Daha Kremldən ədalət ummağa dəyməz

Rus rəsmilərinin separatçılarla görüşü bu ümidlərin üstündən xətt çəkdi



Rusiya Erməniləri İttifaqının lideri Ara Abramyan 60 illik yubileyini qeyd edib. Doğum günü mərasimi "Safisa” restoranında keçirilib. Abramyanın yubileyinə rus estradasının nümayəndələri də qatılıb. Onların bir hissəsi burada erməni dilində mahnı oxuyublar. Tədbirdə Rusiya və Ermənistan siyasətçiləri də iştirak ediblər. Onlar arasında Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Ermənistan Prezidenti Serj Sarkisyan və Qarabağ separatçılarının lideri Bako Saakyan da olub.

Erməni şərhçi Akop Badalyan "Lragir” nəşrində yazıb ki, Ermənistanın Avrasiya İttifaqına daxil edilməsində, yəni müstəqilliyini itirməsində əsas rolu Ara Abramyan oynayıb: 

"Serj Sarkisyan yüksək çinli Rusiya məmurları ilə son detalları Ara Abramyanın Xorvatiyadakı bağ evində müzakirə edir”. Yəni, Ermənistan müstəqilliyini itirmək yolunda yeni bir dəyişiklik ərəfəsindədir. Yaxın aylarda bunun detalları tam bilinəcək. Ümumiyyətlə, Kremlin Dağlıq Qarabağla bağlı apardığı siyasətin Azərbaycanın maraqlarına zidd olması yeni məsələ deyil. Ötən ilin sonunda Rusiya xarici işlər naziri Sergey Lavrov "Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” söyləməklə Moskvanın ermənilərə rəğbətini bir daha nümayiş etdirdi. Faktiki surətdə Bakıya "hədə” xarakteri daşıyan həmin bəyanat eyni zamanda Ermənistana "qorxma, arxanızdayam” mesajı idi. Yəni Lavrovun açıqlaması rəsmi Moskvanın Azərbaycana münasibətdə ikiüzlü siyasətinin növbəti təzahürü idi. Çünki ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimi tanımırlar. O da məlumdur ki, Moskva Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Bu baxımdan rəsmi Bakı hələlik Rusiyanın konfliktin ədalətli həlli üçün hərəkətə keçəcəyinə ümid edir. Ancaq rus rəsmilərinin separatçılarla görüşü bu ümidlərin üstündən xətt çəkir. Abramyanın yubileyinə LDPR lideri, "Kremlin danışan dilləri”ndən sayılan Vladimir Jirinovski də qatılıb. Prezident Vladimir Putinin özü isə yubilyara təbrik məktubu göndərib. Sosial şəbəkələrdə də yubileylə bağlı çoxsaylı şərhlər peyda olub. Onlardan biri Peskovun və Vladimir Jirinovskinin təbriklərinin mahiyyətini açır: "Peskov Ara Abramyana nəhayət ki, rus dilini öyrənməyi arzu edib. Jirinovski isə deyib ki, növbəti yubileyədək Artsax bütün ölkələr tərəfindən tanınsın və ermənilər Araratı geri qaytarsınlar”.

Əslində ortada təəccüblənməli bir şey yoxdur. Üstəlik, nəzərə alsaq ki, Lavrovun özü əslən ermənidir. 200 ildir ermənilər rusların əlində maşa rolunda çıxış edirlər. Qarşılığında isə Azərbaycan və Türkiyə əleyhinə Rusiyadan müəyyən imtiyazlar qopardırlar. Jirinovski kimi gizli-açıq türk düşməninin, erməni təəssübkeşinin son açıqlaması da təəccüblü görünmür. Onun Türkiyə və Azərbaycan əleyhinə vaxtaşırı verdiyi bəyanatlar, səsləndirdiyi hədyanlar unudulmayıb. Təəccüblüsü odur ki, Azərbaycanı strateji tərəfdaş adlandırmaqdan yorulmayan Moskva növbəti dəfə düşmənə dəstəyini ifadə edir və açıq formada işğalçının yanında olduğunu göstərir. Belə bir dövlətdən indi Dağlıq Qarabağla bağlı ədalətli və qərəzsiz vasitəçilik ummağa dəyərmi? Ermənistan Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun "Putin NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib gətirilməsi də rəsmi Moskvanın işğalçı tərəfə növbəti, mühüm reveransı kimi qiymətləndirilir. Politoloq Qabil Hüseynli deyir ki, Moskva ermənilərin mövqelərini gücləndirir: "Əslində bu, rusların ermənilərə növbəti hədiyyəsidir. Təyinatı rotasiya qaydası ilə əsaslandırsalar da, öncəki iclaslarda Belarus və Qazaxıstan bu işə mane oldu. Üstəlik, baş katib vəzifəsi üçün keçmiş müdafiə naziri Ohanyan nəzərdə tutulurdu. O, Serj Sarkisyanla münasibətləri birdəfəlik kəsdikdən sonra Yuri Xaçaturova yol açıldı. Bir sözlə, Kreml Ermənistan üçün daha yaxşı şərait yaratmağa çalışır”.

Kremlin işğalçı tərəfə, Qarabağ separatçılarına göstərdiyi dəstəklərdən bir daha aydın olur ki, Rusiya nəinki Azərbaycanın yaxın strateji tərəfdaşıdır, ümumiyyətlə, heç normal tərəfdaşı belə deyil. Bu baxımdan rəsmi Moskvanın mövqeyi hər zaman ölkə ictimaiyyəti, hətta rəsmilər tərəfindən ciddi surətdə tənqid olunur. Görünən odur ki, Rusiya belə addımlar atmağa davam etdiyi müddətcə ona ünvanlanan tənqidlər səngiməyəcək”.

İsmayıl