Cümhuriyyət mətbuatında 31 mart soyqırımı - Akif Aşırlı yazır
Bir əsr əvvəl Azərbaycan xalqı yarası illərlə sağalmayan soyqırım acısı yaşadı. Bakıda və ətraf kəndlərdə, Şamaxıda, Qubada, Şirvan bölgəsində bolşevik cildinə bürünən erməni silahlıları sosial mənşəyinə, siyasi mövqeyinə və yaşına baxmayaraq Azərbaycan türk-müsəlman əhalisini qətl etməklə, xəyallarında yaşatdıqları "Böyük Ermənistan”ı qurmaq istədilər. Xalqın başına açılan bu müsibət, soyqırım siyasəti 23 ay yaşayan Azərbaycan milli qüvvələrinin hakimiyyəti dövründə daim xatırlandı, növbəti fəlakətlərin baş verməməsi üçün ciddi tədbirlər görüldü.
Anadilli mətbuat orqanları 1919-cu ilin 31 mart - 2 aprel tarixlərində xalqın başına açılan bu fəlakəti öz səhifələrində xatırladı. "Azərbaycan” və "İstiqlal” qəzetləri matəm nüsxələri çap etdi. O günləri xatırlayaraq "Şərq”in oxucularına həmin yazıların bir qismini təqdim edirik.
El yası
- İslam qardaş! İslam qardaş! Bana müavinət ediniz! İşbu iltica edici, yürək yandırıcı, qəlb patladıcı sözləri, üzü, sinəsi məxruş gənc bir islam qadını bana beş nəfər məqtul əhbabını, bir nəfər sirdaşını, elm, qəm, hüzn, şadlıq müxatəbini "nərdəsiniz!” axtaran boynu qaralı, qəlbi yaralı,bədbəxtə diyə xitab ediyordu.
Dəniz kənarındakı kömrükxana həyətində, pambuq taylarının miyanında sıra ilə yan-yana düzülmüş müsəlman və müslümə meyitləri ətrafında müsəlman qadınları "oğul vay”, "ata vay”, "qardaş vay” diyə dolaşaraq mühiti memat musiqisinə məxsus "vay” zənguləsilə zingildətdikləri halda işbu qadının "müavinət” diləməsi şimşək kimi əsabımı vurdu. Qəlbimi yaraladı da ona tərəf yönəlmək məcburiyyətində buraqdı.
-Həmşirəm!
-Qardaş! Bən yeddi nəfər əqvamını, məqtul qarşısında uzanmış, bütün ümidini dünya və mafihadan kəsmiş, evi talan edilmiş, əsasınadək yandırılmış səfiləyə müavinət ediniz!
-Həmşirəm!
-Bənim meyitlərimi arabaya qoyunuzda qəbristanə aparayım! Daha artıq danışmaq yeri qalmamışdı. Ətrafı dolaşdıqdan sonra iki danə şəhər zibil arabalarından almağa müvəffəq olduq.
-Həmşirəm, nərdəsiniz?
-Burada!
Qadın, yeddi nəfər meyidi bir tərəfə çəkib lalə butələri kimi düzərək miyanlərində lalə qönçəsi kimi oturub çənəsini ovcuna almışdı: ağ saqqallı, ağ zülfləri qırmızı qana bulaşmış, şəmsin parlaq şüası altında tələlö edən iki ixtiyar, yanlarında birər sarı arizli, biləklərində incə mərcan qolbağı, dodaqlarında səbavətə məxsus zərif məsumanə təbəssüm qızcığazlar, birər geniş alınlı, yüksəsk köküslü, şimşad qollu gənclər, bunların miyanında üzü, gözü, xain əllər tərəfindən vəhşiyanə bir surətdə süngülənmiş başqa bir gənc yatıyordu.
Məqtul təravətini qayb etməmiş butələr miyanındakı diri qönçə dodaqlarını titrədiyordu.
Yaqın yürüdüm.
-Soldunmu?... bən qaldım! Bəs vəzifəm nədir? Ağlamaqmı?
-Xeyr!
Bir səs eşidildi. Qadın ayağa qalxaraq ətrafa baxmağa başladı.
Möhtərəm qare! Qadının o vəziyyətini təsvir etməkdən qələm acizdir! Qadına baxan, şimdi uçacaq, həman sədani asimanlarda olsa belə bulacaq. Qəlbi yarıb yürəgi sənduqçəsinə alacağını hiss ediyordu.
-Qardaşım buldunuzmu?
Diyə gənc qadın bana müraciət etdi.
-Buldum!
