Prezidentin GEOSİYASİ PLANI: Azərbaycanın regional çəkisi sürətlə artır

“Azərbaycan çoxtərəfli diplomatiya kursu yürüdərək 50-dən çox beynəlxalq və regional təşkilatda tamhüquqlu üzv, müşahidəçi və ya tərəfdaş qismində uğurla təmsil olunur. Bu platformalardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). 2016-cı ildə ŞƏT-in dialoq tərəfdaşı statusunu əldə edən Bakı, xüsusilə 44 günlük Zəfərdən sonra regionda yaranan yeni geoiqtisadi reallıqların əsas aparıcı gücünə çevrilib”. 

Bu fikirləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı mövqeyini Sherg.az üçün təhlil edərkən vurğulayıb:

"Azərbaycanın strateji potensialı ölkəmizi ŞƏT-in aparıcı dövləti olan Çinin diqqət mərkəzinə çəkib. Coğrafi mövqeyinə görə Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan həm Çin, həm də Mərkəzi Asiya regionu üçün strateji və iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Artıq Orta Dəhliz alternativ və ehtiyat marşrut statusundan çıxıb, Çin - Mərkəzi Asiya - Xəzər - Türkiyə - Avropa marşrutu üzrə müstəqil geoiqtisadi dəhlizə çevrilib. Bakı 2024-cü ildə ŞƏT-də müşahidəçi statusu almaq üçün addım atsa da, sənədləşmə və təsdiq prosesi hələ yekunlaşmayıb. Lakin təşkilatdakı hüquqi statusundan asılı olmayaraq, Azərbaycanın geoiqtisadi imkanlarından və milli maraqlarına söykənən layihələrindən həm Çin, həm də Avropa bərabər şəkildə faydalana biləcək".

Ekspertin sözlərinə görə, Azərbaycanın ŞƏT-də müşahidəçi statusunda və ya indiki dialoq tərəfdaşı formatında təmsil olunması mahiyyəti dəyişmir:

"Mövcud mərhələdə təşkilat daxilində statusun yüksəlməsi Bakı üçün elə də böyük fərq yaratmaz. Çünki bu prosesin arxasında Prezident İlham Əliyevin yürütdüyü müstəqil, ardıcıl və tamamilə milli maraqlara söykənən xarici siyasət kursu dayanır. Buradakı əsas məqsəd kağız üzərindəki status yox, regional platformalardakı iştirakımızın ölkə maraqlarına xidmət etməsi və hər gedişin gələcək strateji dividendlərə hesablanmasıdır. Məhz bu perspektiv Azərbaycanın loqistik imkanlarını, eləcə də Çin, Mərkəzi Asiya və Avropa arasında hansı nəhəng qovşaq rolunu oynadığını bir daha aydın göstərəcək".