9 ilə tarix yazdılar - “Sabah”ın Çempionlar Liqasına gedən GİZLİ UĞUR FORMULU

2017-ci ildə qurulan “Sabah” FK cəmi 9 il sonra UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanaraq görünməmiş bir uğura imza atdı. İsrail təmsilçisi “Hapoel Beer Şeva” üzərindəki qələbə yalnız klubun deyil, Azərbaycan futbolunun da tarixini yenidən yazdı.

25 avqust 2026-cı il tarixi Azərbaycan futbol salnaməsinə qızıl hərflərlə həkk olundu. Yalnız 9 il öncə yaradılan “Sabah” futbol klubu turnirdəki debüt mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanaraq diqqətçəkən uğura imza atdı.

Pley-off mərhələsində İsrailin “Hapoel Beer Şeva” klubunu sıradan çıxaran Masazır təmsilçisi Avropanın nəhəngləri arasında özünə yer ayırdı. Bu uğur təsadüfi bir qələbə deyil, 9 ildir səbrlə işlənən strateji planlamanın bəhrəsidir.

Nəhənglərin arasına gedən yol: 9 il əvvəl atılan strateji addım

Bəs Avropa nəhəngləri arasına adını yazdıran Masazır təmsilçisinin zirvəyə gedən bu yolu necə başladı?

Hər şey 9 il əvvəl, Azərbaycan futbolunun inkişafına yeni nəfəs gətirmək və yerli potensialı üzə çıxarmaq məqsədilə atılan strateji addımla başladı.

8 sentyabr 2017-ci ildə “Bridge Group of Companies” Müşahidə Şurasının sədri Yaqub Hüseynovun uzaqgörən perspektivi qərarı ilə təməli qoyulan klub Azərbaycan gənc futbolçularını parlatmaq vizyonunu ön plana çəkdi. Klubun prezidenti Maqsud Adıgözəlov bu fəlsəfəni idarəçilikdə praktiki olaraq həyata keçirən əsas şəxslərdən biri oldu.

Klubun uğur formulunda ən kritik amillərdən biri isə idarə heyətində keçmiş SSRİ və Azərbaycan futbolunun əfsanəsi İqor Ponomaryovun yer almasıdır.

Ponomaryovun futbol zəkası və zəngin təcrübəsi “Sabah”ın transfer strategiyasının və institusional strukturunun formalaşmasında müstəsna rol oynadı.

Sahədəki beyin: milyonluq şoudan Çempionlar Liqasına uzanan zəka

Rəhbərliyin qurduğu bu strategiyanı sahədə tətbiq edən isə təcrübəli litvalı mütəxəssis Valdas Dambrauskas oldu.

Dambrauskasın futbolçu keçmişi olmasa da, onun futbola olan sonsuz sevgisi kinolara sığmayan bir hekayəyə çevrilib. “Kim Milyoner Olmaq İstəyir?” televiziya yarışmasında qazandığı mükafatla Böyük Britaniyaya köçərək məşqçilik təhsili alan litvalı taktiki zəka ilk təcrübələrini “Mançester Yunayted” və “Fulhem” kimi ingilis nəhənglərinin aşağı yaş qruplarında qazanıb.

Həmçinin “Jalgiris” və “Hajduk Split” kimi Avropanın sanballı klublarında əldə etdiyi təcrübəni 2025-ci ilin iyunundan etibarən “Sabah”ın uğuruna həsr edib.

Topa sahib olmağı, rəqib müdafiəsində analitik boşluqlar tapmağı sevən Dambrauskasın taktiki arxitekturasında köməkçilərinin rolu da müstəsnadır:

Müdafiənin italyan kilidi - Valerio Zuddas: Dambrauskasın 2024/25 mövsümündə Macarıstanın “Diósgyőr” (DVTK) klubunda da birgə çalışdığı italyan mütəxəssis Valerio Zuddas “Sabah”ın nizamlı müdafiə xəttinin və taktiki nizamının əsas memarlarından biridir.

90 dəqiqəlik presin İspaniya motoru - Diego García Fontán: İspaniyanın “Rayo Vallecano” akademiyasından yetişən gənc mütəxəssis komandanın fiziki pres mexanizminə cavabdehdir. “Hapoel” matçında 90-cı dəqiqəyə qədər səngiməyən amansız presin arxasında onun müasir elmi metodikası dayanır.