Dedimsədə davam edəmədim. Oturdum, biixtiyar göz yaşlarım axmağa başladı. "İntihar et!” qulaqlarım pərdələrində, xüsusi bir cadu edici mahnı kimi tərənnüm ediyordu.
-Qardaşım! - diyə qadın oturdu. Bən yenə göz yaşları bulurundan onu təmaşa ediyordum.: Təbarək allah! Qadının məxruş yüzündəki hüsnü, əzəməti, parlaq gözlərindəki ilahiyyətini, yürəgimə soqulub "məbəddir! Kəbədir!” diyə "təzim et!” diyə kimi təlqiynatda bulunuyordu. Əllərimi köksümə qoyaraq başımı aşağı saldım.
-Qardaşım! Bana yazığın gəlir, degilmi? Əvət bən yazığım. Zira bütün əqvamım məqtuldur, istinadgahım yok, mülcəim yok, ümid qapılarım bağlanmış degilmi?
Bən yenə başımı qaldırıb qadına baxdım.
-Qardaşım! Xeyr, öylə degil hamısı məqtul, bəndə, səndə, o birisidə məqtul, fəqət il məqtul olmadı. Bil yaşıyor, yaşayacaq. İl hər il mart ayından başlayaraq........
Qadın sözünü itmamə yeturmədən həyətdən oxşamaq, ağlamaq sədası ucaldı. Qadın ayağa qalxıb:
-Qardaşım meyitlərimi arabaya qoyalım!
Bən məbudəyə səmən və taətən diyə kimi qadınla bərabər meyitləri arabalara qoyduq.
Arabalar yola düşdü, qadın bir kəlmə söz demədən onların ardınca getdi. Əllərim köksümdə olduğu halda məbudəni mümkün qədər müşayiət etdim.
O vaxtdan sonra bir daha qadını görməmişəm.
***
Bağ vaxtı idi, qəhrəman türk ordusu çəlik köksülü yigitlərini Anadolu ovalarından, Azərbaycan bucaqlarından hilal yıldızlı bayrağı altına cəm edib "Azadlığ”a doğru yürüyordu. Bakı ətrafında top gümbürtüləri, bomba patıltıları, metraliyoz şaqqırtılarına qarışaraq "hürriyyət”............. diyə bağıriyordular.
Əsəbiliyim həddindən aşmışdı. Gecə yarısı işbu bağırtı altında bir küncdə əlbisəyə bürünüb mürgülədim. Nərədən isə həman qadının "il hər il mart ayından başlayaraq.........” yarımçıq buraqdığı cümləsi qulaqlarıma doldu. Cümlə ilə mübarizəyə başlayaraq arxasını bulmaq istədim: gözlərim qaraldı. Ətrafım zülmətə büründü. çırpındım, gözlərimi bərəltdim; qarşımda münəvvər bir nöqtə peyda olub get-gedə qara əlbisəli, al örtüklü bir qadın həyulasına mübəddəl oldu. Yüzünə baqdım. Dırnaq yerlərini müşahidə ilə həman qadını tanıdım. əllərimi köksümə qoyaraq dizlərim üstə çöküb məbuduma təzim etdim.
-İl hər sənə mart ayından başlayaraq... sentyabr ayınadək matəm saxlar diyə məbudm həyulası nütqə gəldi. Üzünə baqdım; Üzündəki o hüsn, o əzəmət, gözlərindəki o ilahiyyət baqi olmaqla xüsusi bir təravət, xüsusi bir ülviliyədə havi idi.
Ə.Rüfət
31 mart 1919-cu il № 147
31 Mart
Rus mütləqiyyət istibdadını kökündən yıxmış olan rus inqilabi kəbiri, mütləqiyyətin zənciri əsarətinə giriftar olmuş millətləri azad etdi: Əsrlərlə zəncirbənd qalmı zavallı millətlər, uyuşmuş bədəninə bir hərəkət verib qol-qanad açmaq istəyirdiki mütləqiyyət istibdadı əvəzinə Rusiyada bolşevik istibdadı caygir olub bədbəxt millətləri təkrar əsarət zəncirinə vurmaq əmələ gətirmişdir.
Bolşevizm amalına qarşı müqavimət göstərmək istəyənlərə "Qrajdan” müharibəsi açan və istiqlal üzrə yaşamaq istəyən və böylə yaşamağa haqqı olanlarla dəxi milli cəngə girişən rus bolşevizmi, "azad millətlər” şüarını həqarətlə tapdalayıb bu millətlər füqərayi kasibəsinin və demokratiyasının canı və malını dəmir və atəşə tutmaqdan çəkinmədilər.
