Ermənistanda baş verən prosesləri təhlil edərkən belə bir nəticəyə gəlmək olar ki, dövlətin kriminalla işbirliyi elə bir səviyyədədir ki, İnterpol vasitəsilə ölkədə xüsusi əməliyyat keçirməyin vaxtı çatıb.
Gün.Az xəbər verir ki, bunu Ermənistanın "İrs” partiyasının mətbuat xidmətinin rəhbəri David Sanasaryan özünün facebook səhifəsində dərc etdiyi "Pul üstündə oturanlar: Ermənistan - blokadanın ilk dövrəsi” başlıqlı məqaləsində deyilir.
Məqalə müəlli yazır ki, Ermənistan hökuməti öz cibindən başqa hər yerdə pul axtarır. O deyir ki, bu sistem hamını indiki və əvvəlki məmurları əhatə edir - Robert Koçaryan, Serj Sarqsyan, Ovik Abramyan, Qaqik Tsarukyan, Qagik Beqlaryan, Saşik Sarqsyan, Samvel Aleksanyan, Ruben Ayrapetyan, Mger Sedrakyan, Manvel Qriqoryan və digərlərini. O, bildirir ki, bu insanlar Ermənistanda iri həcmli mülkiyyətlərinin olmasını gizlətmirlər. Onlar deyirlər ki, qanun vəzifə və mülkiyyəti qadağa etmir, qanun vəzifə və biznes idarəetməni qadağan edir.
"Bu yaxınlarda xarici bir təşkilatın tədqiqatlarının nəticələrinə əsasən, son 10-12 il ərzində Ermənistandan qeyri-qanuni yolla 7,5 milyard dollar çıxarılıb”.
Müəllif yazır ki, Ermənistanda hakimiyyət nümayəndələrinin şəxsi hesablarında milyonlar, ola bilər ki, milyardlar toplanıb.
D.Sanasaryanın fikrincə kriminal Ermənistanda baş rollardan birini hazırki prezidentin qardaşı Aleksandr Sarqsyan ifa edir.
Ermənistanda və ondan kənarda bu adamın adı "Saşik 50 faiz”dir. Bu da təsadüfi deyil. Çünki Saşik hər bir halda 50 faiz tarifindən çıxış edir.
"Tutaq ki, Yerevan və ya haradasa onun xoşuna restoran gəldi və o həmin restoranı ələ keçirtmək istəyir. Həmin an restoranın sahibinə onun təklifini göndərirlər - 50 faiz. Onun təklifinə etiraz etmək mümkün deyil”, müəllif yazır.
Yazı müəllifi qeyd edir ki, hazırda Ermənistanda elə bil cəlbedici biznes sahəsi yoxdur ki, Saşik ora burnunu soxmasın. Ona etiraz edənlərin isə taleyi acı olur. Kimsə vəhşicəsinə döyülür, kimsə xaricə qaçmağa məcbur olur. Kimisə Yerevanda "Vanadur” restoranının sahibi kimi elə də çox düşünmədən öldürürlər və bunu digələrinə ibrət kimi göstərirlər ki, sonradan heç kim Saşikə yox deməsin.
Saşik özünün cinayət yolu ilə əldə etdiyi gəlirləri leqallaşdırmağı da unutmur. O, pulları xaricə çıxararaq, orada evlər, restoranlar, otellər, gecə klubları alır. Bəzi məlumatlara görə təkcə ABŞ-a Saşikin apardığı vəsaitin həcmi 200 milyon dollardır. 2005-ci ildə o, Kaliforniyanın Tarzan şəhərində dəyəri 2,8 milyon dollar olan villa alıb.
Saşik qoyunların İran və Birləşmiş Ərəb Əmirliklərinə aparılması üzrə inhisarçı sayılır. Əvvəllər bununla ənənəvi olaraq yezidi-kürdlər məşğul olurdular. Amma Saşikin xoşuna gəlməyib ki, hansısa etnik azlıq belə bir xeyirli sahə ilə məşğul olsun. Yezidi-kürdlər elə bir təzyiqlə qarşılaşıblar ki, bu sahəni Saşikə verməkdən başqa çarələri qalmayıb.
İş o yerə çatıb ki, yollarda qurulmuş kamera və radarların da istifadəsi Saşikin şəxsi mülkiyyətindədir. Cərimələrin yalnız 30% dövlət büdcəsinə köçürülür, qalan 70% isə Saşikin cibinə axır.
Deputat və oliqarx olana qədər Saşik Qarabağda avtobus sürücüsü və qaz cihazları üzrə texnik olub.
Saşik həmçinin kriminal dairələrlə uğurlu əlaqələr qurub. Belə ki, onun narkoman oğlu Narek daim "qanuni oğruların” arasındadır və lazımi məsələləri həll edir. Saşikin kriminalla əlaqəsi həmçinin də amerikan hüquq-mühafizə orqanları nümayəndələrinin diqqətindədir.
ABŞ-da böyük bir erməni cinayətkar sindikatı olan "Erməni qüvvəsi” işini araşdırarkən "Pzo” ləqəbli Armen Kazaryanı həbs edib, mühakimə ediblər.
Saşikin həmin "Pzo” ilə ortaq biznesi var idi və bundan başqa "Pzo” Saşikin Amerikada işlərini həll edən adam idi.
Yəqin ki, hələlik Serj Sarqsyanın prezident olduğunu nəzərə alaraq Saşikə olan dosye ABŞ-da işə salınmayıb. Amma bu çox belə davam edə bilməz. Gec-tez amerikanlar bunu işə salacaqlar.
Prezidentin digər qardaşı Levon Sarqsyan Yerevan Dövlət Universitetində teologiya fakultəsində kafedra müdiridir və bununla yanaşı elit tikintiyə nəzarət edir.
O, Ermənistana xarici investorların cəlb edilməsi məsələsində fırıldaqçı sxemləri ilə məşhurdur. İnvestorlar Ermənistan prezidentinin qardaşının zəmanəti ilə evlərin tikilməsinə vəsait yatırırlar və sonradan pulsuz qalırlar. Hazırda Ermənistanda məhkəmələrdə 5 belə işə baxılır, amma məlumdur ki, bu proseslər nəticəsiz qalacaq.
Hakim elitanın oğurladıqları çirkli pulların yuyulmasında Serj Sarqsyanın Mişik adı ilə tanınan kürəkəni Mikael Minasyan xüsusi rol oynayır.
Üç il bundan əvvəl o, Ermənistanın Vatikanda səfiri təyin edilib. Əsas vəzifəsi isə ailənin pullarının Avropadakı banklarda yerləşdirilməsini təmin etməkdir. Bu işdə ona Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarqsyan kömək edir.
Bundan başqa Mişik KİV industriyasının 80%-nə nəzarət edir. Bunların arasında mediaqrup olan Panarmenian, Armenia TV, Hay TV, ATV, onlayn-nəşr tert.am, news.am, blognews.am, asekose.am və başqaları var.
Yazının sonunda müəllif qeyd edir ki, Ermənistanın bu cür oğruların əlində qalması təkcə erməni xalqı üçün deyil, həmçinin də bütün sivil dünya üçün təhqirdir.
"Kriminal rejimlərin çirkli pulları ilə mübarizənin dünyada prioritet olduğunu nəzərə alaraq, ümid yaranır ki, dünya qaydalarının əsaslarını dağıdan Ermənistan hakim dairələrinin ekspansiyasının qarşısı alınacaq”.