İki gün sonra 31 mart günü. Matəm insanların həyatında ən müəssir (təsiredici) və əlim bir halətdir. Matəm ilə vicdanımızı tənbih edər, matəm ilə mənəviyyatımızı tərbiyə eylər.
Cümhuriyyət mətbuatında 31 mart soyqırımı - Akif Aşırlı yazır
Bir əsr əvvəl Azərbaycan xalqı yarası illərlə sağalmayan soyqırım acısı yaşadı. Bakıda və ətraf kəndlərdə, Şamaxıda, Qubada, Şirvan bölgəsində bolşevik cildinə bürünən erməni silahlıları sosial mənşəyinə, siyasi mövqeyinə və yaşına baxmayaraq Azərbaycan türk-müsəlman əhalisini qətl etməklə, xəyallarında yaşatdıqları "Böyük Ermənistan”ı qurmaq istədilər. Xalqın başına açılan bu müsibət, soyqırım siyasəti 23 ay yaşayan Azərbaycan milli qüvvələrinin hakimiyyəti dövründə daim xatırlandı, növbəti fəlakətlərin baş verməməsi üçün ciddi tədbirlər görüldü.
Anadilli mətbuat orqanları 1919-cu ilin 31 mart - 2 aprel tarixlərində xalqın başına açılan bu fəlakəti öz səhifələrində xatırladı. "Azərbaycan” və "İstiqlal” qəzetləri matəm nüsxələri çap etdi. O günləri xatırlayaraq "Şərq”in oxucularına həmin yazıların bir qismini təqdim edirik.
Matəmli gün
İki gün sonra 31 mart günü. Matəm insanların həyatında ən müəssir (təsiredici) və əlim bir halətdir. Matəm ilə vicdanımızı tənbih edər, matəm ilə mənəviyyatımızı tərbiyə eylər.Matəm ilə məmati hiss həyati idrak, xətai-təsfiyə səvab və günahı təyinə müqtədir oluruz. Matəm dini olur: Vicdaniyyatımızı əla edər. Matəm milli olur: Özümüzü bildirər. Əfkar və idrakımıza hakim olmağı ögrətir. İştə bu milli matəmlərdən birisi 31 martdır! Matəmli gün!
O gün türk və islam aləmində böyük bir hadisə olmuş idi. Bu günkü paytaxımız Bakı bolşeviklərin əlinə keçmiş, camilərimiz, məscidlərimiz topa-təcavüzə məruz qalmış, yüzlər, binlərcə islam qadın və erkəklər öldürülmüş, həyati-milliyyəyə bir zərbə endirilmiş, hər hərakatı - milliyyə durdulmuş, "İsmailiyyə” yandırılmış idi. Fəlakət böyük idi. Fəqət, fəlakəti hiss etmək həm də bütün səmimiyyət və ciddiyyətimizlə dərk eyləmək böyüklük idi. Bu böyüklüyün mükafatını paytaxımıza yenidən sahib olmaqla qaxanacağıq. Maddi bir itki, mənəvi bir cəvaliyyət və fədakarlıqla təlafi edəcək idik. Bunlar onlar hamısı oldu - Alman şairi Heydrix Haylenin "iştə o zaman yabançı... boyundurluğundan qurtulmaq üçün bizdə qarət şiddətli bir arzu peyda oldu. Neçə zamandan bəri təhlil etdiyimiz bu əsarətə qarşı qəlblərimiz ən mərdanə bir hiddətlə tutuşmaya başladı. Gözəl nəğmələr, qiymətsiz şeirlər belə bizi qəlyanə (yəni coşdurdu) gətirdi. İştə o zaman hürriyyəti cəngi-cida ilə qazandıq” - deməsi eynən Azərbaycanda olmuş. Azərbaycanı da əsarət əzmiş, hürriyyət və istiqlaliyyət yüksəlmiş idi. Azərbaycan tarix əsarətinin ən əlim (bəlli olan) bir timsalı isə 31 mart faciəsi, matəmli günüdür. 31 mart yad edilməli və bilinməlidir ki, qapqara düşmənlərimiz bu qara günə hüququmuza təcavüz etmiş. Neçə binlərcə millətdaşkarımızın qanına-canına, malına qəsd etmiş. İffət və ismətli bacılarımızın namuslarına əl dəgmiş, balaca vətən övladlarını parçalamış, sahibi-izzət və şərəf əmələ və proletariatlarımızı məhv eyləmişlər. Və mövcudiyyəti-milliyyə və müqəddəratımıza qanlı bir cizgi çəkmək istəmişlərdir. Matəmli günü yad edəlim. Matəm tutalım. Həqarət oldu. Çünki o gün ümid və etimadımızı qırdılar. Çünki o gün millət və milliyyətimiz vəhşət və zülmün ən böyüyünü tanıdı, duydu. Matəm bizə vətənpərvərliyi bildirəcək. Vətən yolunda ölmənin, vətən üçün qurban vermənin mənəvi ləzzətlərini hiss etdirəcəkdir.
