Daha bu qədər qərəz olmaz
ATƏT-in seçki ilə bağlı obyektiv hesabatını bəyənməyən qüvvələrin niyyəti başqadır
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının aralıq hesabatı yayılıb. Hesabatda bildirilib ki, seçki komissiyalarının tərkibi parlamentdəki siyasi qüvvələrin sayına əsasən təşkil olunub. Missiya görüşdüyü müsahiblərə istinadla vurğulayıb ki, bunun seçki administrasiyasının müstəqilliyini və qərəzsizliyini məhdudlaşdıra biləcəyi ilə bağlı fikir var. Ancaq ümumilikdə hesabatda vurğulanıb ki, seçki komissiyaları yaxşı təmin olunub və peşəkar təəssürat bağışlayıb.
Bəyan edilib ki, ölkədə 5.2 milyona yaxın qeydiyyata alınmış seçici var. Seçici siyahıları onlayn mövcuddur və həmçinin, ictimai baxış üçün sərgilənib. Seçki rəsmiləri göstərilmiş səylər nəticəsində dəqiq seçici siyahılarının hazırlandığını bildiriblər. Lakin digər müsahiblər qeydiyyata alınmış seçicilərin sayı ilə səsvermə yaşında olan vətəndaşların sayı arasında ziddiyyət olduğunu vurğulayıblar. Xatırladaq ki, seçki dövründə Azərbaycanda ATƏT-in uzunmüddətli və qısamüddətli seçki müşahidə missiyaları fəaliyyət göstərəcək.
Uzunmüddətli missiya 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyətdən və regionlarda fəaliyyət göstərəcək 20 müşahidəçidən ibarətdir. Həmin müşahidəçilər martın 15-dən fəaliyyətə başlayıblar. Bundan başqa, prezident seçkilərini 280 qısamüddətli müşahidəçi də izləyəcək. Göründüyü kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında seçki prosesinə hazırlıqla bağlı müsbət işlərlə yanaşı, bir sıra problemlərdən, nöqsanlardan da bəhs edilib. Ölkə mediası da hesabatı olduğu kimi ictimaiyyətə təqdim edib. Buna baxmayaraq, hesabat yayılandan bir müddət sonra müxalif düşərgənin bəzi şəxsləri sosial şəbəkələr üzərindən qurum əleyhinə fikirlər səsləndirib, hesabatın düzgün hazırlanmadığını iddia ediblər. Daha doğrusu, həmin şəxslər seçki ilə bağlı hesabatın "hökumətin xeyrinə” hazırlandığını bəyan ediblər. Məsələn, "Real”ın funkusioneri Azər Qasımlı iddia edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyasının prezident seçkiləri ilə bağlı yaydığı aralıq hesabatı çox zəif və əslində həqiqətləri ört-basdır edən bir hesabatdır. Onun fikrincə, hesabatın əsas problemi ondan ibarətdir ki, seçki öncəsi vəziyyətin əsl mahiyyəti göstərilməyib.
Həmişə anti-Azərbaycan mövqeyi ilə seçilən Xədicə İsmayıl da hesabatı şübhə altına alıb.
Əslində yuxarıda iddia edilən uydurmalardan da aydın olur ki, qərəzli və yanlış fikirlər hesabatı hazırlayanlara deyil, onları əsassız ittihamlarla suçlayan radikal şəxslərə aiddir. ATƏT-in seçki mütəxəssisləri çox gözəl bilirlər ki, seçki prosesi və seçkilərə qiymət yalnız seçki günündən ibarət deyil. Məhz bu səbəbdən qurumun hesabatında doğrularla yanaşı, yanlışlar da öz əksini tapıb. Amma Azərbaycana ünvanlanan istənilən tərifi, obyektiv münasibəti gözü götürməyən qəlbi qara insanlar çirkin fəaliyyətlərini yenə də ortaya qoyurlar. Onlar ölkədə seçki mühitinin normal olduğu və bunun nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyi gerçəyi ilə heç bir vəchlə razılaşmaq istəmirlər.
Burdan bir daha aydın olur ki, əsassız və sübutsuz tənqidə yol verənlərin qayəsi Azərbaycandakı bəzi neqativləri aradan qaldırmaq, ölkədə seçki mühitini bir qədər də formalaşdırmaq deyil, birbaşa dövlətimizi nüfuzdan salmaq, ləkələməkdir. Məhz bu səbəbdən də ATƏT-in seçki ilə bağlı tənqidi fikirləri, iradları qəbul edildiyi halda anti-Azərbaycan şəbəkəni təmsil edənlərin yanaşmaları ictimaiyyət tərəfindən qəbul edilmir. Çünki onların bütün bəyanatları və görüşləri qərəzdən, nifrətdən irəli gəlir. Halbuki, Azərbaycandakı seçki mühitinin normal olması, şəffaf seçkilərə zəmin yaradılması təkcə yerli ekspertlər tərəfindən deyil, ATƏT kimi çoxsaylı qurumlar tərəfindən də etiraf edilir. İndiyədək seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib. Hazırda MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı idə 543 nəfərdir. Bir sıra beynəlxalq müşahidçilərin sənədləri isə MSK-da baxılmaqdadır və onların sayının artacağı istisna edilmir. Seçkiləri 51 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək. Yəni ölkəmizdə seçkini müşahidə etmək üçün müraciət edən bütün şəxslərə və qurumlara müsbət cavab verilib. Bugünədək yaşanan prosesləri izləyən beynəlxalq təşkilatların hamısı da seçki ilə bağlı müsbət fikirlər səsləndiriblər. Azərbaycanda seçki hüquqları bilavasitə Konstitusiya ilə təsbit edilir. Qanunla hər kəsin seçmək və seçilmək hüququ təmin olunur. Təcrübədə də ölkədəki siyasi qüvvələrin namizədlərini irəli sürməsinə, həmçinin seçicilərin səsvermə günü məntəqələrə gedərək öz hüquqlarından istifadə etməsinə heç bir maneə yaradılmır. Seçkilərin keçirilməsində şəffaflığın təmin edilməsi üçün həm qanunverici prosedurlar, həm də praktiki işlər həyata keçirilir. Xarici təşkilatlar Azərbaycandakı yerli tərəfdaşları ilə birgə "exit-poll”lar təşkil edir. Beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsinə heç bir məhdudiyyət qoyulmur. Yaranmış vəziyyət Azərbaycandakı seçki mühitini aydın şəkildə ifadə edir. Bütün bunlar 11 aprel seçkilərinin ədalətli və şəffaf keçiriləcəyini deməyə əsas verir. Ancaq təəssüflər olsun ki, ölkəmizdə yaxşı işləri gözü görməyən, bilə-bilə yalan və uydurma söyləyən qərəzli adamlar var.
İsmayıl