Daun sindromlu uşaqlara sahib çıxmalıyıq
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
Cəmiyyətin xüsusi qayğıya və yardıma ehtiyacı olan ən önəmli təbəqələrindən biri daun sindromunun daşıyıcılarıdır. Onlar hər kəslə eyni hüquqa sahib olsa da, fərqli həyat tərzi yaşayırlar. Ən pisi də odur ki, bu insanlar yaşından asılı olmayaraq həmişə uşaq qalır və yaşamları boyunca özlərinin kim olduqlarını dərk etmir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da daun sindromu daşıyıcısı olan yüzlərlə insan var.
Xüsusən də son illər daun barəsində tez-tez eşidirik, elə gündəlik həyatımızda da bu xəstəliyin daşıyıcısı olan uşaqlarla qarşılaşırıq. Bizim üçün çox ağrılı mənzərədir... Övladının səbirsizliklə dünyaya gələcəyini gözləyən və onun üçün min bir arzu edən valideynlərə uşağın daun sindromuna tutulduğunu eşitmək necə təsir edir, bunu da təsəvvür etmək çətin deyil. Hətta bir çox hallarda valideyn uşağın problemində özünü günahkar bilir, haradasa səhv etdiyini düşünür. Əslində isə belə deyil. Daun sindromunun nədən yarandığı məsələsi bu günə qədər cavabsız qalmaqdadır.
Bu problemin mütəxəssisləri daun sindromu üçün "təsadüflər nəticəsində ortaya çıxmaqdadır” deyirlər. İnsanda 46 xromosom var. Xromosomların 23-ü atadan, 23-ü isə anadan övlada keçir. Daun sindromlu şəxslərdə isə 47 xromosom olur. Daun sindromu 21-ci xromosomlarda baş verən anomaliya zamanı meydana gəlir. Bu sindromlu uşaqlarda əsas əlamət onların əqli inkişafdan geri qalmasıdır. Ancaq bunun da yüngül, orta, ağır dərəcələri var. Onların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri olur. Amma bir uşağın inkişafı sadəcə genetik faktorlara bağlı deyil. Ətraf mühit və öyrənmə faktorları da uşağın inkişafında çox vacibdir və təsirlidir. Daun sindromlu uşaqların ehtiyacları digər uşaqların ehtiyaclarından fərqli deyil.
Onlar da ana, ata və qardaşlarıyla birlikdə olmaqdan sevinc duyarlar. Onları əhatə edən hər şeyi kəşf etmək, oynamaq, öyrənmək, gülmək istərlər. Daun sindromlu bir uşağın mümkün olduğu qədər sosial bir mühitdə böyüdülməsi, onun inkişafı üçün son dərəcə faydalıdır. Daun sindromlu uşaqlar üçün ailədaxili yardımla yanaşı olaraq inkişaf və reabilitasiya mərkəzlərinin yardımı da çox önəmlidir. İlk illərdə uşağın inkişafı üçün bir dəstəkləmə proqramı olduqca önəmlidir. Erkən dəstəkləmə sayəsində bu uşaqlar bir çox şeyi daha erkən öyrənə, özünü inkişaf etdirə bilər. Eyni zamanda, tətbiq olunan fizioterapiya bəzi çətinlikləri azalda, hərəkət inkişafını sürətləndirə bilər.
Erkən dəstəkləmə proqramları çox müsbət nəticələr verməkdədir. Ancaq bu cür proqramlar tətbiq edilərkən sevgiylə yanaşmanın önəmi böyükdür. Uşaqların məcburi bir çalışma proqramıyla müqayisədə sevgiyə olan ehtiyacları daha çoxdur və əgər ana-ata təlim-tərbiyə məsələsini lazım olduğundan daha artıq ön plana çıxararsa, uşağının psixoloji tarazlığına mənfi təsir göstərəcəyini unutmamalıdır.
Unudulmaması lazım olan başqa bir məqam da daun sindromlu uşaqların hər nə qədər biri-birlərinə çox bənzəsələr də, hər birinin fərqli qabiliyyətləri və şəxsiyyət özəllikləri daşımalarıdır.