Matəm, istiqlal və hürriyyətimizin mənəvi dirəgi olacaqdır. Hürriyyət və istiqlaliyyət üçün ölmək bir şərəf, yaşamaq bir vəzifə, matəm isə hamısını came bir elm!
Türkün sənaye-milliyyəsi istiqlal və şərəf üçün, ölüm isə ibadəti milliyyəsi də şəhidlər üçün yas və matəm tutmaqdadır.
31 Mart günü hamımız, tacir, sənətkar, arif, alim, burjua, demokrat vəbiləxəs əmələ və füqarayi kasibə matəm edəlim. Matəmli və mənhuz bir günün birinci sənə dövriyyəsinə irişdigimizi biləlim. Və deyəlim ki,
- Qəhr olsun 31 mart!
- Rədd olsun o mənhus gün!
- Lənət olsun düşmənlərə!
- Nifrət olsun zalimlərə!
Sonra bütün siffət və imanımızla şəhidlərimizə dua edəlim: "Rəhmət olsun sizə, ey şəhidlər! Hörmət və təzim olsun siz ey vətən qəhrəmanları! Səlam və dua olsun Sizə ey millət fədailəri.”
Haydı vətəndaşlar, millətdaşlar, 31 mart matəminə hazırlaşalım.
Matəmli gün yad edəlim, matəm saklayalım.
"İstiqlal” qəzeti № 7.
1919-cu il 29 mart.
18-31 mart
Bu gün 18-31 mart hadiseyi-ələmkiyyəsi sənəyi-dövriyyəsi münasibətilə Azərbaycan türk-islamları milli matəm elan ediyorlar.
Bu gün bütün hökumət və cəmaət idarələri, məktəblər, qəzetlər, bazar, dükan, emalatxana və sayir müəssisələr tətil ediyorlar, şəhərdə həyat dayandırılıyor. Zira:
Bu gün gözəl ideya, böyük şüar altında qara fikir yürütən bir taqım alçaq qara güruhun əlində məqtul düşənlərin illiyidir. Bu matəmdə azərbaycanlılar məscidlərə yığılaraq günahsız ölənləri, irz və namusuna toxunulan məzlumları, canilər əlində tələf olmuş məsum cocuqları yad edəcək, Quran oxuyacaq, məlumlara rəhmət, zalimlərə lənətxan olacaqlardır.
Təzə Pir məscidində - həmən keçən il bu günlərdə düşmən mərmiləri dəydikcə, yaralanan pəhləvan kibi nərə çəkərək guya Zəban halilə "Ey türk milləti! Namusun qəbul etməsin; Allah, götürmə bu zülmü!” deyə fəryad edən bu böyük məscidin həyətində cəm kəsirin iştirakilə ictima tərtib verəcəklərdir.
Fəqət Azərbaycan türkləri bu matəmdə yadlarından çıxarmamalıdırlar ki, keçən il ibtida Bakıda və Şirvanda, daha sonra Qubada və sair yerlərdə bizim başımıza gələn müsiybətlərin təsirlərinin çoxu özümüzdədir. Həm də o mənayəni cəmaətimizin bir qismi məsqə geymiş canilərə inanaraq onlarla sosyalist kibi rəftarda bulunmaqla özlərini aldatmış oldı: nə o mənayə ki, cəmaətimizin bir qismi məhzi firqəbazlıq xatirinə özünü üzə çıxarmaq və şərəfi-müqabili nəzərdən salmaq niyyətilə xalqı yoldan çıxardı. Heç bir fitnə və fəsaddan çəkinmədi.
Doğrudur, həyatımızda bu mövsuf amillər böyük rollar oynadılar, doğrudur on minlərcə günahsız olan vətən övladı bu hərəkətlərin qurbanı oldu!
Lakin bir şeyi xatırda tutmalıdır. Bizim zəifliyimiz və düşmənin güclülüyü, bizim aramızda firqənin təfriqə kibi təəlliyisi, dillərdə əzbər olan ittihadsızlığımız və sayirə həp iki şeydən nəşət etmişdir:
İdrak və etirafi-milliyyə yoxluğu və sadəlövh, saf durunluğumız.
