"...Çox təhsil müəssisəsi bağlanacaq" - Elçin Şıxlı





"Məqam yarandıqda kimin azca pulu var idi, universitet açdı”.

Bunu Sherg.az-a "Tətbiqi İncəsənət Kolleci" MMC-nin ləğv olunmasının nəticələrindən danışarkən tanınmış jurnalist, "Ayna"-"Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib. 

O bildirib ki, indi ölkədə vəziyyət gərginləşib, dünya bazarında neftin qiyməti azalıb deyə kolleclər, təhsil müəssisələri bağlanır:

"Normal haldır ki, vergilər qəzetində kollecin bağlanması haqqında elan verilir. Çünki görünür, pul bitib, rəhbərlik vergilərini ödəyə bilmir. Bundan başqa rəqabət məsələsi də önəmlidir. Bağlanan kolleclərdə demək olar, oxumaq istəyən də yoxdur. Bu, təbii prosesdir, dəhşətli mənzərə deyil. Ödənişli sahələr çoxdur və oxumaq istəyən belə təhsil pulu tapa bilmir. Ona görə, getdikcə çox təhsil müəssisəsi bağlanacaq.

Azərbaycanda əvvəl bir universitet fəaliyyət göstərirdi, qalanlar isə institut idi. Universitetin də dəyəri var idi. İndi hamısı universitet olub və heç birinin dəyəri qalmayıb. Barmaqla sayılası, normal təhsil verə biləcək təhsil ocaqları var. Yerdə qalanlar hamısı yalandan diplom paylamaqla məşğuldur. Orada təhsildən söhbət də getmir.

Ayrı-ayrı, xüsusi məktəblər ola bilər ki, yaxşı təhsil versin. Əvvəl fəaliyyət göstərən türk liseyləri bu qəbildən idi. Hər kəs deyirdi ki, gözəl təhsil səviyyəsi var. Lakin bir məsələni unudurduq; liseylərə qəbul olunan uşaqları imtahanla qəbul edirdilər. Yəni 100 nəfərin içindən 3-4 nəfər istedadlısını seçib, təhsil verirdilər. Həmin tələbələr də gözəl nəticə göstərirdilər. Yerdə qalanlar isə bacarığı oldu-olmadı ümumtəhsil məktəblərində təhsilini davam etdirirdi”.

Təhsilin səviyyəsinin kütləvilikdən irəli gəldiyini deyən E.Şıxlı bu sahəni ədəbiyyatla müqayisə edərək deyib ki, Nizami Gəncəvinin də zamanında yüzlərlə şair olub, amma bizə qədər tək Nizami gəlib çatıb:

"Bu nöqteyi-nəzərdən biz digər xalqlarla özümüzü müqayisə etdikdə nəzərə almalıyıq ki, mədəni xalqların məişət mədəniyyəti səviyyəsi kütləvidir. Bu isə bizdə yoxdur. Ayrı-ayrı şəxslər, mütəfəkkirlər olub, onların sayəsində mədəniyyət formalaşıb. Amma ümumilikdə kütlə şəklində, nə təhsildə, nə də mədəniyyətdə irəli gedə bilirik. Ümumi orta səviyyə olmalıdır, yüksək səviyyəyə çatmalıyıq. Bu, hələlik reallaşmayıb.

Düşünürəm ki, 20 kollec varsa, onun təxmini 5-i normal təhsil verə bilir. Əslində həmin 5 kollec də qalmalıdır. Amma ola bilər, bacarıqlı kolleclərin rüşvət almadıqlarına görə maddi çətinlikləri yaransın, bağlansın. Yerdə qalan – büdcəni dağıdan rüşvətxorlar isə öz kolleclərini saxlaya bilsin. Təəssüf ki, bu Azərbaycanın gerçəkliklərindən biridir. Ümumilikdə, kollecin bağlanmasında faciə yoxdur, ümumi təhsil səviyyəsinin yaxşılaşmasına doğru atılan addımdırsa, normaldır”.

Qeyd edək ki, kollecin bağlanması barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 123 ünvanına bildirə bilərlər.

Aysel Aslan