2 yaşında danışmanı dəstəkləmə proqramlarının yerinə yetirilməsi çox vacibdir. Uşağın özünü daha yaxşı ifadə edə bilməsi və mənimsəməni asanlaşdırmaq üçün uşaq mahnıları, qafiyələr, rəsmli kitablar və bəsit oyuncaq materialları çox əhəmiyyətlidir. Ancaq doğru bir seçim etmək əsas şərtlərdən biridir. Məsələn, seçilən bir kitabın içindəki rəsm, ya da fotoşəkilləri uşağın tanıması və ya gündəlik işlərdə işlənən əşyalardan ibarət olması daha yaxşı nəticə verə bilər.
Həm daun sindromlu uşaqlar, həm də onların valideynləri bir çox problemlərlə qarşılaşırlar. Bu isə əsasən cəmiyyətimizdə daun sindromu haqqında lazımi biliklərin olmamasından irəli gəlir. Nəyə görəsə insanlar bu nəsildən olanlara qəribə baxırlar. Bu qəribəlik isə ilk növbədə onların xarici görünüşünün adi insanlardan bir qədər fərqli olmasındandır. Daun sindromlu uşaqlar biri-birlərinə çox oxşayır, stereotipləri eyni olur. Onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyəsində yastılaşır.
Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Gündəlik həyatımızda hər birimiz onlarla günün müxtəlif saatlarında rastlaşırıq. Analarının əlindən sallaşan, sərrast addım ata bilməyən, ağızları açıq, dilləri bayırda olan bu körpələr, yolboyu ora-bura qaçmağa, yolun ortasında oturmağa cəhd göstərirlər. Gah ağlayır, gah da qəribə bir səs tonu ilə gülürlər. Biz də qeyri-iradi olaraq bu mənzərəni ürək ağrısı ilə izləməli oluruq. Axı yaradılış etibarı ilə onlar bizdən heç də fərqli deyillər. Sadəcə yaşamlarımız və həyata baxışlarımız fərqlidir.
Daun sindromu olan insanların psixi inkişafı kəskin dərəcədə zəif olur, onlar təhsil almaqda çətinlik çəkir və əksər hallarda xüsusi məktəblərdə təhsil almalı olurlar. Lakin buna baxmayaraq valideynlərin fəal köməyi və uşağın öz üzərində daim işləməyi hətta Daun sindromu olan insanlara həyatda uğur qazanmağa, adi sağlam insan kimi yaşamağa, dünyəvi populyarlıq qazanmağa kömək edir.
Onlar "yadplanetli” deyil
Daun sindromlu uşaqların uğur əldə etməsi üçün isə başlıca dövlətin bu təbəqədən olan insanlara öz dəstəyini əsirgəməməsi, davamlı olaraq sosial qayğı göstərməsi və reabilitasiya mərkəzlərinin olmasıdır. Cəmiyyət isə onlara "yadplanetli” kimi baxmaq əvəzinə, onları öz ağuşuna almalı, sahib çıxmalıdır. Belə uşaqların cəmiyyətə adaptasiya olunmaları üçün bir çox dövlətlər onların valideynlərinə həm maddi, həm də mənəvi baxımdan mümkün olan bütün şəraiti yaradır ki, təki vətəndaşım sağlam böyüsün. Biz də eyni təcrübədən çıxış etməli və daun sindromlu uşaqlara yanaşmada Avropada olduğu kimi münasibət göstərməliyik. Azərbaycanda daun sindromlu uşaqlara qarşı münasibət istənilən səviyyədə deyil.
Bir çoxlarımız daun sindromu barəsində məlumatsız olsaq da, nə yaxşı ki, bu qəbildən olan şəxslərə dövlət səviyyəsində qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində daun sindromlu xəstələr üçün psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, müxtəlif dərnəklər fəaliyyət göstərir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çoxşaxəli fəaliyyətində digər hüquqlarla yanaşı, əlilliyi olan şəxslərin, o cümlədən daun sindromlu uşaqların hüquqlarının təmin olunmasını və müdafiəsini daim diqqətdə saxlayır, onlarla görüşərək vəziyyətlərini öyrənir, problemlərinin həllində yardımçı olur. O mütəmadi olaraq, reabilitasiya mərkəzlərini ziyarət edib, sosial qayğıya ehtiyacı olan uşaqların problemləri ilə maraqlanır.