Həyat bir məktəb və tarix bir ayineyi-ibrətdir yaşayışın. Acı həqiqətlərinə açıq gözlə baxalım da.
- İşləmiş olduğumuz xətaları islah edəlim, əks surətdə belə faciələr həyatimizdə təkrar-təkrar oyana bilər.
Keçən il haman bu günkü gün müsəlman türk firqələri, cəmaəti sakit etmək məqsədilə buraxmış olduqları bir intibahnamədə "erməni qonşularımız dəxi bu məsələdə bizimlə bərabərdirlər” yazmışdılar. Halbuki dörd saat sonra başlanmış dəvayi-milli qitalə döndərən yənə həman "bizimlə bərabər olan qonşularımız” oldular. Yalnız o gün deyil həmişə bu surətlə aldanmışız. Bu da hər şeydən ziyadə siyasi xamlığımızdandır. Siyasətdə millətə dövlət və firqə mənafei hər şeydən yuca tutulduğundan şübhəsizdir ki, hər dövlət, hər millət və hər firqə ancaq mənafei üzürə bir və bərabər olanlara inana bilərlər.
Digər tərəfdən yenə haman keçən il mart hadiseyi-ələmiyyəsindən bir az qabaq, faciənin oynayacağını qabaqcadan görmüş olanların "Açıq söz” qəzetəsində yazmış olduqları "Birlik gərək”, "Birlik tələb olunur” və sayir bu kibi bir çox məqalələrinin qalması həp cəmaətimizin milli mənafei dərk etmiş olmasındadır.
Ona görə ki, cənnət ana vətəninin xərabəzarə döndərilməsi səneyi dövriyyəsini matəm saxlayan Azərbaycan türkləri: əski Roma imperiyası Leqiyonlarının ayaqları altında əzilmiş millətini və dağılmış vətənini görən Hannibalın müqəddəs atəşgədə və qoca atası hüzurunda etdiyi kibi, bu gün, düşmən qomparasilə minarəsi dağılmış müqəddəs Təzəpir məscidi qabağında əllərini döşlərinə qoyaraq başlarını aşağı dikərək qism yad etməlidirlər ki, gözəl Azərbaycan və nəcib türk millətini hər cəhətdən sahili-nicat və səadətə çıxaranadək başlarını yuxarı qaldırmayacaq və Azərbaycan istiqlalına, türk azadlığı, millət səadəti yolunda son qətrə qanına və son nəfəsinədək heç bir fədakarlıqdan geri durmayacaqlardır!
ÖLƏNLƏRƏ RƏHMƏT!
QALANLARA İBRƏT!
Xəlil İbrahim,
"Azərbaycan” qəzeti № 147, 31 mart 1919-cu il.
Əmələ konfransının qərarı
31 mart xatirə ələməsi
Dünən martın 28-də parlaman dairəsində 300-ə qədər müsəlman əmələ və kəsibkarlarının iştirakı ilə bir konfrans əqd olundu. Rəsulzadə Məhəmmədəmin cənablarının rəyasəti və Yusif Ziya bəyin kitabəti ilə inqad edən konfrans keçən sənə martın 18-də vaqe olan (Martın 30-na təsadüf edir) faciə-ələməsinin əsfi xatırlamasını yad etmək məsələsini müzakirə elədi.
Üç saata qədər davam edən müzakirə nəticəsində aşağıdakı qətnamə qəbul olundu.
Əmələ rayonlarının hər tərəfdən toplanan vəkillərin şurası martın 28-də əqd elətdikləri keçən yıl martın 18-də vaqe olan mart faciə-ələməsinin Azərbaycan muxtariyyat və istiqlal fikri əleyhinə icra edilmiş xainanə bir zərbə olduğunu və qəsd nəticə etibarilə Azərbaycan demokratiyasının zalımanə bir surətdə qətl və talan şəkli alaraq bu gündə tökülən nahaq qanların və verilən şəhid və qurbanların ruhunu yad eləmək üçün martın 31-də bir günlük tətil elan etmək təht qərara aldı.
Konfrans tətilin icrası üçün öz arasından tətil komitəsi itxab elədi.
İnxab olanlar bunlardır.
1) Cavad Məlik Yeqanov
2) Abasqulu Kazımzadə
3) Ağa Eminov
4) Məhəmməd Əmin Rəsulzadə
5) Qənizadə
6) Piri Mürsəlzadə
Tətil saat 8-dən axşam 6-ya qədər davam edəcək.
"İstiqlal” qəzeti
1919-cu il 29 mart № 8.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb