Dayanın, şəhid son mənzilə yola salınır!

Seyran Səxavət “Şərq”ə ağlaya-ağlaya danışdı
O həqiqətin gözünün içinə düz baxmaq bir millət olaraq bizim üçün çox çətindir. Çünki həmişə həqiqətin yanından sivişib keçmişik, pis yollarla addımlamağa üstünlük vermişik
Qızğın döyüşlərdə qətlə yetirilmiş ukraynalı əsgərin dəfnə aparılmasına dair sosial mediada maraqlı və qürurverici fotolar yayılıb. Şəkildən aydın olur ki, həyatını itirmiş əsgərin məzara aparıldığını görən sürücülər maşınlarını yol kənarında saxlayıb, avtomobillərindən düşüb, dizləri üstə sayğı duruşuna dayanıblar. Bununla da əsgərə, dövlətə, vətənə, torpağa necə həssas və ehtiramla yanaşdıqlarını görk ediblər. Şübhəsiz ki, həmin görüntü sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib. Şəkilə yazılan rəylərdən də məlum olur ki, çoxları belə bir istəyin, sayğının, tendensiyanın Azərbaycanda formalaşmasını arzulayır. Doğrudan da ölkəmizdə hərbiçiyə, əsgərə, şəhidə biganə yanaşma hökm sürür.
Baxın, uzağa getməyək, qardaş Türkiyədə hansısa sıravi vətəndaş küçədə, yolda, bir əsgər görərsə, "aslan kardeşim” deyib, ona ruh yüksəkliyi verir. Əsgəri ən ali təbəqənin nümayəndəsi sayır. Məhz buna görə də qardaş ölkədə hansısa əsgər şəhid olarkən çavuşundan tutmuş generalına qədər dəfndə iştirak edir. Azərbaycanda isə bir çoxları hərbçiləri ən axırıncı kateqoriyadan olan insan hesab edir. Fikir verin, bizdə vətəni, torpağı uğrunda canından keçib, qəhrəmancasına şəhid olan hərbiçilərimiz torpağa tapşırılarkən onun hüzürünə nəinki nazir, deputat, heç hərbi hissə komandiri də gəlmir. Şübhəsiz ki, hərbiçilərimizə dair belə laqeydlik müharibə şəraitində olan bir ölkə üçün müsbət heç nə vəd etmir. Maraqlıdır, görəsən, Azərbaycanda hərbiçilərə, şəhidlərə biganə münasibət nədən qaynaqlanır? Hansı səbəbdən onları dəyərli tutmuruq?
Bunun çox ağrılı məsələ olduğunu söyləyən yazıçı Seyran Səxavət "Şərq”ə deyib ki, həyatımızın bütün sahələrində hər şey əvvəlcə adət şəklində doğulur. Hər xalqın çoxlu adəti olur: "Bizim də çoxsaylı adətlərimiz mövcuddur. Lakin onlar yaşamır. Adət o vaxt yaşayır ki, o artıq ənənəyə çevrilir. Ənənələrin kökündə adətlər dayanır. Vətəndaşlıq hüququ və xalqın dəstəyini qazanan adətlər heç vaxt ölmür. Bu, ürəyə toxunan yaralı mövzudur. Yaralı məsələ barədə yarasız danışmaq çətindir. Bizdə şəhidə rəğbət, onu həmişə zirvədə tutmaq adəti hələ ki yoxdur. Bunun kökündə təhsil dayanır. Milli şüuru cilalayan, məhz təhsildir”.
Yazıçının sözlərinə görə, "zerkalnı” nömrələr üstündə dava açan, onu nəslinin atributuna çevirən millət heç vaxt şəhid düşünməyəcək: "Belə adamlar üçün müqəddəs heç nə yoxdur. Diqqət edin, tutalım, sabah Neftçilər prospektində bir şəhidi dəfnə aparacaqlar, Bakı şəhər QAİ-si sürücülərin nəzərinə çatdıracaq ki, şəhidi son mənzilə yola salan toplumun yanından keçərkən siqnal vermək lazımdır. Bunlar göstərişlə olmalı deyil, xalqın özü-özünü təşkil etməlidir. Bu da yoxdur. Çox ağrılı problemdir. Hər şeyi pozub, yenidən başlatmalıyıq. Bir daha qeyd edirəm ki, hər şeyin əsasında təhsil dayanır. Təhsili "invalid” olan cəmiyyətdən sağlam təfəkkür gözləməyə dəyməz. Mən bunu ağrıya-ağrıya, ağlaya-ağlaya deyirəm. Dediklərim həqiqətdir. O həqiqətin gözünün içinə düz baxmaq bir millət olaraq bizim üçün çox çətindir. Çünki həmişə həqiqətin yanından sivişib keçmişik, pis yollarla addımlamağa üstünlük vermişik. Problem budur. Təhsil, təhsil, yenə də təhsil. Bu olmayacaqsa, çox şeyimizi itirəcəyik”.
Ayyət Əhməd