ABŞ-İran gərginliyi genişmiqyaslı müharibə müstəvisinə keçə bilər - Türkiyəli kontr-admiral

  • "Hörmüz boğazı, İran neftinin ixracı, Çinin bu nefti almaq imkanları və ABŞ-nin ağırlaşdırdığı sanksiyalar paketi müharibənin taleyini həll edən dörd ana amil olacaq”  

Yaxın Şərq yenidən münaqişə ocağına çevrilib. Avqustun 30-da ABŞ-nin Larak adasında İranın iki raket qurğusunu hədəf alması, bir aylıq nisbi sükutdan sonra tərəfləri yenidən toqquşma fazasına qaytardı. Tehranın cavabı gecikmədi. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin texniki xidmət və təmir infrastrukturlarını, eləcə də qırıcılarının yerləşdiyi Məlik Hüseyn və Əl-Əzrəq aviabazalarını ağır zərbələrə məruz qoyub.

ABŞ Silahlı Qüvvələri sentyabrın 1-də İrana zərbələri dayandırdığını bəyan etsə də, İran ordusu Amerikanın İordaniyadakı aviabazasına raket zərbəsi endirib. Tərəflər real döyüşlərlə paralel olaraq media məkanında da müharibəni şiddətləndiriblər. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əmir Həyat Məqəddəm Vaşinqton və Nyu-Yorku vuracaq silah və texnologiyaların əldə olunmasını strateji zərurət adlandırıb. ABŞ-nin maliyyə naziri Skott Bessent isə bütün ölkələri İran və Rusiyaya dəstək verməkdən çəkinməyə çağırıb.

Mövzu ilə bağlı keçmiş kontr-admiral, İstanbul Topqapı Universitetinin dossenti, dr.Cihat Yaycı Sherg.az-a bildirib ki, qarşılıqlı hücumların yenidən başlaması tərəflərin müharibədən yana olduqlarını göstərmir:

“Tərəflərin əsas məqsədi rəqibə maksimum maliyyə və hərbi yük yaratmaqla yanaşı, müharibənin nəzarətsiz böyüməsinin qarşısını almaqdır. Problem ondadır ki, qarşılıqlı zərbələrin intensivliyi artdıqca, tərəflərin yanlış hesablama aparmaq riski də kəskin çoxalır. Çoxlu sayda ABŞ hərbçisinin həlakına yol açan raket hücumu və ya İranın həyati vacib obyektlərinə endirilən ağır zərbə hazırda nəzarətdə saxlanılan cavab addımları zəncirini idarəolunmaz hala gətirə bilər. Müharibənin əsas ağırlıq mərkəzi məhz Hörmüz boğazıdır. Çünki bura Tehranın əlində tutduğu ən mühüm strateji təzyiq rıçaqlarından biridir. Səudiyyə Ərəbistanına aid iki tankerə endirilən zərbə Hörmüzdə gərginliyin kritik mərhələyə yüksəldiyini sübut edir”.

C. Yaycı ABŞ və İran arasındakı gərginliyi 3 senari üzərindən təhlil edib:

“Yaranmış vəziyyətdə qarşıda duran üç mümkün senarini belə sıralamaq olar: Qarşılıqlı zərbələrin nəzarətdən çıxmaması diplomatik kanalların hələ də işlədiyindən xəbər verir. Prezident Pezeşkianın iyun razılaşmasını qabartması da tərəflərin danışıqların üzünə qapını tam bağlamadığını sübut edir. İkinci senaridə, Hörmüz ətrafında cərəyan edən proseslərin uzunmüddətli yorma müharibəsinə keçə bilər. Açığı, iqtisadiyyat üçün bundan daha təhlükəli və dağıdıcı senari yoxdur. Üçüncü variant isə toqquşmanın genişmiqyaslı müharibə müstəvisinə keçmə ehtimalıdır. Ağır canlı qüvvə itkiləri və kritik enerji obyektlərinə endirilən zərbələr Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyti də münaqişə girdabına sürükləyəcək”.

Analitik müharibənin qlobal iqtisadiyyata vurduğu ziyandan söz açıb:

“Müharibədən öncə dünya neft ticarətinin beşdə bir hissəsi məhz bu boğazdan keçirdi. Buna görə də Hörmüzdə baş verən istənilən hərbi insident təkcə İran və digər Körfəz dövlətlərinə deyil, Çin, Hindistan, Avropa və Uzaq Şərq daxil olmaqla bütün qlobal enerji idxalçılarına zərbə vurur. Buna görə də qarşıdakı dövrdə əsas mübarizə yalnız döyüş meydanı ilə məhdudlaşmayacaq. Hörmüz boğazı, İran neftinin ixracı, Çinin bu nefti almaq imkanları və ABŞ-nin ağırlaşdırdığı sanksiyalar paketi müharibənin taleyini həll edən dörd ana amil olacaq”.