Ancaq sabiq polislərin vəsaiti hissə-hissə ödəniləcək
Pullarını ala bilməyən sabiq polislər Prezident İlham Əliyevə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının Xaçmaz rayonunda yerləşən 3-cü Bölüyündə 1998-ci ildən 2015-ci ilədək xidmət etmiş Dadaşov Səyavuş İbrahim oğlu və Kərimov Zaur Ərzuman oğlunun ölkə başçısına ünvanladığı şikayət məktubunda işlədikləri müddətdə əmək haqlarının artım fərqinin və məzuniyyət dövründə ödənilməli olan kompensasiya və müalicə ilə əlaqədar DİO əməkdaşlarına ödənilməsi nəzərdə tutulmuş məbləğləri, həmçinin ayda 2-3 dəfə olmaqla Xaçmaz rayonundan Bakı şəhərinə xidmətə göndərildiyimizə görə onlara verilməli olan ezamiyyət pullarını ala bilməyiblər. Daha sonra keçmiş polis əməkdaşlarına bildirilib ki, 2008-ci ildən 2015-ci ilədək olan kompensasiyaları və əmək haqlarının artım fərqlərini ayda 100 AZN olmaqla ödəniləcək. Amma sentyabr ayından indiyədək cəmi iki dəfə 100 manat məbləğində ödəniş edilib.
Məsələ ilə bağlı açıqlama verən DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib ki, Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli Qərarına əsasən vaxtı ilə işlədikləri Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir və mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında əldə olunan vəsaitlər hesabına saxlanılır:
"S.Dadaşov və Z.Kərimovun əməkdaşları olduqları Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayı tərəfindən qorunan bəzi qurumlarda müqavilə qiymətlərini yeni tariflərə uyğunlaşdırmaq üçün hələlik maliyyə imkanlarının olmaması ilə yanaşı, hətta mövcud mühafizə haqlarının ödənilməsi onlar tərəfindən vaxtında təmin edilməyib. Bu səbəbdən də Alayın debitor və kreditor borcları yaranıb. Nəticədə Alayın şəxsi heyətinə, o cümlədən S.Dadaşova və Z.Kərimova əməkhaqlarının artım fərqinin və məzuniyyət illərinə görə kompensasiyanın birdəfəyə ödənilməsi mümkün olmayıb. Lakin həmin vəsait hissə-hissə olsa da, ödəniləcək.
Şəymən