O idi ki, rus bolşevizmi araya bir "qrajdanski”və birdə illi olmaq üzərə iki rəngli müharibə salıb çaylarca qanlar axıtdı, milyonlarca bəşər övladını tələf etdi, yüz minlərcə evlər viranə qoydu və bu qanlı vaqiədən hasil olan təəssürat, təbii, böylə bir əqidə törənməsinə səbəb oldu ki, rus inqilabı yalnız bir rusa müxtəs olub çarizm istibdadını qaldırmaqla deyil, ümum millətləri, bəlkə rus xalqını bu istibdad təhtindən qurtarıb digər millətləri təkrar əsarət altında baqi saxladı. Yalnız bir fərq bu olduki bu əsirlərin keşikçiləri əvvəl rus çarizmi idi, bu dəfə isə rus bolşevizmi oldu.hər halda əsirlik aradan götürülmədi: Qurd əlindən qurtarılmış quzu, qurtaranın yemi olmaq məcburiyyətində qaldı...
Bir əsr bundan əvvəl müstəqil yaşamaqda olan azəri türkləri, rus istibdadının yıxıldığını görüb təkrar müstəqil yaşamaq ümidi fərəhbəxşilə şad olub istiqlala hazırlaşmaq üçün tədarükatda bulunmağa başladılar. Lakin yeni hakimlərimiz bu fikrimizi duyub həmandəm əks tədarükat görməyə iqdam edib: "Biz sizə istiqlal əvəzinə xarabazarları verərik, torpağınızda daşı daşüstdə qoymarıq” diyə barmaq işarəsilə hədələdilər.
İstiqlalımıza qarşı ittixaz olan sui-qəsdlərdəndə özlərini "inqilabçılıq” nöqteyi nəzərindən haqlı göstərmək niyyətilə, "qonturəviyosanir” qoyub hucuma hazırlandılar: hazırlanıbda başımıza mart fəlakətini gətirib, hədələrinə müvafiq olaraq, paytaxtımızı xarabazara döndərdilər.
Çarizm zənciri əsarətindən yenicə qurtulmuş olan azəri türkləri bir əsr müddətində əsarətin ağırlıqlarından o qədər zəif düşmüşdü ki, istiqlalını müdafiə etməyə və istiqlal düşmənlərinə qalib gəlməyə qüdrəti yox idi: bu zəiflik deyil, yalnız maddi və cismani qüvvətimizi, bəlkə bütün mənəvi və ruhani qüvvələrimizədə şamil olub bədənimizin bütün quvayi ruhaniyyə və cismaniyyəsini atil qoymuşdu: və bu ətalət o dərəcədə idi ki özümüzü müdafiə vəziyyətinə salmağa dəxi qüdrətimiz olmayıb düşmənin hücum və təərüzləri qarşısında uryan bir bədənlə əli-qolu bağlı yıxılıb, "ölüm-dirim” məsələmizin o tövr və ya bu tövr həlli düşmənin rəhminə və ya rəhmsizliyinə bağlı idi.
Bundan pis bir hal olmazki sənə qarşı təcavüz edilə və sənində bu təcavüzi dəf etməyə heç bir vəsilən olmaya.
Bakı müsəlmanları mart günlərində bu halda idilər.
Və əgər türklər, Osmanlı türk qəhrəmanları vaxtlı vaxtında gəlməsəydilər, azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapıncaya deyil, bir Bakıda, Şamaxıda, bəlkə ümum Azərbaycanda daş daş üstdə qalmazdı.
Keçən keçdi və olan oldu: mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işqal edib azəri türklərinin istiqlal yolunda can verib qan tökdükləri gələcək nəslə oxutduracaqdır. Bu günki vəzifəmiz iə, o qara günləri yaddan çıxartmamaq və buna görədə həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr birdə təkrar edərsə müdafiəsinə qadir olalım, bunun üçün həm hökumətimizin həmdə millətimizin çalışması lazımdır. Bu gün istiqlal ilə yaşayıbda bu neməti üzmadan istifadə ediriksədə, özümüzü xaricən əmin və amanlıqda bilmək və istiqlalımızın ibqasını təmin etmək üçün müdafiəyə hər an hazır və amadə olmalıyıq. Biz indi öz müqəddəratımızı özümüz öz əlimizə aldıq, borcumuz bu müqəddərati gələcəkdə zühuru möhtəməl olan hər növ təcavüzatdan qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır.
Hacıbəyli Əziz
"Azərbaycan qəzeti”
1919-cu il № 147
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb