Danimarkada “Namus evi”ndə ölkəni dünyada tanıdan alimlər yaşayır

Elmi diriltməyin ən məqbul yolu elm adamına hörmətdir
Bizdə bu gün bir nəfərin alim adını alması üçün onun rəhbərindən tutmuş elmi şuranın üzvünə kimi təqribən 25 alimin “hərisini” almaq lazımdır


Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva dissertasiyaların müdafiə prosesini xeyli asanlaşdıracaq təkliflər verib. Şöbə müdirinin fikrincə, dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsi vacibdir.
Onun sözlərinə görə, bu prosesdə Ali Attestasiya Komissiyası təsdiqedici və həlledici funksiya daşısa da, digər qurumların da rolu böyükdür.
Elmi problemlər üzrə elmi şuraların böyük səlahiyyətləri olduğunu deyən Fərəh Əliyeva dissertasiya mövzularının məhz həmin şuralarda təsdiq olunduğunu qeyd edib. Bildirib ki, elmi rəhbərlər bu mərhələyə xüsusilə diqqətlə yanaşmalıdırlar.

F.Əliyeva, həmçinin problem şuralarının veb-saytlarının operativ fəaliyyət göstərmələrinin zəruri olduğunu diqqətə çatdırıb. AMEA-da dissertasiya şuralarının işinin səmərəli təşkili, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq işlərin görülməsinin məqsədəuyğun olduğunu deyib.

Təhsil eksperti, tarixçi-alim Kamran Əsədov da "Şərq”ə açıqlamasında

elmi ad və dərəcələrin verilməsində bir sıra islahatlara ehtiyac olduğunu deyib: "Elmin tarixinə nəzər salsaq, görərik ki, dəyərli kəşflər və ixtiraların əksəriyyətinin müəllifinin 30 yaşı olub. Çünki ancaq bu yaşlarda gənclər özlərini tam şəkildə elmə həsr edə bilirlər. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinad etsək bizim gənclərin magistraturadan, doktoranturadan əsgərliyə aparılması müdrik addım deyil. Bəzi ölkələrdə (misal üçün İsraildə) gəncləri əsgərliyə orta məktəbdən sonra, unversitetdən qabaq aparırlar. Ona görə ki, sonrakı təhsil trayektoriyası sınmasın. Hansı ki, həmin dövlətlərdə gəncliyin 80 faizdən çoxu universitetlərdə oxuyur. Bizdə isə bu göstərici 20 faizdən azdır”.

K.Əsədovun fikrincə, alim olmaq vətənə daha yüksək səviyyədə qulluq etmək deməkdir: "Bizim ölkədə isə dissertasiya işlərinin müdafiəsi o qədər qəliz və mürəkkəbdir ki, mövcud çətinliklər gənclərin elmə yönəlməsinə ciddi mane olur.

Azərbaycanda 2009-cu ildə prezident fərmanı ilə Elmin İnkişafı Fondu yaradılıb. Xoş niyyətlə qurulmuş Fond məqsədinə qulluq etməlidir. Fondun fəlsəfəsi düz istiqamətdə yönəldilməlidir. Təəssüf ki, Fond pulu nəticəyə yox, ideyaya verir. Hesab edirəm ki, alimin bazara çıxardığı elmi məhsul mükafatlandırılmalıdır, təcrübədən keçməmiş ideya yox. Fondun məqsədlərinin biri də inkişafın, mədəniyyətin yüksək səviyyəsi kimi Azərbaycan elmini dünyaya təqdim etmək olmalıdır. Elmi nəticə bəşəri olmalıdır. Lokal bir problem həll etməklə Azərbaycan elmini şöhrətləndirmək olmaz. Bu nəticələr bəşər elminə Azərbaycanın töhfəsi olmalıdır. Bu prosesdəki qüsurlara görə isə məsuliyyət daşıyan yoxdur. Deməli, mövcud kollektiv məsuliyyətdən fərdi məsuliyyətə keçmək lazımdır. Bu gün bir nəfərin alim adını alması üçün onun rəhbərindən tutmuş elmi şuranın üzvünə kimi təqribən 25 alimin "hərisini” almaq lazımdır. Şəxsən mən müdafiələrdə elə opponentlərə rast gəlmişəm ki, o, dissertantı rəhbərdən çox tərifləyir və müdafiədə dövlət tərəfindən və ya cəmiyyət tərəfindən çıxış etməsini unudur. Bu yoldan imtina etmək lazımdır. 25 nəfər Şura üzvünü səhv qərara görə cəzalandırmaq real görünmür. Üç-dörd nəfər adlı-sanlı, hörmətli alimin şəxsi məsuliyyəti altında müdafiələr təşkil edilsə və qərar internetdə yerləşdirilsə, obyektivliyi təmin etmək olar. Saxtakarlığa yol vermiş alimi ictimai və ya inzibatı cəzalandırmaq da mümkündür”.

Təhsil ekspertinin fikrincə, alimin cəmiyyətdə yeri ilə də bağlı Akademiyanın aydın konsepsiyası olmalıdır. Bir çox ölkələrdə mənəvi dəyərlərin daşıyıcısı kimi alimin yeri çox yüksək tutulur. Misal üçün, Danimarkada "Namus evi” deyilən evdə zaman-zaman Danimarkanı dünyada tanıdan alim yaşayır.

Qardaş Türkiyədə də son zamanlar bu işə diqqətlə yanaşırlar. Belə ki, Türkiyənin 10 lirəlik banknotunda riyaziyyatçı-alim TÜBİTAK ilk başqanı Cahit Arfin (1910- 1997) şəkli yer alır. Digər türk alimi və elm tarixçisi Aydın Sayılı (1913- 1993) 5 lirəlik türk banknotun arxa üzünə vurulub: "Hesab edirəm ki, elmi diriltmək və gəncləri elmə gətirməyin ən məqbul yolu elm adamına hörmətdir. Müasir müsəlman dünyasında elmin geri qalmasının bir səbəbi də zəruri elmi mühitin yaradıla bilməməsidir. Elmi tədqiqat mərkəzləri formaca yaradılır, ancaq onun zəruri daxili məzmunu yarada bilmirik. Qartallar üçün hava mühiti, akulalar üçün su mühiti nə qədər lazımdırsa, elm üçün də elmi mühit lazımdır. Elmi mühit yaratmaq üçün kompleks şərtlər ödənilməlidir. Diskusiya meydançaları olmalı və müntəzəm seminarlar fəaliyyət göstərməlidir. Alimlərin mobilliyi, beynəlxalq səviyyəli toplantılarda iştirakı təmin edilməlidir. Kitabxana fondu, periodik jurnallar fondu müasir tələblərə cavab verməlidir. Dünyada tanınmış alimlərin mühazirələri, seminarları keçirilib, həmçinin alimlərin məişət problemləri iş yerində yüksək səviyyədə, elmi tədqiqatın gündəlik xərcləri çevik həll edilməsi təmin edilməlidir və s.

Qısası, mən də o fikirdəyəm ki, elmi tədqiqat işlərinin həyata keçirilməsi qaydaları sadələşdirilməlidir. Hazırkı prosedur qaydaları çox qəlizdir. Tələb olunan sənədlərin sayı az qala dissertasiya işinin həcmindən çoxdur. Mövcud problemlərin aradan qaldırılması üçün dünya təcrübəsindən istifadə etmək lazımdır”.

Şəymən