Mütəxəssislər arasında yatış tərzi ilə bağlı fikir ayrılıqları varDərin və rahat yuxu sağlamlığın göstəricisidir
Normal yuxu insanın sağlamlığında vacib rol oynayır. Araşdırmalara görə, keyfiyyətsiz yuxu və yuxunun az olması ürək-damar sistemi xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərir.
Azərtac xəbər verir ki, yuxuya tez getmək və yuxunun daha dərin olması üçün mütəxəssislər corabla yatmağı tövsiyə edirlər. İsveçrə alimləri bu sahədə araşdırma aparıblar. İki qrupa bölünən iştirakçıların bir qrupu corabda, digər qrupu corabsız yatıb. Bir müddət sonra corabda yatan iştirakçılar etiraf ediblər ki, daha tez yuxuya gedir, gecə daha dərin yatır və səhər özlərini daha gümrah hiss edirlər. Mütəxəssislərin fikrinə görə, bunun səbəbi damarların genişlənməsi və bədənin termorequlyasiyasının tənzimlənməsidir.
Araşdırma müəllifləri yatmazdan əvvəl təmiz, rezini sıx olmayan pambıq corab geyməyi tövsiyə edirlər. Lakin bu, gün ərzində ayaqqabı ilə geyilmiş corab olmamalıdır. Çünki gün boyu geyilmiş corab özündə bakteriyalar toplayır.
Normal yuxu hormonlardan asılıdır
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında yuxunun insanın psixo-nevroloji vəziyyətindən asılı olduğunu dedi:
- Corabla yatmağın dərin, rahat yuxuya səbəb olması, mənə, bir qədər qeyri-ciddi görünür. Xarici ölkələrdə tez-tez bu səpkili araşdırmalar, tədqiqatlar, təcrübələr həyata keçirilir. Bir neçə nəfərin üzərində aparılan tədqiqatın nəticələri heç bir halda dünya əhalisinə şamil edilə bilməz. Mən bu cür məlumatları daha çox sensasiya xarakterli hesab edirəm. Tibb başqadır. Tibdə elmi əsaslar olmalıdır. Hər bir araşdırma da elmi əsaslara söykənməlidir. Ayağa corab geyinib yatmaq bədəndə istiliyi təmin etdiyi üçün pereferik qan dövranını yaxşılaşdırmaq baxımından müsbətdir. Lakin bunun dərin və rahat yuxuyla əlaqəsi yoxdur. Yuxu, tamam başqa şeydir. İnsanda yuxu hormonları var. Melotonin hormonu yuxu gətirən, perotonin hormonu isə oyaqlıq - yuxu "qaçıran” hormondur. İnsanda yuxu prosesində pozğunluq yaranıbsa, deməli, melotonin hormonu çatışmazlığı var. Buna qarşı da həkimlər yuxu tənzimləyən dərmanlar təyin edir. Hər bir insanın yuxusu onun psixo-nevroloji statusunun göstəricisidir. Orqanizmdə gedən proseslər də yuxuya təsir edir. İnsanın yatış tərzindən çox şey asılıdır. Tənəffüs pozğunluğu olan insanlar xorultuyla yatır. Gecələr yatarkən tərləmək bəzi xəstəliklərin xəbərçisi ola bilər. Duzların bədəndən ifrazı, hətta vərəm xəstəliyinin də. Qaldı ki, insanların yatış tərzinin müxtəlifliyinə, deyək ki, kimsə üzü üstə yatır, kimsə böyrü üstə, bir başqası arxası üstə və yaxud balışsız, ya da balışı qucaqlayaraq, bunlar hər bir insanda fərqlidir və daha çox vərdiş xarakteri daşıyır.
Sağ, yoxsa sol böyrü üstə yatmaq?
Mütəxəssislər arasında yatış tərzi ilə bağlı fikir ayrılıqları da var. Bəziləri sağ böyrü üstə yatmağın insana böyük faydaları olduğunu deyir. Zərurət olmadıqca nə üz, nə arxası üstə, nə sol böyrü üstə yatmağı məsləhət görürlər.
Alimlər bildirir ki, sol tərəf üstə yatmaq sağlamlığa müsbət təsir edir, hətta həyatımızı belə qurtara bilir.
"Ailəm.az” yazır ki, arxası üstə yatmaq, nəfəs almaqda narahatlığa səbəb ola bilər, xüsusilə astmalı xəstələrə təhlükəlidir.
Sağ tərəf üstə yatmaq isə həzm problemləri yarada bilər.
Aparılan araşdırmalara görə, sol tərəf üstə yatmaq mədə qıcqırması simptomlarını azalda bilir. Ürəyə gedən qan dövranını yaxşılaşdırdığından hamiləlik müddətində də tövsiyə edilir. Bədənin sol tərəfi basqın limfatik tərəfdir. Sol tərəf üstə yatdığınızda bədəninizin toksinləri, limfa mayelərini və tullantıları sinə kanalı və limfa düyünləri vasitəsilə süzməsi üçün daha çox zamanı olur.
Sağ tərəf üstə yatmaq limfa sisteminin daha yavaş işləməsinə səbəb olaraq, toksin yığımı nəticəsində yarana biləcək ölümcül xəstəliklərin riskini artırır. Limfa sistemi tam işləmədiyinə görə, toksinləri süzmə və limfa mayesini orqanizmə dağıda bilmə mövzusunda yetərsiz qala bilər.
Sol tərəf üstə yatmağa başladığınızda, bədəninizin toksinə qarşı işləməsində daha faydalı olmağa başladığının fərqinə varacaqsınız. Bu yuxu mövqeyi həzm sistemini yaxşılaşdırır, bədənin qidalandırıcı maddələri sürətli şəkildə mənimsəyə bilməsini və toksinlərdən qurtulmasını təmin edir. Ümumiyyətlə, arxası üstdə, üz üstə, ya da sağ tərəfinizin üzərində yatırsınızsa, bu alışqanlıqdan necə qurtulacağınızı öyrənmək istəyə bilərsiniz. Bir az praktika lazım ola bilər. Amma bədəninizi bu mövqedə yatmağa alışdırmaq mümkündür.
Sol tərəfinizə doğru dönün və belinizin arxasına bir yastıq qoyun. Yastıq gecə boyunca sağa doğru dönmənizi əngəlləyəcək. Yataqda yatdığınız yönü dəyişdirin. Beləliklə, həm digər tərəfə dönmüş olacaq, həm də eyni yuxu vərdişini yaşaya biləcəksiniz. Sağ tərəfinizə gur bir işıq qoyun. Yuxu əsnasında bədəniniz təbii olaraq işıqdan uzağa dönmək istəyəcəyi üçün sol tərəfiniz üzərində yatmağınız daha asan olacaq.
Məlahət Rzayeva