Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH

  • İnvestisiya gücü 350 milyard dollara çatdı
  • Pərvanə Vəliyeva: “Azərbaycan artıq yalnız investisiya cəlb edən ölkə deyil”

“Azərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Ölkəmizin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşına düşən ÜDM 900 dollardan 7 500 dollara yüksələrək səkkiz dəfədən çox artım göstərib”. 

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbirə dair fikirlərini Sherg.az-a açıqlayarkən bildirib:

“Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir. Sosial-iqtisadi inkişafın mühüm göstəricilərindən biri kimi yoxsulluq səviyyəsi isə 45 faizdən təxminən 5 faizə enib. Bu inkişafın mühüm dayaqlarından biri də ölkəyə cəlb olunan investisiyalardır. Son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib. Bunun yarısı birbaşa xarici investisiyaların payına düşüb. İqtisadi nəticələrin formalaşmasında infrastruktur və dövlət investisiyaları da mühüm rol oynayıb. Son illərdə sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəblərə və xəstəxanalara böyük həcmdə vəsait yönəldilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasına 26 milyard manat həcmində vəsait ayrılıb”. 

Deputatın sözlərinə görə, genişmiqyaslı investisiyalar yalnız mövcud infrastrukturun yenilənməsinə deyil, həm də gələcək iqtisadi fəallıq və yeni investisiya imkanları üçün zəmin yaradır:

“25-26 sentyabr 2026-cı ildə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal investorları, beynəlxalq maliyyə institutlarını və biznes liderlərini bir araya gətirib. Ümumilikdə təxminən 30 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edən investorların iştirakı Azərbaycanın investisiya imkanlarına beynəlxalq marağın miqyasını göstərib. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Tədbirdə səsləndirilən fikirlər də Azərbaycanın investisiya strategiyasının artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını göstərir”. 

P. Vəliyevanın fikrincə, uzunmüddətli iqtisadi artım üçün bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik və süni intellekt kimi sahələr yeni investisiya istiqamətləri kimi önə çıxır:

“Xüsusilə Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olması və Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin regional investisiya imkanlarını artırır.

Bu proses Azərbaycanın yalnız xarici investisiya cəlb edən ölkə kimi deyil, eyni zamanda qlobal infrastruktur aktivlərinə investisiya edən institusional investor kimi çıxış etməsi ilə də müşayiət olunur. 2026-cı ilin yanvarında Davosda ARDNF, BlackRock və GIP arasında uzunmüddətli əməkdaşlıq üzrə niyyət protokolu imzalanıb. Sənəddə GIP-in idarə etdiyi infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il ərzində 1,5 milyard dollara qədər kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur. ARDNF-GIP əməkdaşlığı çərçivəsində İtaliyanın yüksəksürətli qatar operatoru “Italo”ya və Londonun Qatvik hava limanına birgə investisiyalar həyata keçirilib. Eyni zamanda, Azərbaycanda regional bulud texnologiyaları və süni intellekt tələbatına xidmət edə biləcək data mərkəzləri və infrastruktur üzrə investisiya imkanlarının araşdırılması nəzərdə tutulur”.

Parlamentarinin qənaətinə görə, Azərbaycanın investisiya üstünlükləri sırasında onun coğrafi mövqeyi də xüsusi yer tutur:

“Ölkəmiz Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa bazarları ilə əlaqələndirən daha geniş iqtisadi məkanın bir hissəsidir. Bu baxımdan nəqliyyat, logistika, enerji, hava limanları, data mərkəzləri və süni intellekt infrastrukturu kimi sahələrdə Azərbaycanın əhəmiyyəti artır. Prezidentin çıxışında da logistika, nəqliyyat və bağlantılar iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri kimi qeyd olunur. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı, 2030-cu ilədək isə 25 milyon tona yüksəldilməsinin hədəfləndiyi bildirilib. Bu baxımdan Azərbaycan-Ermənistan arasında nəqliyyat bağlantılarının genişlənməsi də regional iqtisadi əlaqələr üçün yeni imkanlar yarada bilər. Belə bağlantılar Transxəzər marşrutunun inkişafına və Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında daha geniş nəqliyyat-logistika şəbəkəsinin formalaşmasına töhfə verəcək”. 

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatlarının xarici borcu 20 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlığının əsas göstəricilərindəndir:

“Eyni zamanda, milli valyutanın 2017-ci ilin aprelindən ABŞ dollarına nisbətdə 1,7 manat səviyyəsində sabit qalması da vacib amillərdən biri olub. Beləliklə, Azərbaycanın son 20 ildə formalaşdırdığı iqtisadi və maliyyə bazası, geniş infrastruktur imkanları, əlverişli coğrafi mövqeyi, yeni enerji və rəqəmsal iqtisadiyyat istiqamətləri ölkənin növbəti mərhələdə investisiya siyasətinin əsas dayaqlarını təşkil edir. Qarşıdakı əsas məsələ isə mövcud potensialı daha çox qeyri-neft sektoruna, yüksək texnologiyalara, logistika və yaşıl enerjiyə yönəldərək iqtisadi şaxələndirməni sürətləndirməkdir. Prezidentin çıxışında da qeyd edildiyi kimi, ÜDM-in 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşsə də, ixracın 90 faizindən çoxu hələ də neft və qazın payına düşür. Bu fərqin azaldılması Azərbaycanın gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır”.