Davudoğlunun başsağlığı hamını çaşdırdı

Baş nazirin açıqlaması birmənalı qarşılanmır



Türkiyənin baş naziri Əhməd Davudoğlu ağlasığmaz açıqlama verib. O, 1915-ci il hadisələrinə görə ermənilərə başsağlığı verib. Baş nazir qeyd olunan tarixdəki köçürülmə əsnasında həyatını itirən Osmanlı ermənilərini hörmətlə andığını, övladlarının və nəvələrinin acılarını paylaşdığını ifadə edib:

"Birinci Dünya Savaşı şərtlərində bu acıları yaşayan, fərqli etnik və dini mənşəyə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən günahsız Osmanlı ermənilərini hörmətlə xatırlayır, nəvələrinə başsağlığılarımızı təqdim edirik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir vəzifədir. Bu anlayışla, bu il 24 aprel günü Erməni Patriarxiyası tərəfindən təşkil ediləcək dini bir mərasimlə Osmanlı erməniləri bütün dünyada olduğu kimi, Türkiyədə də xatırlanacaq”. Şübhəsiz ki, baş nazirin addımı Türkiyə ilə yanaşı, Azərbaycan cəmiyyətində də etirazla qarşılanıb. Çünki rəsmi Ankara son günlər Roma Papası və Avropa parlamentini "erməni soyqırımı” ifadələrini işlətdiyinə görə qınayan bəyanatlarla çıxış edib. Bu səbəbdən də bəzi siyasilər Ə.Davudoğlunu "düşmən dəyirmanına su tökən” adlandırıblar.

Baş nazirin addımını dəyərləndirən "Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanılı "Şərq”ə söyləyib ki, bu, ermənilərin və Avropa Birliyi ölkələrinin dilinə söz verməkdir: "Sonra da başlayacaqlar ki, nədən AB və Roma papası ermənipərəst mövqe sərgiləyir? Türkiyə siyasi iradəsinin geriyə doğru atdığı addımlar digər ölkələri qondarma erməni soyqırımını tanımağa cəsarətləndirir. O, əslində deməli idi ki, Azərbaycan türklərini soyqırıma məruz qoyduğu üçün ermənilər üzr diləsin. Ən azından bunu söyləməliydi”.

Ayyət Əhməd