
Dayələrə etibar etməyin, zəmanə korlanıb
Uşaqları evdə nənəyə, bibiyə, bir sözlə qan qohumuna qoyub getmək lazımdır
Sovet illərində "Rus dili” dərsliyimizdə ən çox sevdiyimiz şeirlərdən biri Aleksandr Puşkinin "Qış gecəsi” idi. Şeirə çəkilmiş illüstrasiyada şairin yaşlı dayəsi pəncərə önündə qəmli-qəmli otururdu. Bəlkə də şeiri sevməyimizə məhz bu şəkil səbəb olurdu. Puşkin haqqında da yazılırdı ki, onu nənəsi və dayəsi böyüdüb. Şairin tərbiyəsində və xalq ədəbiyyatını sevməsində isə dayəsi Arina Radionovnanın xüsusi rolu varmış. Bəli, belə dayələr varmış. Təkcə uşağa nəzarət etməklə, yedirib-içirməklə kifayətlənmirlərmiş. Həm də uşağı tərbiyə edib, dünyagörüşünün formalaşmasında iştirak edirlərmiş.

Moskvada dayənin 5 yaşlı körpə qızın başını kəsməsi xəbəri yayılanda istər-istəməz məktəb illərində əzbərlədiyim Puşkinin həmin şeiri yadıma düşdü. Xüsusi bir nəvazişlə dayəyə ithaf edilən şeir. Demək ki, dayənin böyük rus şairinin həyatında həqiqətən müstəsna yeri olub. Hardan tapaq indi belə dayələri? Öhdəsinə götürdüyü körpəyə qəlbinin istisini verəcək dayələr varmı görəsən?
Sosioloq Lalə Mehralı uşağın dayəyə tapşırılmasının qəti əleyhinə olanlardandı. Sosioloq hesab edir ki, uşağı yalnız nənəyə, bibi, xalaya, bir sözlə, qan qohumlarına etibar etmək lazımdır:
- Qonşu ölkədə baş vermiş hadisə böyük faciədir. Bir insan, qadın xeylağı nə qədər qəddarlaşmalıdır ki, 5 yaşında körpəyə qarşı belə amansız davransın?! Yəni, insanın həyatında necə bir hadisə baş verə bilər ki, o, insanlığını unudub köməksiz bir körpəni qətl etsin?! Məncə, burada çox ciddi araşdırma aparılmalıdır. O qadının narkotik, psixotrop maddələrdən istifadə edib-etmədiyi aydınlaşmalıdır. Qadının həyat yoldaşı ona xəyanət etdiyi üçün bu cinayət əməlinə əl atdığını deməsi, sadəcə, absurddur. Verilən məlumatlarda qadının davranışı barədə yazılanlar da bu əməlin birdən-birə baş vermədiyini göstərir.
Ümumiyyətlə, mən dayə ilə uşaq böyütməyin qəti əleyhinəyəm. Birincisi, hər bir ana uşağı özü böyütməlidir. Əgər müəyyən səbəblərdən bu, mümkün deyilsə, yəni, ana məcburiyyət qarşısında işə çıxmalıdırsa, harasa səfər etməlidirsə, bu zaman uşaq ancaq nənə, bibi, xala, yaxın qohuma etibar edilməlidir. Ana uşağın üstündə əsir, yeməyini vaxtlı-vaxtında verir, altını dəyişir, yatızdırır, dərmanları varsa, onları içirdir, bütün bu işləri dayə ana kimi, ana nəvazişi, ana diqqəti ilə yerinə yetirə bilər? Təsəvvür edin ki, bəzən ana körpəsinə qarşı "üsyan” edir. Uşaq çox ağlayanda, şıltaqlıq, ya tərslik edəndə ana bezir, qışqırırsa, dayə sakit dayanacaq? Hardan bilək ki, dayə uşağı vurmayacaq, uşaq yeməkdən imtina edirsə, onu ac qarına yatızdırmayacaq, körpə islanmış "pampers”lə saatlarla qalmayacaq?! Neçə dəfə izləmişik qonşu ölkələrdə dayənin körpə ilə qəddar davranışını. Bəzən mənzillərdə müşahidə kameralarının olduğunu bilə-bilə körpə baxıcıları, dayələr yenə hisslərinə hakimlik edə bilmirlər. İndi təsəvvür edin ki, nəzarətsiz mənzillərdə uşaqla necə rəftar edirlər. Şəxsən mən uşağımı yad insana etibar etməmişəm, etmərəm də. Bir də görürsən, gənc ana şikayət edir ki, uşaq xəstəlikdən yaxa qurtara bilmir, maaşım dərmanlara gedir... Bunun günahkarı birbaşa anadır. Vaxtında ana uşağı karyerasına qurban verməsəydi, evdə oturub körpəsini lazımi qaydada böyütsəydi, uşaq da xəstə olmazdı. Mən qəbul edirəm ki, bəzən ana işləməyə məcbur olur, bəziləri hətta analıq məzuniyyətini yarımçıq kəsib işə çıxırlar. Sosial vəziyyətləri onları