Ərdoğan 12 yaşlı Həmdü-Sənanı, 6 kömürçünü bayrama dəvət edib“Bizdə rəsmi mərasimlərdə daha çox tanınmış simalar olur”
Türkiyənin örnək vətəndaşları 29 oktyabr Cümhuriyyət Bayramına dəvət edilib. Kimdir onlar? Bu ilin fevral ayında sosial şəbəkələrdə fotosu paylaşılmaqla hamının sevimlisinə çevrilmiş 12 yaşlı Həmdü-Səna. Azərbaycanda da aktiv sosial şəbəkə istifadəçiləri bu qızı tanıyır. Bu həmin qızdır ki, şaxtalı, qarlı gündə ana keçini öz kürəyinə, keçinin yenicə doğmuş balasını isə köpək Tominin belinə bağladığı məktəb çantasının içində axura daşımışdı.
Həmin anları əbədiləşdirənsə qardaşı Əli Rəhman idi. Foto maraqlı alındığından Əli Rəhman onu sosial şəbəkədə paylaşmışdı, bununla da Rizənin İkizdərə ilçəsinin Yağçılar kəndində yaşayan Həmdü-Səna bütün Türkiyənin, həmçinin Azərbaycanın da sevimlisinə çevrilmişdi. İndi həmin qızcığaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə 29 oktyabrda Beştəpə Cümhurbaşqanlığı Sarayında təşkil olunacaq Cümhuriyyət bayramında iştirak edəcək.
Qız yerli mediaya bu dəvətdən çox təsirləndiyini və ciddi hazırlaşdığını deyib və onu da əlavə edib ki, Prezidentin görüşünə əliboş getməyəcək. Öz əlləriylə hazırladığı təmiz kənd kərə yağını Ərdoğana hədiyyə aparacaq. Ondan cümhurbaşqanı ilə görüşərsə, nə istəyəcəyini də soruşublar, cavab verib ki, kəndlərinə yol çəkilməsini istəyir. Kəndin yolu bərbad haldadır və maldarlıqla məşğul olan həmkəndliləri bundan çox əziyyət çəkir.

Cümhuriyyət bayramına dəvət edilənlər arasında 6 mədənçi də var. Zonquldaqdakı kömür mədənində çalışan mədənçilər də cəmiyyətə örnək davranış sərgiləyiblər. Gecə saatlarında mədəndən evlərinə qayıdarkən mindikləri ictimai nəqliyyatda oturacaqlar boş olsa da, evlərinədək yolu ayaq üstə gediblər, əyləşməyiblər ki, iş geyimlərinin qarası oturacaqları çirkləndirər. Həmin anları əks etdirən video-görüntü Türkiyə efirində çox izlənmişdi və mədənçilər ictimaiyyətdən böyük alqış almışdı. Çox adam "halal olsun, belələrinə. Yorğun-arğın olmalarına baxmayaraq, avtobusu çirkləndirmək istəməyiblər. Demək, nümunəvi insanlarımız hələ də varmış...” Məhz bu nümunəvi davranışlarına görə Türkiyənin sevimlisinə çevrilən həmin 6 mədənçi də Cümhuriyyət bayramının "onur qonaqları” - şərəfli qonaqları arasında yer alacaq.
Bizdə də dövlət səviyyəsində rəsmi mərasimlər, təntənəli tədbirlər keçirilir. Adətən, belə mərasimlərdə ölkənin tanınmış simaları, millət vəkilləri, nazirlər, yüksək vəzifəli məmurlar, elm və incəsənət xadimləri təmsil olunur. Təbii ki, bu şəxslərin təntənəli mərasimlərdə iştirakına heç kim qarşı deyil. Amma söhbət sadə, lakin dövləti üçün kiçik imkanlarıyla böyük işlər görən və ya görmək həvəsində olan, buna çalışan, dövləti yolunda canından keçməyə hazır vətəndaşların bayram tədbirlərinə dəvət edilməsindən gedir.
Bir nümunə gətirək; avtomobil yolunda piyada keçidi olmadığından məktəbə gedən uşaqların əlindən tutub yolu keçirən və bunu bir dəfə deyil, hər gün edən sadə bir vətəndaşımız vardı. Efirdə də, sosial şəbəkələrdə də o adam haqqında danışılmışdı. Suraxanı rayonu, Əmircan qəsəbəsində "Canlı işıqfor” adını almış Xalid Musayev uşaqların təhlükəsizliyini təmin etmək üçün hər gün dərs saatları yolda dayanıb şagirdlərə yolu keçməkdə kömək edir. Belə xeyirxah əməli ilə seçilən sadə vətəndaşlar rəsmi dövlət tədbirlərinə niyə də dəvət edilməsin?

Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin birinci-vitse prezidenti Mehriban xanım Əliyeva, eləcə də ailə üzvlərinin sadə azərbaycanlılarla səmimi ünsiyyətdə olmalarını təsdiq edən kifayət qədər faktlar var. Gəncə şəhər sakini, 11 yaşlı Ülvi Həbibovun ad günündə Bakıya Prezident Sarayına dəvət edilməsi, Prezident və ailə üzvləri ilə çay süfrəsi arxasında əyləşməsi, Prezident və ailəsi tərəfindən ona hədiyyələr bağışlanması bu faktlardan sadəcə, biridir. Cənab Prezident xalqa yaxın olduğunu, hər bir azərbaycanlının Prezidenti olduğunu fəaliyyəti ilə təsdiq edir. Seçilən, nümunəvi vətəndaşların rəsmi mərasimlərə dəvət edilməsi isə, bizcə, daha çox bu işə məsul şəxslərin üzərinə düşür. Məhz onlar belə vətəndaşların mərasimlərdə iştirakını təmin etməlidirlər.
Millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında Türkiyədə çox yaxşı ənənənin formalaşdığını bildirdi:
- Türkiyədə belə bir ənənə var və bu, vətəndaşa dəyər verildiyini göstərir. Təkcə hansısa əməli ilə seçilən vətəndaşlar deyil, görmə əngəlli, yaxud əlilliyi olan vətəndaşlar da belə mərasimlərə dəvət edilir. Və bu, cəmiyyətdə çox xoş qarşılanır, çox müsbət təsir bağışlayır. Cəmiyyətə pozitiv təsiri baxımından bu, çox yaxşı ənənədir. Məsələn, Türkiyədə cocuqlar, gənclik və idman bayramları günlərində nazirlər, hətta prezident də kürsüsünü uşaqlara, gənclərə dövr edir. Bu da uşaq və gənclərin dili ilə problemləri işıq salınmasına yardımçı olur. Xatırlayıram ki, bizdə Slavyan Universitetində akademik Kamal Abdulla "1 günlük xəlifə” layihəsi həyata keçirirdi. Bir gün tələbələr universitetə rəhbərlik edirdilər. Belə təcrübələr həm keçirildiyi müəssisədə, həm də ümumilikdə cəmiyyətdə həmişə rəğbətlə qarşılanır. Vətəndaş ona dəyər verildiyini hiss edir.
F.Mustafa qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalqın içində olmağı və sadə vətəndaşlarla ünsiyyət qurmağı üstün tuturlar:
- Dəfələrlə şahidi olmuşuq ki, cənab Prezident də, Mehriban xanım da qaçqın, köçkün ailələrin evinin qonağı olub, onlarla bir masa arxasında əyləşiblər. Bu ənənələr bizdə də var. Rəsmi mərasimlərə gəlincə, doğrudur, orada daha çox ölkənin tanınmış simaları olur.
Məlahət Rzayeva