“Əgər çörəyin qiymətində hər hansı dəyişiklik olarsa, bunun səbəbləri araşdırılacaq”
Natiq Cəfərli: “Yerli keyfiyyətli taxıl məhsullarımız olsaydı, dünya bazarında taxılın qiymətinin enib- qalxmasından bu qədər asılı vəziyyətə düşməzdik”
Ölkəmizdə iyul ayının 30-dan etibarən çörəyin qiyməti qalxacaq. Bu haqda AzNews.az saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq.
Çörəyin qiymətinin indiki halda artmasına zərurət olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, istehlak zəminində 36-dan çox məhsulun hər birinin qiymətinin bahalaşdığı halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları 9 mərtəbəli binada oturub tək zavod çörəyinin 10 qəpik bahalaşmaması üçün mübarizə aparır: "Bu, səhv yanaşmadır. Çörək dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsuldur. İstəyən istehsalçı onu istədiyi qiymətə sata bilər. Ancaq sözügedən qurum bazar iqtisadiyyatına düz gəlməyən bir siyasət aparır. Çörəyin qiymətinin aşağı düşməsini istəyirlərsə, gömrük rüsumlarını aşağı salmalıdırlar, azad və liberal bazar şəraiti yaratmalıdırlar. Belə olarsa, bolluq olar, qiymətlər aşağı düşər. Onsuz da, çörəyin qiymətinin bu şəkildə qalması liberal bazar siyasətinə ziddir. Dövlət qiyməti aşağı salmaq üçün ayrı tədbirlər görməlidir”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə "Şərq”ə deyib ki, ölkəmiz un məmulatlarını təmin etmək üçün xarici ölkələrdən taxıl almaq məcburiyyətindədir: "Uzun illərdir ki, Azərbaycan daxilində keyfiyyətli taxıl istehsal etmək cəhdləri ugursuzluqla nəticələnir. Un məmulatlarında istifadə olunan taxılın demək olar ki, 70 faizi xaricdən əldə olunur. Son zamanlar milli valyutada da ciddi oynaqlıq müşahidə edilir. Artıq banklarda dolların satışı 1.62 manatdır. Əvvəl manatın məbləği isə 1.49-a qədər enmişdi. Yenidən təqribən 8-9 faizlik artım var. Çox güman ki, xaricdən gələn məhsulların da maya dəyərində müəyyən bahalaşma müşahidə olunur. Bu da təbiidir ki, çörəyin qiymətində öz təsirini göstərəcək. Yerli keyfiyyətli taxıl məhsullarımız olsaydı, dünya bazarında taxılın qiymətinin enib-qalxmasından bu qədər asılı vəziyyətə düşməzdik”.
Digər məhsulların da qiymətində artımın baş verəcəyini deyən iqtisadçı vurğulayıb ki, xaricdən gətirilən bütün ərzaq məhsullarında bahalaşmalar olacaq: "Yerli istehsalın 90 faizdən çoxunun xammalı xaricdən gətirilir, sadəcə, burada qablaşdırılır. Məsələn, süd məhsulları xaricdən toz şəklində gətirilir, sonradan isə burada istehsal olunur. Belə xammaldan tutmuş birbaşa xaricdən gətirilən ərzaq məhsullarının qiymətinin qalxması labüddür. Ümumilikdə isə həm yerli xammalın azlığı, həm məhsulların xaricdən gəlişi, həm də kommunal xərclərin bahalaşması bir çox sahələrdə qiymət artımına səbəb olacaq”.
İqtisadiyyat Nazirliyi Azərbaycanda çərəyin qiymətinin artacağına dair məlumatlara aydınlıq gətirib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Lent.az-a verdiyi məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır: "Hazırda çörəyin qiymətində artım yoxdur. Bu monitorinqlər zamanı çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində hər hansı dəyişiklik olarsa, bunun səbəbləri araşdırılacaq və buna uyğun olaraq tədbir görüləcək”.
A. Əliyev bildirib ki, çörək qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsulların siyahısına daxildir: "Bununla belə, qiymətləri dövlət tərəfindən tənzimlənməyən mallar üzrə də süni qiymət artımına yol verilməməsi üçün mütəmadi monitorinqlər aparılır. Əgər qarşıdakı dövrdə qiymətlərdə dəyişiklik baş verərsə, bunun səbəbləri araşdırılacaq”.
Yeganə