“Nigar Köçərliyə qarşı çoxdan etirazlar vardı. Sadəcə olaraq, bu etirazların ictimaiyyətə açıqlanması üçün bir pionçuya ehtiyac vardı. O da Qan Turalı oldu”
“Çox gülməyin axırı ağlamaqdır”
Əsəd Cahangir: “Əgər Nigar xanım “Əli və Nino” romanını oxuyub və dərk edibsə, yəqin ki bu ifadə ilə də tanışdır”
“Nigar Köçərliyə qarşı çoxdan etirazlar vardı. Sadəcə olaraq, bu etirazların ictimaiyyətə açıqlanması üçün bir pionçuya ehtiyac vardı. O da Qan Turalı oldu”
“Nigar Köçərliyə qarşı çoxdan etirazlar vardı. Sadəcə olaraq, bu etirazların ictimaiyyətə açıqlanması üçün bir pionçuya ehtiyac vardı. O da Qan Turalı oldu”
Kitab satışı ilə bağlı qalmaqal səngimir. Əksinə, "Əli və Nino” kitab mağazasına qarşı narazı yazarların sayı getdikcə artır. Qan Turalının başlatdığı boykot kampaniyasına artıq onlarla yazar öz imzasını atıb. "Əli və Nino” kitab mağazalar şəbəkəsi ilə heç bir əməkdaşlığı olmadığını vurğulayan tənqidçi Əsəd Cahangir bütün yazarları bu kampaniyaya qoşulmağa çağırıb. Digər kitab mağazalarından fərqli olaraq "Əli və Nino” kitab mağazalarında kitabların həddindən artıq baha qiymətə satıldığını deyən tənqidçi nə hansısa kitabının satılması üçün mağazaya müraciət edib, nə də oradan kitab alıb, oxuyub.
- Qan Turalının iddiaları "Əli və Nino” rəhbərliyi tərəfindən təkzib olunub. Nigar Köçərli hesab edir ki, Qan Turalı özünü piar etmək üçün mağazaya qarşı kampaniya aparır. Siz nə düşünürsünüz?
- Atalarımızın yaxşı bir sözü var ki, "Od olmayan yerdən tüstü çıxmaz”. Əlində faktlar olmasa, Qan Turalı "Əli və Nino”ya qarşı bu cür açıqlamalar niyə versin ki? Həm də təkcə Qan Turalı deyil ki? Onlarla gənc yazar, şair "Əli və Nino”ya qarşı eyni fikirdədir. Hətta Azərbaycan Yazıçılar Birliyi yekdilliklə Qan Turalının tərəfindədir. Əslində tam əvvəldən yazıçılar arasında "Əli və Nino” kitab mağazasının və onun rəhbəri Nigar Köçərlinin fəaliyyətinə qarşı ciddi narazılıq vardı. Sadəcə olaraq, bu etirazların ictimaiyyətə açıqlanması üçün bir pionçuya ehtiyac vardı. O da Qan Turalı oldu.
- "Əli və Nino” kitab mağazasının gənc yazarların kitablarına qarşı bu cür münasibət sərgiləməsi nədən qaynaqlanır?
- Əslində sahibkar olaraq, Nigar xanımın öz mağazalar şəbəkəsində istədiyi kitabı satıb-satmamaq haqqı var. Heç bir yazar kitabının "Əli və Nino” kitab mağazalarında satılması üçün Nigar xanım qarşısında tələb qaldıra bilməz. Amma öz şəxsi mağazasına "Əli və Nino” adı qoyan sahibkar bu adın haqqını verməlidir. Belə çıxır ki, öz mağazasına azərbaycanlı yazıçının əsərinin adını verən Nigar Köçərli Azərbaycan ədəbiyyatı ilə manipulyasiya edir. Onu deyim ki, Nigar Köçərlinin təkcə kitab satışı ilə bağlı deyil, fəaliyyətinin başqa sahələri ilə bağlı da problemləri var. Onun bu fəaliyyətinin bir hissəsinə MKM də daxil idi.
