Dövlət Komitəsi gender bərabərliyinin təmin edilməsi üçün yetərli səlahiyyətlərə malik deyil
Məişət zorakılığının aradan qaldırılması ilə bağlı çox mühüm qanun qəbul edilib. Bu qanun olduqca əhəmiyyətli və inqilabi bir qanun idi. Hazırda qanunun işləməsi mexanizmlərinin tətbiqinə ehtiyac var
Milli Məclisin bəzi komitələrinin səlahiyyəti artırılıb. Parlamentdə "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Layihəyə görə, bundan sonra parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.
Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.
Dəyişikliklərlə bağlı fikirlərini "Şərq”lə bölüşən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, komitələrin səlahiyyətinin artırılması dolğun hesabatların təqdim olunmasına zəmin yaradacaq. Hüquqşünasın sözlərinə görə, son illər parlamentin səlahiyyətlərinin dəqiqləşdirilməsi və imkanlarının genişləndirilməsi istiqamətində müəyyən addımlar atılmaqdadır: "Əlbəttə ki, bu, maraqlı tendensiyadır.
Sonuncu konstitusiya dəyişikliklərinin əsas mahiyyəti idarəetmənin daha da təkmilləşməsi və çevikləşməsindən ibarətdir. Bu baxımdan olanları pozitiv bir məqam kimi qeyd edirik. Amma gender bərabərliyinin təmin edilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri genişləndirilməlidir ki, sabah insan hüquqları üzrə komitə qarşısında hesabat verərkən, bu hesabatlar daha dolğun və hərtərəfli olsun.
Lakin bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gender bərabərliyinin təmin edilməsi üçün yetərli səlahiyyətlərə malik deyil.
Məişət zorakılığının aradan qaldırılması ilə bağlı çox mühüm qanun qəbul edilib. Bu qanun olduqca əhəmiyyətli və inqilabi bir qanun idi.
Hazırda qanunun işləməsi mexanizmlərinin tətbiqinə ehtiyac var. Bu mexanizmləri yaratmaq və onu işə salmaq, qanunun həqiqi məqsədinə çatmaq üçün də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmalı və komitə öz işini daha səmərəli qurmalıdır. Fikrimcə, daha dolğun və səmərəli nəticələrə nail olunması üçün komitənin səlahiyyətləri yetərli deyil. Geniş səlahiyyətlər verilərsə, daha dolğun hesabatları ilə rastlaşa bilərik. Bu zaman mövcud problemlərin həlli istiqamətində hansı addımlar atılmasından xəbərdar ola bilərik”.
Ə.Nuriyev bildirib ki, bəzi komitələrə səlahiyyət verməklə mövcud problemlərin həlli istiqamətində balans yaratmaq mümkündür:
"Ümid edirəm ki, gələcəkdə "Gender bərabərliyi haqqında” qanuna əhəmiyyətli dəyişikliklər ediləcək, eyni zamanda məişət zorakılığına qarşı qanunun səmərəli olması üçün əlavə mexanizmlər müəyyənləşdiriləcək. Məlumdur ki, Azərbaycan dövləti 4 ildən bir BMT qarşısında hesabat təqdim edir. Xüsusilə bu gün dünyada gender bərabərliyinin real anlamda təmin edilməsi, qadınların iqtisadi-siyasi fəaliyyətlərinin və səlahiyyətlərinin genişləndirilməsi, onların bütövlükdə idarəetmə sisteminə tam daxil olması diqqətdə olan məsələlərdəndir”.
Yeganə Bayramova