ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən sonra Prezident Donald Trampa qarşı üçüncü impiçment cəhdi faktiki olaraq qaçılmaz xarakter alacaq.
Teleqraf "The Hill" qəzetinə istinadla xəbər verir ki, amerikalı analitiklərin rəyinə görə, Respublikaçılar Partiyası seçkilərin nəticəsində Nümayəndələr Palatasındakı kövrək çoxluğunu itirəcək və aşağı palatada nəzarət tamamilə Demokratların əlinə keçəcək. Bu ssenari baş verərsə, Demokratlar fraksiyasının lideri Xakim Ceffris ABŞ dövlət iyerarxiyasında üçüncü mühüm post sayılan Nümayəndələr Palatasının spikeri vəzifəsini tutacaq.
Nəşr vurğulayır ki, Demokratların aşağı palatada əldə edəcəyi üstünlüyün miqyasından asılı olmayaraq, qaçılması qeyri-mümkün olan yeganə hadisə Donald Trampa qarşı növbəti impiçment prosedurunun başladılması olacaq. Lakin prosesin taleyi Konqresin yuxarı palatası olan və hazırda respublikaçıların nəzarətində qalan Senatdakı qüvvələr nisbətindən asılı olacaq. Əgər respublikaçılar Senatda çoxluğu qoruyub saxlasalar, impiçment sadəcə formal xarakter daşıyacaq və bu uğursuz cəhd Trampın ətrafında partiyanı daha da sıx birləşdirəcək. Ssenarinin tərsi olaraq Senatın da demokratların nəzarətinə keçməsi isə bütün qanunverici orqanın fəaliyyətini donduraraq Tramp üçün uzunmüddətli və ağır məhkəmə prosesinə çevrilə bilər.