Vüqar Tofiqli: "Bu aztəminatlı ailələrin dəfn xərclərinin ödənməsi problemini də həll edəcək"
Dəfn və qəbiristanlıq salınması qaydaları müəyyənləşdi
Artıq məzarlıqlara bələdiyyələr nəzarət edəcək
Vüqar Tofiqli: "Bu aztəminatlı ailələrin dəfn xərclərinin ödənməsi problemini də həll edəcək"
Vüqar Tofiqli: "Bu aztəminatlı ailələrin dəfn xərclərinin ödənməsi problemini də həll edəcək"
Əkrəm Həsənov: "Yaxşı olardı ki, qəbirlər nömrələnsinlər. Elə insanlar var ki, onlar gəlib öz yaxınlarının qəbrini tapa bilmirlər"
"Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişiklik edilib. Baş nazir Novruz Məmmədovun qərarı ilə bundan sonra qəbiristanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Qərara görə, yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsi üçün 3 ay vaxt verilib.
Qərarla qəbiristanlıqların salınması və idarə olunması qaydaları da təsdiq edilib.
Bu qaydaların tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Fəxri xiyabanlarda, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.
Qərara görə, bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra onunla yaşayış məntəqəsi arasındakı məsafə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.
Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri sürüşməyə və çökməyə meyilli olmamalı, məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalıdır, daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır, qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır, ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır.
Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır.
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqlinin fikrincə, məzarlıqların bələdiyyələrin balansına verilməsi aztəminatlı ailələrin dəfn xərclərinin ödənməsi problemini də həll edəcək:
"Onsuz da bələdiyyələr bu işi üzərinə götürüb. Dəfn xərcləri, qəbir yerinin alınması üçün bələdiyyələrə müraciət edənlər var və bələdiyyələr də onlara kömək edir. Sadəcə, bütün bunların qanunvericilik şəklində olması, daha məqsədəuyğundur. Çünki qəbir yerlərinin satılması çox zaman başqa təşkilatlar tərəfindən həyata keçirilir. Vəsaitlər kimlərinsə şəxsi büdcəsinə gedir. Amma məsələ qanuni forma alsa, bilinər ki, bələdiyyənin büdcəsi nə qədərdir, bu vəsait hara xərcləndi. Proses mərkəzləşdirilmiş qaydada tənzimlənməlidir. Bilinməlidir ki, hansı ərazilər bələdiyyə torpaqlarıdır. Həmin ərazidə qəbiristanlıq varsa, oranın torpağından bələdiyyə hansı formada istifadə edə bilər. Maddi durumu qəbir yeri almağa çatan ailələrin ödədiyi pul da bələdiyyənin hesabına keçməlidir ki, sabah bu vəsait hesabına bir başqa aztəminatlı ailənin ehtiyacı ödənsin. Bələdiyyələrin konkret büdcəsi müəyyənləşməlidir və bu büdcənin böyük olması daha məqsədəuyğundur. Bələdiyyənin büdcəsi olmalıdır ki, bu problemləri həll etsin. Bütövlükdə qəbiristanlıqlar və qəbir yerləri ilə bağlı aparılan işlər müsbətdir, amma prosesin icrasının bələdiyyələrə həvalə edilməsi daha vacib idi. Türkiyədə bu, belədir və insanlar doğmaları, yaxınları rəhmətə getdikdə, qəbir yeri problemilə üzləşmir".
İlahiyyatçı Əkrəm Həsənov isə deyib ki, hələ ki, bələdiyyələrin iş prinsipinin necə olacağı barədə konkret məlumatlı deyilik:
"Biz necə olmağını istəyirik? Onu bilirəm ki, qəbiristanlıq islam dininə görə sadə, standart, hamısı eyni daşdan və hamısı bərabər olmalıdır. Bu günə qədər bizim ölkəmizdə qəbiristanlıqlar qeyri-standart, yəni ölü sahiblərinin imkanlarına görə hər kəs özünə böyük ərazi alırdı, imkana uyğun bahalı başdaşları qoyulurdu və s. Ancaq düşünürəm ki, bu qərardan sonra yəqin ki, bələdiyyələrə verilən standartlar olacaq və onlar bu standartlar əsasında öz işlərini görəcəklər. Bizim qəbir yerləri ilə bağlı problemlərimizdən biri də ziyarətə getdiyimiz zaman ərəbcə bilməyən, savadı olmayan, üzündən Quranı oxuya bilməyən mollaların bizi narahat etməsidir. Yaxşı olardı ki, bələdiyyə orqanları ilə İlahiyyat İnstitutu arasında müəyyən müqavilə bağlanıb qəbir yerlərində savadlı ilahiyyatçı kadrları cəlb edilsin. Hətta bunun üçün qəbiristanlıqda onların oturma yerləri də olsun”.
İlahiyyatçının fikrincə bələdiyyələr dövlətin qəbir yerləri ilə bağlı bütün prinsiplərinə riayət edəcəklər:
"Qeyd olunan prinsiplər tam islam dininə uyğundur. Qəbir daşlarının sadə, hamısının standart olması və s. Bir də yaxşı olardı ki, qəbirlər nömrələnsinlər. Elə insanlar var ki, onlar gəlib öz yaxınlarının qəbrini tapa bilmirlər. Dəfələrlə vətəndaşların qəbirlərin nömrələnməsinə dair təkliflərinə şahid olmuşam. Düşünürəm ki, yaxın gələcəkdə qəbir yerləri ilə bağlı bütün problemlər öz həllini tapacaq”.
Şəymən