Danışıqlar masasına qayıtmağı Rusiya və Fransa istəyir

Ermənistana təsir göstərilsə, problemi həll etmək olar



Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün Fransa Minsk Qrupunun həmsədrliyində fəal surətdə çalışacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova da bildirib ki, həmsədrlər və beynəlxalq təşkilatlar qoşunların təmas xəttində aprel döyüşündən sonra sülh prosesinin bərpası üçün səy göstərirlər:

"Vyana və Sankt-Peterburqda keçirilən sammitlər münaqişənin nizamlanmasına həsr olunub. Bu münaqişənin həlli və sülhün qorunması istiqamətində iş bütün səviyyələrdə davam edir. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, nizamlanmaya istiqamətlənən davamlı dialoqu bərpa edəcəklər”. Görünən odur ki, geosiyasi vəziyyət, beynəlxalq güclər və hətta erməni müxalifəti Sarkisyan rejimini masa arxasını işarə edir. 

Məsələni şərh edən politoloq Arzu Nağıyev "Şərq”ə açıqlamasında deyib ki, prosesin danışıqlar müstəvisinə qayıtmasını əsasən Rusiya və Fransa istəyir. Ancaq ekspertin fikrincə, həmsədrlərin bəyanatı ikibaşlıdır: 

"Ollandın prezidentlik müddəti bitmək üzrədir. O, özündən sonra gələcək Prezidentə həmsədr dövlətin rəhbəri kimi sülh mesajı vermək istəyir. Həmçinin, Qərbdən verilən çağırışların məqsədi Rusiyanı fəallaşdırmaqdır. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində açar rol oynayan ölkə məhz Rusiyadır. Rusiya Ermənistana təsirini göstərərsə, problemin həllinə nail olmaq mümkün olar. Amma indiki bəyanatlar mənasız çağırışlardan o tərəfə keçmir. Ona görə də belə açıqlamalar Azərbaycanı razı sala bilməz. Eyni zamanda bu cür bəyanatların məhz aprel ayında gündəmə gəlməsi də təsadüfi deyil. Keçən ilin aprel ayında yaşanan gərginliyin yenidən yaşanma ehtimalı həmsədr dövlətlərini ciddi narahat edir. 20 ildən artıqdır quru bəyanatlar eşidirik, ancaq heç bir irəliləyiş yoxdur. Üstəlik, Ermənistanda ruspərəst qüvvələrin yenidən hakimiyyətə gəlməsi münaqişənin həllində pozitiv addımların atılacağını şübhə altında qoyur. Çünki indiki hakimiyyətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən şəxs yoxdur”.

 Ekspert bildirib ki, vasitəçilər danışıqlar prosesinin uzun zaman bərpa olunmayacağı təqdirdə tərəflərin yenidən müharibəyə başlayacağına əmindirlər: 

"Azərbaycan buna qadirdir. Şübhəsiz ki, dövlətimizin mövqeyi, məsələyə yanaşması tamamilə doğrudur. Lazım gələrsə, öz torpaqlarımızda antiterror əməliyyatları keçirməklə düşmən tərəfi danışıqlar masasına otuzdura bilərik”.

İsmayıl