Darıxma, Sarkisyan!!!

Girovlarımıza verilən işgəncələrin qisası alınacaq
Ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəmə prosesi zamanı lentə alınan yeni video-görüntü yayılıb. Görüntüləri əldə edən D.Əsgərovun oğlu Kürdoğlu videonu mediaya verib. Onun sözlərinə görə, videoda ermənilərin gizlətməyə çalışdığı bəzi məsələlər gün üzünə çıxıb. Atasının "məhkəmə” zalına axsayaraq girdiyini deyən Kürdoğlu, Dilqəm Əsgərova işgəncə verildiyini düşünür. Kürdoğlunun fikrincə, bu çəkiliş təxminən 1-2 ay öncə qeydə alınıb: "Videodan aydın olur ki, mənim atam axsayaraq gəzir. Görünür, ona qarşı qəddar davranırlar. Mən onun səhhətinin yaxşı olduğuna inanmıram. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bizə verdiyi məktubda yazılır ki, hər şey qaydasındadır. Ancaq mən bu deyilənlərə şübhə edirəm”. K.Əsgərov BQXK-nə müraciət etdiyini, ancaq cavab almadığını deyib: "İki ay əvvəl Komitəyə məktub göndərmişəm. Müraciətimə baxmayaraq, onlar hələ də istəyimə konkret cavab verməyiblər. Hə, yaxşı, deyirlər, ancaq bir nəticəsi olmur”. Atasının səhhəti ilə bağlı narahat olduğunu söyləyən Kürdoğlu lazım gələrsə, atasının yanına gedə biləcəyini də söyləyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova isə söyləyib ki, Komitə girovların ailə üzvləri ilə yalnız məktub vasitəsi ilə əlaqə yaradır. İ.Hüseynova digər kommunikasiya vasitələrindən istifadə etmək üçün qarşılıqlı razılaşmanın olmasına diqqət çəkib:
"Bizə müraciət olunursa, o zaman qarşı tərəfə məlumatı çatdırırıq. Ancaq digər vasitələrlə ailə üzvlərinin əlaqəsini təşkil etmək yalnız razılaşdırılmış şəkildə olmalıdır”. Komitə rəsmisi girov götürülən şəxslərin səhhəti ilə bağlı heç bir problemin olmadığını bəyan edib: "Nümayəndələrimiz müntəzəm olaraq girovlara baş çəkir. Onların məktublarını ailələrinə çatdırır. Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər. Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur”.
Məsələylə bağlı "Şərq”ə danışan Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Həvva Məmmədova deyib ki, dünyada təklənməyə başlayan işğalçı Ermənistan və onların himayə etdiyi qondarma rejim artıq son çırpınışlarını yaşayır. Ona görə də daha aqressiv davranışlara yol verirlər: "Şübhə yoxdur ki, ermənilərin girovlarımıza etdiyi bütün işgəncələrin qisası düşməndən alınacaq. Artıq sirr deyil ki, dünya ictimaiyyətinin, insan haqlarından danışan beynəlxalq təşkilatların gözü kor, qulağı kardır. Əgər elə olmasaydı, onlar qondarma rejimin sivil insanlara etdiyi zülmlərə etiraz edərdilər. Gördünüzmü, Azərbaycanın hüquq-mühafizə orqanları erməni kəşfiyyatçı ilə necə mədəni rəftar etdilər? Amma bizim girovlarımız dünyanın gözü qarşısında min cür işgəncəyə məruz qalırlar. Bütün bunlar erməni xislətinin təzahürü, Azərbaycan millətinin alicənablığıdır. Ermənistanda insan hüquqlarından danışmaq yersizdir. Amma dünya ictimaiyyəti bunu görmür, onlar ancaq erməni lobbisinin göstərdiyinə baxırlar. Bir erməninin burnu qanayanda Qərb mətbuatı hay-küy qaldırır. Amma azərbaycanlıların soyqırımına reaksiya vermirlər”. H.Məmmədova hesab edir ki, Azərbaycanda yaşayan hər bir vətəndaşımız, eyni zamanda xaricdə məskunlaşmış soydaşlarımız girovlarla bağlı əllərindən gələni etməli, məsələyə biganə yanaşmamalıdır: "Çünki bu artıq çox ciddi və mühüm məsələdir. Mediamız onlara verilən işgəncələrlə bağlı dünya ictimaiyyətini xəbərdar edir. Ancaq biz mütəmadi olaraq bunu etməli, dayanmamalı, fasilə verməməliyik. Girovlarımızın unudulmasına imkan yaratmamalıyıq”.
İsmayıl