buna məcbur edir. Gərək məsələlərə kompleks yanaşaq. Dövlət analıq məzuniyyətinin müddətini artırmalıdır və bu müddətdə anaya ödənilən məzuniyyət pulunun miqdarı da həm ananın, həm də körpənin ehtiyaclarını ödəyəcək səviyyədə olmalıdır. O zaman biz anaları qınaya bilərik ki, hökumət bu uşağa baxmaq, qulluq etmək üçün sənə yetərincə ödəniş edir, evdə otur, uşağına bax. Amma belə deyil axı. Övladı dünyaya gəlmiş qadın ehtiyac üzündən körpəni yad insanlara tapşırıb işə çıxmalı olur. Amma ehtiyaca baxmayaraq uşağına özü baxan qadınlar da var. Şəxsən mən, işimi atıb körpəmin həyatını üstün tutmuşam. Mənim də ehtiyacım vardı, indi də var. Düzdü, evdə də çalışıram, amma bu, əvvəlki illərdə qazandığım qədər mənə qazanc gətirmir. Amma uşağım 3 yaşına çatanadək özüm ona qulluq edəcəyəm. Heç bir məcburiyyət, ehtiyac olmadan uşağı yad əllərə etibar edib karyera, sərbəst həyat ardınca gedən analarımız da var. Qadın görmüşəm ki, körpə ona bağlanmasın, ana südü tələbatı yaranmasın deyə, südünü, üzr istəyirəm, ayaqyoluna töküb. Elə analar görmüşəm, sinəsini bərk-bərk çəkib bağlayıb ki, süddən kəsilsin, uşağı əmizdirməsin. İşə çıxsın, gəzməyə getsin, azad, sərbəst olsun. Elə ailələr var, körpə doğulandan ona süd anası,
dayə tuturlar. Qayınana da gəlinə deyir, səndən nə ana olacaq, get işinlə məşğul ol, uşağı dayə böyüdəcək. Çox təəssüf ki, bizdə əsrlərlə otruşumuş ailə modeli artıq dağılmaq üzrədir. Ailələr indi iki-üç, nadir hallarda 4 nəfərdən ibarətdir. Ata-ana, bir körpə. Uzaqbaşı iki uşaq. Ailələrdə nənəyə, babaya artıq yer verilmir. Əvvəllər tamam başqa mühit idi. Körpə nənənin, babanın nəzarəti altında olurdu. Nənədən, babadan görüb-götürürdü. Uşaq yaşlarından insanda böyüklərə hörmət, nənə-babanı sevmək hissi yaranırdı. Niyə bizim dayəyə ehtiyacımız yaranmalıdır ki? Bəs nənə, bibi, xala, onların böyük uşaqları yoxdur məgər? Kənd yerində doğulanlar yaxşı bilir ki, ailənin kiçik övladını böyük uşaqlar böyüdür, qohum-əqrəba baxır. Getdikcə o qədər biri-birimizə yadlaşdıq ki, qohumluq bağları da zəiflədi. Uşağı dayəyə etibar edirik, amma nənəsinə vermirik; yox, qayınanam uşağa baxmasın!.. Bu yerə gəlib çatmışıq artıq.
L.Mehralı məcburiyyət qarşısında dayə seçilirsə, bu zaman bir çox amillərə diqqət edilməli olduğunu dedi:
- İndi müxtəlif işə düzəltmə firmaları var, dayə də tapırlar. Əgər hansısa ailə körpəyə dayə tutmaq məcburiyyətindədirsə, həmin firmadan zəmanət sənədi tələb etməlidir. Qoy dayəni tapan həmin firma bu şəxsin etibarlılığına, dürüstlüyünə zəmanət versin. Bu sənədin tələb edilməsi həmin firmanı da hər kəslə iş birliyi qurmaqdan çəkindirər. Dayə təklif edəndə də şəxsin kimliyini, keçmişini araşdırar, sonra ailəyə təqdim edər. Bundan başqa dayədən sağlamlıq haqqında arayış, psixoloq rəyi tələb olunmalıdır. Müasir həyatımızda nə qədər yoluxucu xəstəliklər yayılıb. Ailə dayənin hansısa virusun daşıyıcısı olmadığını bilməlidir, çünki ona körpə həvalə ediləcək. Eyni zamanda gələcək dayədən qan analizi tələb olunmalıdır. Narkotik və psixotrop maddələrin illərlə qanda izi qalır. Dayənin narkotik aludəçisi olub-olmadığı yoxlanmalıdır. Ən uyğun variant isə dayənin yaxın qohumların arasından seçilməsidir. Qohumlarda belə bir adam olmasa, tanıdıqları, bələd olduqları, sınanmış adamları dayə kimi qəbul etsinlər. Körpəni gözü yumulu, kiməsə əmanət etmək qətiyyən olmaz. Ən yaxşısı, ananın öz körpəsini böyütməsidir. Bunun üçün də hökumət gənc analara imkanlar yaratmalıdır.
Məlahət Rzayeva