Daha partiyanın mövqeyi maraqlı deyil

Vurğun Əyyubun parlamentə namizədliyi verilib, heç kim əngəl ola bilməz



Müsavat Partiyası Vurğun Əyyubun deputatlığa namizədliyi ilə bağlı qərarı ləğv edib. MNTK sədri Sevinc Hüseynova açıqlamasında bildirib ki, Suraxanı rayon təşkilatının Şura üzvü Fəzli Mehdiyev və digər iki nəfərin şikayətinə əsasən təşkilatın martın 27-də keçirilən iclasın qərarları ləğv edilib.

O deyib ki, rayon təşkilatının sədri Rövşən Dəmirli dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, MNTK-nın iclasına qatılmayıb. Xatırladaq ki, martın 27-də Müsavat Partiyasının Suraxanı rayon təşkilatının Şura iclasında rayon ərazisindəki 30 saylı seçki dairəsindən Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib.

Namizədliyinin ləğv edilməsi haqqında "Şərq”ə danışan Vurğun Əyyub partiya tərəfindən verilən qərarların onu qətiyyən maraqlandırmadığını deyib: "Müsavatın haqqımda hansı qərar alması mənim üçün önəm daşımır. Mənim ciddiyə aldığım, ünsiyyətdə olduğum qurum partiyanın Suraxanı rayon təşkilatıdır. Rayon təşkilatının üzvləri namizədliyim haqqında partiya tərəfindən verilən qərarın Nizamnaməyə zidd olduğunu bəyan ediblər. Yəqin ki, bundan sonra nə lazımdırsa, onu da edəcəklər. Narahatlığa heç bir əsas yoxdur”.

Müsavat Partiyasının Məclis üzvü, partiyanın Suraxanı rayon təşkilatının Şura üzvü Arifə Hüseynli də deyib ki, Nəzarət-Təftiş Komissiyasının namizədlik qərarını ləğv etməsində müəyyən qədər qərəz görünür: "Şuranın qərarı iclasda iştirak etməyən üç nəfərin şikayəti əsasında ləğv olunub. Amma iclasda 12 nəfər iştirak edib. Həmin üç nəfər iştirak etsəydi belə, irəli sürdükləri namizəd təsdiq olunmayacaqdı. Çünki çoxluq Vurğun Əyyubun namizədliyinin irəli sürülməsini dəstəkləyir. Bu, faktdır. Təşkilatın Şura iclası yenidən çağırılacaq və Vurğun bəyin namizədliyinin irəli sürülməsi məsələsi yenidən qaldırılacaq”.

A.Hüseynli bəyan edib ki, Vurğun Əyyubun namizədliyinin irəli sürülməsinə partiya qərarları əngəl ola bilməz: "Bütün hallarda Vurğun Əyyubun namizədliyi 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən irəli sürüləcək. Biz buna çalışacağıq. Partiyanın mənasız qərar çıxarması bu işə əngəl ola bilməyəcək. ADR-də təmsil olunmaq o demək deyil ki, bu şəxslər anti-müsavatçıdırlar. Belə yanaşmalar düzgün deyil”.

İsmayıl