Nigar Köçərli ədəbiyyatımıza "Əli və Nino” kitab mağazasından daha çox təşkilatçısı olduğu Milli Kitab Mükafatı vasitəsilə zərbə vurur. Bu layihə barədə dəfələrlə öz fikirlərimi bildirmişəm ki, MKM Azərbaycan ədəbiyyatının, mənəviyyatının, dövlətçiliyinin əleyhinə olan əsərləri ön plana çəkir. Ölkədə ictimai-siyasi narahatlıq doğurmaq cəhdlərində bulunur.
Yenə də öz sözümün üstündə dururam ki, Nigar xanım bütün bu layihələri özbaşına həyata keçirmir. Ona xaricdən maliyyə dəstəyi göstərilir. Onlar öz məqsədlərinə nail olmaq üçün hədəf aldıqları xalqın öz içərisindən elə bir şair, yazıçı yetişdirmək istəyirlər ki, məhz həmin yazıçı vasitəsilə bütöv millətə təsir etsinlər. Beyinlərə yeritmək istədikləri ideyaları, məhz onun dilindən səsləndirirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan yazarlarını təkcə "Əli və Nino” kitab mağazalarını yox, Milli Kitab Mükafatını da boykot eləməyə çağırıram. Azərbaycan dilini bilməyən, Azərbaycan ədəbiyyatından xəbərsiz olan bir mağaza sahibəsinin Milli Kitab Mükafatı təsis etməsi absurddur. Amma çox kitab satıb, çoxlu pul qazanmaq üçün Milli Kitab Mükafatı adı altında xalqla oyun oynamaq olmaz. Azərbaycan ədəbiyyatını öz maraqlarına uyğun dəyərləndirmək haqqını Nigar Köçərliyə kim verib? MKM eksperti kimi Nigar xanımın müsabiqəyə dəvət etdiyi jüri arasında bir nəfər də olsun, ədəbiyyat oxuyan, bilən adam yoxdur. Bütün qaliblər telefon zəngləri və ya bilavasitə Nigar Köçərlinin tapşırığı ilə seçilib. Əsas tələb isə siyasi maraqlardır. Amalı Azərbaycan ədəbiyyatında təxribat törətmək olan bir sahibkarın bütün fəaliyyəti boykot olunmalıdır. Mən bu günə qədər öz kitablarımı satılması üçün "Əli və Nino” kitab mağazasına göndərməmişəm, məgər ölmüşəm? "Kim yatmış, kim oyaq” kitabımın çap xərci üçün 1500 manat xərcim çıxdı, 5000 manat da gəlir əldə etdim. Bir kitabdan 3500 manat xeyrim oldu. Bu qazanc üçün mən gedib, "Əli və Nino” kitab mağazasına yalvarmadım ki?
- Nigar xanım iddia edir ki, gənc yazarların kitablarına oxucu tələbatı yoxdur. Onların kitabları illərlə mağazanın anbarında yığılıb qalır. Hətta kitablarını gəlib götürmək üçün mağaza rəhbərliyi bir neçə dəfə yazarlara müraciət də edib. Doğrudan da, Azərbaycan yazarlarının kitabları oxunmur?
- Elə deyil. Məsələ belədir ki, "Əli və Nino” kitab mağazası ilə "Qanun” Nəşriyyatı arasındakı müqaviləyə əsasən mağazada yalnız "Qanun”un nəşrləri satılır. Çünki "Qanun” nəşr etdiyi kitabların müqabilində müəllifə pul vermir. Həmin kitabların "Əli və Nino” mağazasındakı satışından əldə olunan pul isə mağaza ilə "Qanun” arasında ikiyə bölünür. Müəllif şərik olaraq, iştirak etmədiyi üçün də Nigar Köçərliyə daha çox pul düşür.
- Mağazada əsasən xarici kitabların satılması oxucu tələbatıdır, yoxsa?..
- Mən də razıyam ki, "Əli və Nino”da daha çox xarici kitabların satışına üstünlük verilir. Çünki bizim müəlliflərdən fərqli olaraq, xarici kitabların müəllifi gəlib, öz haqlarını Nigar xanımdan tələb etmir. Yəni ki, Nigar Köçərli daha çox pul qazanmaq üçün öz mağazasında xarici kitabların satılmasına şərait yaradır. Bunun başqa bir açıqlaması yoxdur.
