Firudin Cəlilov: "Cümhuriyyət ili" xoş ovqat yaradan yubiley idi və xalqımız da öz tarixi ilə fəxr etdiyini göstərdi"
Cümhuriyyətin 100 illiyi tarixə düşdü
Firdovsiyyə Əhmədova: "ABŞ, Avropa elitası, ictimaiyyəti AXC ilə bağlı ətraflı məlumat aldı, xalqımızın qədim dövlətçilik tarixinə, xalqımızın necə böyük, əzəmətli tarixi ənənələrə sahib olduğunu gördü"
Firudin Cəlilov: "Cümhuriyyət ili" xoş ovqat yaradan yubiley idi və xalqımız da öz tarixi ilə fəxr etdiyini göstərdi"
Firudin Cəlilov: "Cümhuriyyət ili" xoş ovqat yaradan yubiley idi və xalqımız da öz tarixi ilə fəxr etdiyini göstərdi"
Ötən ilin ən əlamətdar, tarixi önəm daşıyan hadisələrindən biri, əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ili Cümhuriyyət ili elan etməsi ölkə başçısının dövlətçilik tarixinə nə dərəcədə yüksək dəyər verdiyinin və xalqın istəklərini reallaşdırdığının göstəricisi idi. Arxada qoyduğumuz 2018-ci il bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixinin geniş işıqlandırılması, elmi əsərlərin yazılması, xalqımızın qürur duyduğu bu tarixi hadisənin hər bir vətəndaşın həyatında dərin iz buraxması ilə yadda qaldı. «Şərq» qəzeti bu şanlı tarixi bir qədər də fərqli yaşatdı. «Cümhuriyyətçi jurnalistlər» layihəsi çərçivəsində Vətəndə məzarları olan dahilər məzarı başında anıldı, cümhuriyyətin qurulmasında iştirak etmiş görkəmli şəxsiyyətlər barədə silsilə məqalələr yazıldı, haqqında hətta ən kiçik xatirə, yadigar qalmış cümhuriyyətçilərin adları ilə bağlı tarixi yerlər, ev muzeyləri ziyarət olundu. «Şərq» qəzeti redaksiyasında yaradılmış Mətbuat Tarixi Muzeyi eksponatlarının sayı artdı, Qafqaz İslam Ordusuna aid daha bir otağımız ziyarətçilərə açıldı. Qafqaz İslam Ordusunun Bakının azad edilməsindəki tarixi rolunu əks etdirən foto-sənədlər, arxiv materialları təqdim edildi.
Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova «Şərq»ə açıqlamasında «Cümhuriyyət ili» 2018-ə damğa vurduğunu bildirdi:
- Əlbəttə ki, ötən ilin ən əlamətdar, yaddaqalan, tarixi hadisəsi 2018-in «Cümhuriyyət ili» elan edilməsi idi. 2018-ci il Azərbaycan xalqının yaddaşında, dövlətçilik tarixində "Cümhuriyyət ili" kimi tarixə düşdü, yaddaşlarda dərin, silinməyəcək iz qoydu. Cümhuriyyətin 100 illiyi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş işıqlandırıldı, bu da təbliğat baxımından, beynəlxalq aləmə mesaj baxımından önəmli idi.
Cümhuriyyətin 100 illiyinin xüsusilə Azərbaycandan kənarda geniş qeyd edilməsi Azərbaycan xalqının dövlətçilik tarixinin tanıdılmasında, təbliğində böyük rol oynadı. ABŞ, Avropa elitası, ictimaiyyəti AXC ilə bağlı ətraflı məlumat aldı, xalqımızın qədim dövlətçilik tarixinə, xalqımızın necə böyük, əzəmətli tarixi ənənələrə sahib olduğunu gördü. Azərbaycan xalqını böyük bir xalq kimi tanıdılar, sevdilər. Cümhuriyyətin 100 illiyi özümüz üçün də önəmli idi, çünki 70 il sovet imperiyası tərkibində olduğumuz zamanlarda bu şanlı tarix xalqdan gizlədilmişdi, bizə yalan, uydurma bir tarix tədris edilmişdi, dahi şəxsiyyətlərə iftira atılmışdı. Amma artıq tariximizi bilirik. "Cümhuriyyət ili" həm də bu mənada tariximizin bir daha özümüzə tanıdılmasına görə də hədsiz önəmli idi. Cümhuriyyət ilində xalqımız bir çox tarixi hadisələrin ildönümlərinə şahidlik etdi. Bakının azad olunması, Qafqaz İslam Ordusu, Azərbaycan Parlamentinin 100 illiyi qeyd olundu. Bunlar hamısı Şərqdə ilk xalq cümhuriyyətinin taleyindəki mütərəqqi addımlar idi.
F.Əhmədova Cümhuriyyət ilinin bitmədiyini dedi:
- Cümhuriyyət ili 2018-lə bitmir, yekunlaşmır. AXC 23 ay yaşayıb. Cümhuriyyətlə bağlı çox önəmli, taleyüklü qərarlar qəbul edilib. 2019-da Bakı Dövlət Universiteti kimi elm məbədinin də 100 yaşı tamam olur. BDU-nun yaradılması AXC dövründə atılan ən önəmli, təməl addımlardan biridir. BDU-ya Cümhuriyyətin ən uzunömürlü övladı da deyə bilərik. Bundan başqa, 2019-da AXC-nin Qarabağ torpaqları üzərində hakimiyyətinin bərqərar olması kimi daha bir önəmli tarixi hadisə baş verib. Dövlətçiliyin əsaslarının möhkəmlənməsi istiqamətində bir sıra gərəkli işlər həyata keçirilib. Bu mənada biz 2019-da da cümhuriyyətin təbliği, tanıdılması ilə məşğul olmalıyıq. Sevindirici budur ki, Azərbaycan xalqı cümuhiryyət dəyərlərinə sahib çıxıb. "Cümhuriyyət ili" bitmir və 2019-da davam edəcək.
Professor Firudin Cəlilov da hesab edir ki, "Cümhuriyyət ili" 2018-lə yekunlaşmamalıdır:
- 100 illik tarixdə bir dəfə olur. Bundan sonra 150 də olacaq, 200 də. Amma 100 illik birdir. Xalqımız üçün milli qürur mənbəyi olan bu tarixi daha möhtəşəm, daha layiqli qeyd etməyə çalışmalıydıq. Xüsusilə də Təhsil Nazirliyi, Azərbaycan televiziyalarının öhdəsinə böyük iş düşürdü. Ancaq mən onlardan razı qalmadım. Bilirsiz, bir var, ürəkdən, səmimiyyətlə nəsə edəsən, bir də var, xala-xətrin qalmasın. Bəs televiziyalar nə üçündü? Televiziyalar belə tarixi məqamlarda milli məsələləri geniş işıqlandırmalıdır. Cümhuriyyət qurucuları ilə bağlı şəxsən mən hansısa televiziya kanalında geniş bir veriliş görmədim. Cümhuriyyət qurucuları layiqli şəkildə təbliğ edilmədilər. Halbuki Cümhuriyyətin 100 illiyinin yaddaqalan olması üçün televiziyalar öz potensiallarından geniş istifadə edə bilərdi. Necə olur ki, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov gəmiyə Məhəmməd Əmin Rəsulzadənin adını verir, amma bizim ölkədəki iş adamlarının səsi çıxmır?! Bütün olanlara rəğmən "Cümhuriyyət ili" xoş ovqat yaradan yubiley idi və xalqımız da öz tarixi ilə fəxr etdiyini göstərdi.
Məlahət Rzayeva