Mən onlara "uşaq hərəkət etmir” deyəndə, onlar "uşaq sakit olacaq” deyirdilər
8 yaşlı Məryəmin anası Sona Xəlilova deyib ki, uşağının daun xəstəsi olduğunu qızı dünyaya gələndə bilib. Sona xanımın sözlərinə görə, hamiləliyi boyunca həkim nəzarətində olub. Buna baxmayaraq, həkimlər ona qüsurlu uşaq olduğunu deməyiblər: "Mən onlara "uşaq hərəkət etmir” deyəndə, onlar "uşaq sakit olacaq” deyirdilər. Həkim müayinəsi zamanı da mənim bununla bağlı heç bir məlumatım olmayıb. Daim ultrasəs müayinəsindən keçmişəm. Həmişə hamiləliyin normal getdiyini, uşağın isə qüsursuz olduğunu deyiblər”.
Sona Xəlilova balaca Məryəmin həyatsevər olduğunu deyib: "O rəqs edir, saymağı bilir, yazmağı öyrənir: "Məryəm bəzən adi uşaqlara da bənzəyir. Onlar kimi sərbəst hərəkətlər edir. Özü-özünü idarə edir. Yaşıdları ilə ünsiyyət qura bilir. 3 yaşında reabilitasiya mərkəzlərinə aparmışam”.
İdmana həvəslidir, cizgi filmlərinə baxmağı da çox sevir
Parkda daun sindromlu nəvəsini gəzdirən nənənin sözlərinə görə, nəvəsi Aqilin 1 yaşında bu sindromun daşıyıcısı olduğunu öyrəniblər: "Əvvəllər xəstəliyi daha ağır idi. Mütəmadi reabilitasiya sayəsində Nicat da digər uşaqlar kimi davranır, hər şeyə maraq göstərir. Çoxlu suallar verir. Biz də çalışırıq ki, onun suallarını cavablandıraq. Riyazi hesablamaları öyrədirik, artıq özü də "şotka” ilə hesablamağı öyrənib. Hərfləri də tanıyır. Heca ilə də olsa gələ-gələ avtobusların üstündəki reklamları oxuyur. İdmana həvəslidir, cizgi filmlərinə baxmağı da çox sevir”.
Elə adamlar var ki, onlara toxunmaqdan belə qorxur, amma bu, yanlış düşüncədir
Vüqarın anasının dediyinə görə, daun sindromlu doğulan oğlunu atası bu səbəbdən tərk edib. Tək qalan ana övladına baxmaq üçün işləmək məcburiyyətində qalıb. Vüqara isə anasının işdə olduğu zamanlarda nənəsi baxır. Oğlu ilə vaxt keçirməkdən xoşlandığını deyən ana xəstə övlad dünyaya gətirməkdən heç vaxt utanc duymayıb: "Bəziləri daun sindromlu uşaqlara xəstə, travmalı kimi baxır. Hətta elə adamlar var ki, onlara toxunmaqdan belə qorxur. Amma bu, yanlış düşüncədir. Onların normal uşaqlardan heç bir fərqi yoxdur. Şəxsən mənim üçün oğlumla vaxt keçirmək və onunla oyunlar oynamaq çox xoşdur”. Mənzil başına çatdığım üçün söhbətimiz buradaca sona çatır.
Bu uşaqlarda söz xəzinəsi hər nə qədər yaxşı vəziyyətdə olsa da, bu mövzuda hər hansı bir çatışmazlıq da bu prosesə mənfi təsir edir
Defektoloq-loqoped Esmira Qafarova da qeyd edib ki, daun sindromlu uşaq bir çox inkişaf sahəsində olduğu kimi, dil və nitq inkişafı baxımından da çətinliklər yaşayır: "Daun sindromlu uşaqların güclü və güclü olmayan istiqamətləri var. Bu uşaqların söz xəzinələri, jest-mimika istifadələri və sosial aspektləri güclüdür, dil və nitq bacarıqları güclü olmayan, digər bir ifadəylə inkişaf etdirilməyə açıq istiqamətidir”.
Loqopedin sözlərinə görə, gecikmiş və qüsurlu dil-nitq inkişafı daun sindromunun əsas xüsusiyyətlərindəndir:
"Bu gecikmə və qüsur çox zaman erkən inkişaf mərhələsində görülür. Əksər daun sindromlu uşaqlar 3 yaşlarında hələ dil inkişafının erkən mərhələlərində olur və bəziləri hələ danışmırlar. Daun sindromunda dil və nitq problemlərindən başlıcası artikulyasiya və fonometik problemlərdir. Bu səbəblə daun sindromlu uşaqlarda nitqin anlaşılması çətin olur və bu uşaqları ümumiyyətlə ailəsi xaricində insanlar kifayət qədər anlaya bilmirlər. Bu uşaqlarda fonosiyon nitq inkişafının erkən mərhələləri problemli olur. Ancaq inkişaf irəlilədikcə, daun sindromlu uşaqların çoxu, babıldama dövründən başlayıb danışılan sözlərə qədər uzanan dövr müddətində, normal inkişaf edən yaşıdlarının gerisinə düşür. Normal həmyaşıdları ilə müqayisədə fonematik qısamüddətli yaddaş çətinlikləri də olur. Bu da nitq prosesinə mənfi təsir edir”.