Təbii ki, biz Milli Kitab Mükafatının təşkilatçısından Azərbaycan ədəbiyyatının təbliğini gözləyə bilmərik. Bir halda ki, MKM-nin məqsədi Azərbaycan ədəbiyyatına qarşı təxribat, milləti manqurtlaşdırmaqla onu öz nəzarətləri altına almaq olsun. MKM gələcəkdə mikrofon kimi istifadə olunacaq şair, yazıçı yetişdirmək istəyir. Necə ki, Orxan Pamukdan türk xalqına, Salman Rüşdüdən pakistanlılara, Xalid Hüseynidən əfqan xalqına qarşı istifadə etdilər. Həmin yazarın dili ilə də Azərbaycan mentalitetini təhqir etmək, "Qarabağ ermənilərindir” demək istəyirlər.
- Nigar xanım öz müsahibəsində həmişə sizin fikirlərinizi oxuyub güldüyünü deyib...
- Ümumən götürəndə Nigar Köçərlinin həddindən artıq çox gülməyi gəlir. Onun fəaliyyətinin bu və ya digər məqamları ilə bağlı etiraz irəli sürən, irad bildirən hər kəsə gülür. Mənim də Nigar xanımın özünə gülməyim gəlir. Nigar xanım Azərbaycan dilində ingilis aksenti ilə danışanda gülməyim gəlir. Azərbaycan dilini bilməyən birinin Azərbaycan ədəbiyyatının təbliğatından danışanda gülməyim gəlir. Nigar Köçərli mağazasının adını xalqın gözünə kül üfürmək üçün "Əli v Nino” qoyanda gülməyim gəlir. Həm Nigar xanım təkcə mənim iradlarıma, tənqidlərimə gülmür ki? O, bütün müsahibələrində bu ifadəni işlədir. Bu insanın nə qədər gülməyi gəlir, ilahi? Əgər Nigar xanım "Əli və Nino” romanını oxuyub və dərk edibsə, yəqin ki bu ifadə ilə də tanışdır: "Çox gülməyin axırı ağlamaqdır”. Odur ki, Nigar Köçərlinin gülmək limiti qutarıb, artıq onun ağlamaq dövrü başlayır. Birdən-birə onlarla yazarın kütləvi şəkildə onun əleyhinə çıxması hər halda çox "gülməlidir”.
- Artıq Murad Köhnəqala da şəxsi səhifəsində "Əli və Nino” kitab mağazası ilə bağlı aparılan boykot kampaniyasına qoşulduğunu bəyan edib...
- Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də bu kampaniyaya qoşulub. Mən də MKM başladığı gündən Nigar xanımın fəaliyyətinin boykot edilməsinin tərəfdarıyam. Azərbaycan dilini bilməyən biri Qan Turalının, Əsəd Cahangirin və digərlərinin əsərlərinə necə qiymət verə bilər axı? Nigar xanıma məsləhətim budur ki, öz xoşu ilə "Əli və Nino” kitab mağazasını bağlayıb, özünə bir gözəllik salonu açsın. Məqsədi pul qazanmaq deyil? Getsin, geyim, ərzaq mağazaları açsın. Mənəviyyat sahəsinə girib, təxribat aparmaqla o nə qazanacaq ki?
- Bu boykot kampaniyaları nə ilə nəticələnəcək?
- Əgər yazarlar "Əli və Nino” kitab mağazasına kitab verməsələr, oradan kitab almasalar, hətta heç bir oxucu oradan kitab almasın deyə bu kampaniyanı cəmiyyətdə təbliğ etsə, boykot kampaniyaları çox ciddi nəticələr verə bilər. Eyni zamanda bütün yazarlar Milli Kitab Mükafatından da imtina etməklə maddi və mənəvi cəhətdən Nigar Köçərlini iflasa uğratmalıdır. Hamı yumruğunu eyni hədəfə vursa, bir neçə ay ərzində "Əli və Nino” kitab mağazaları və Milli Kitab Mükafatı tarixin arxivində yer alacaq.
Şəymən