olunması o biri ərazilərimizə də qayıdışdır: "Azad olunduqdan sonra kənddə yaşayış yaratmaq mümkün olduğuna görə, möhtərəm Prezidentimiz müəyyən vəsait ayırdı və Cocuq Mərcanlı camaatı kəndə qayıtdı. Bu prosesi dəstəkləyirəm və ümid edirəm ki, digər ərazilərimiz də işğaldan azad olunacaq”.
Yeganə Bayramova