Fontán quru qaçışlar əvəzinə sürətə əsaslanan güc məşqləri, F-V (Güc-Sürət) profillərinin analizi və elit bərpa vərdişləri tətbiq edir.

Onun fəlsəfəsinin ən mühüm detalı isə budur: bütün yüksək dözümlülük və sürət hazırlığı sadəcə atletika üçün deyil, tamamilə baş məşqçinin “oyun modelinə” uyğunlaşdırılaraq həyata keçirilir.

Gizli qəhrəmanlar: 2022-ci ilin skautinq inqilabı və qlobal şəbəkə

Meydandakı uğurun pərdəarxasında əsl “gizli qəhrəmanlar” dayanır.

Son illərdə “Sabah”ın oyunçu izləmə - skautinq sahəsində müasir futbolun ən doğru addımlarını atdığını əminliklə demək olar. Klubun “al, parlat və sat” strategiyası Şimali Avropa və Rusiya klublarının modelinə bənzəyir.

Bu sistemin mərkəzində isə Oyunçu İzləmə Departamentinin rəhbəri Nikita Vasyuxin dayanır.

Karyerasının önəmli illərini “Zenit” və “Rubin” (Kazan) kimi nəhənglərdə keçirən Vasyuxinin 2022-ci ildə “Sabah”a gəlişi ilə komandada tam fərqli transfer inqilabı başladı.

Artıq klubun axtarış şəbəkəsi Avropa, Asiya, Afrika və hətta Amerika qitəsini əhatə edir.

Vasyuxinin strategiyası iki əsas sütuna əsaslanır.

Bu qlobal axtarışın ən bariz nümunəsi 2025-ci ilin yayında Fransanın “Lill” klubundan transfer edilən Aaron Maloudadır.

Gənc istedad qısa müddət ərzində böyük sıçrayış edərək çıxdığı 29 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə diqqətləri üzərinə çəkib.

Digər tərəfdən, Vasyuxinin sabiq klubu “Rubin”dən gətirilən Umarəli Rəhmonəliyev isə həm perspektivə, həm də nəticəyə hesablanmış həmlə idi. Təsadüfi deyil ki, “Hapoel”lə tarixi matçda ikinci qolun müəllifi məhz o oldu.

Skautinq komandasının vizyonu yalnız gələcəyi düşünməklə məhdudlaşmır. Komandanı çempionluğa və Çempionlar Liqasına daşıyacaq “hazır” oyunçuların tapılması da bu sistemin bir parçasıdır.

Çempionlar Liqası matçlarında 8 oyuna 5 məhsuldar ötürmə edən Timateuş Puxaç (Tymoteusz Puchacz) və eyni sayda oyunda 6 qol, 1 asistlə parlayan Velko Simiç (Veljko Simić) bu strategiyanın bəhrələridir.

“Hapoel”lə həlledici matçda 1 qol və 1 məhsuldar ötürmə ilə matçın qəhrəmanına çevrilən Patrik Mbina (Patrick Mbina) isə Vasyuxinin qurduğu bu uğurlu transfer mexanizminin ən son akkordlarından biri oldu.

Təsadüf deyil, bir futbol mühəndisliyi

Nəticə etibarilə, “Sabah” FK-nın cəmi 9 il ərzində sıfırdan başlayaraq Çempionlar Liqasının liqa mərhələsinə qədər uzanan hekayəsi futbolda heç bir böyük uğurun təsadüf olmadığını sübut edir.

Rəhbərliyin uzaqgörən vizyonu, Valdas Dambrauskas və komandasının müasir elmi yanaşması, Nikita Vasyuxinin qurduğu qlobal və ağıllı skautinq şəbəkəsi ilə birləşəndə ortaya sadəcə bir komanda yox, işlək bir “futbol maşını” çıxır.

“Hapoel” üzərindəki tarixi qələbə əslində son deyil, bu uzunmüddətli layihənin Avropadakı ilk böyük səsidir.

İndi bütün Avropa bu sualın cavabını gözləyir:

“Sabah”ın Nəhənglər Liqasındakı növbəti qurbanı kim olacaq?

Masazırda qurulan bu futbol mühəndisliyi, deyəsən, hələ çox tarix yazacaq.

Ömər Cəfərzadə