O deyib ki, daun sindromlu uşaqların qrammatik strukturları anlamasında problemləri olur: "İfadəedici dilləri alıcı dillərindən daha ön səviyyədədir. Digər tərəfdən, idrak çatışmazlıqları da mənfi təsir edir. Daun sindromlu uşaqlarda ifadəedici dildəki ən böyük problem semantik və morfoloji qavramının pozulmasındadır. Bu uşaqlarda söz xəzinəsi hər nə qədər yaxşı vəziyyətdə olsa da, bu mövzuda hər hansı bir çatışmazlıq da bu prosesə mənfi təsir edir. Bu uşaqlarda eşitmə itkisi orta qulaq iltihabı qaynaqlı olduğu təsbit edilib. Aparılan araşdırmalar nəticəsində daun sindromlu uşaqların təxminən 75-80 faizinin eşitmənin ötürülməsi itkisi və fonematik çətinliklər yaşadığı müəyyənləşdirilib. Bu eşitmə problemləri dil və nitq inkişafına, şübhəsiz, mənfi təsir edəcək. Qulaq infeksiyalarının dil bacarıqlarına mənfi təsir edə biləcəyi ilə bağlı bəzi görüşlər də var”.
Ailələr, uşaqlarında dil-nitq inkişafında hər hansı bir ola biləcək gecikməyə hazırlıqlı ola bilərlər
E.Qafarova həmçinin qeyd edib ki, daun sindromlu uşaq, ümumiyyətlə, nitq inkişafına təsir edən mühərrik problemlər yaşayır: "Danışmaqla əlaqədar əzələlərin zəif olması, zamanlama və koordinasiya problemləri, nitq və bunun yanında çeynəmə və bəslənmə bacarıqlarına da təsir edir. Eyni zamanda, bəzi diş, damaq, çənə və s. strukturlarda bəzi fərqliliklər də müşahidə edilir. Dilin ağız xaricinə çıxmağa meyilli olması da çox görülən bir vəziyyətdir.
Daun sindromlu uşağa doğum əvvəli, ya da doğumda diaqnoz qoyulur. Bu, digər bəzi inkişaf pozğunluqlarına görə olduqca sərfəlidir. Buna görə ailələr, uşaqlarında dil-nitq inkişafında hər hansı bir ola biləcək gecikməyə hazırlıqlı ola bilərlər. Bu da ailələrə müdaxilə mövzusunda öncədən cəhd edə bilmək üçün böyük bir üstünlük təmin edir. Daun sindromunda, digər dil və nitq pozğunluqlarında da söz mövzusu olduğu kimi erkən müdaxilə böyük əhəmiyyət daşıyır. Bütün bu səbəblərdən otizm və s. digər inkişaf pozğunluqlarına bənzər şəkildə daun sindromlu uşaqların da dil və nitq terapiyasına ehtiyacı var.
Bu müalicələr arktikulyasiya fonematik və s. baxımından dil və nitq inkişafının dəstəklənməsinə, anlaşılmasının artırılmasına, oral-motor problemlərlə baş edilməsinə, uşaqların şifahi ünsiyyətə cəsarətləndirilməsinə və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə əsaslanır. Daun sindromlu uşaqların ünsiyyət üçün hələ danışmağı istifadə edən müddətdə dəstəkləyici və alternativ kommunikasiya üsullarından da dəstək alır”.
Mütəxəssis qeyd edib ki, ailələr daun sindromlu bir uşağa sahib olacaqlarını, ya da olduqlarını öyrəndikləri zaman uşaqlarında nə kimi bir dil inkişafı prosesini reallaşdırmalı, nə kimi yanaşmalar göstərmələri və hansı ev fəaliyyəti proqramlarının tətbiq olunması lazım olduğu mövzusunda yaş dövrlərinə görə daim məsləhət almalı və lazımlı hazırlıqları görməlidir.
Şəymən Bayramova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür