
Dəhşətdir: Məktəbli qız müəllimindən hamilə qaldı, böyük qalmaqal yaşandı
Şagirdini zorlamaqda ittiham edilən müəllim saxlanıldı

Azərbaycan məktəblərində baş verən tükürpərdən hadisələrdən biri də yaşandı. Şamaxı rayonunun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi Ayan, müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb. Məlumata görə, 15 yaşlı qızın hamiləliyinin artıq 7-ci ayıdır. Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib. Rayon prokurorunun köməkçisi Coşqun İsgəndərov mətbuata açıqlamasında hadisə ilə bağlı prokurorluqda cinayət işi başlanıldığını qeyd edib: "Hadisə ilə bağlı bizə məlumat daxil olub və prokurorluqda ilkin material kimi araşdırılır. Orada 16 yaşa çatmayan şəxslə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlərlə bağlı maddə olduğundan rayon prokurorluğunda cinayət işi başlanılıb”. C.İsgəndərov onu da əlavə edib ki, hazırda 15 yaşlı məktəblinin hamilə qalması faktı ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq aparılır.
Məsələni təhsil naziri nəzarətə götürüb
Qeyd edək ki, məlum hadisə ilə bağlı Təhsil Nazirliyi hərəkətə keçib. Bu haqda Şamaxı Rayon Təhsil Şöbəsinin adının çəkilməsini istəməyən vəzifəli şəxsi bildirib. O, araşdırma aparıldığını qeyd edib: "Hazırda hüquq-mühafizə orqanlarında işə baxılır. Prokurorluğun müvafiq qərarından sonra nəticələr barədə geniş açıqlama veriləcək”. Qurum rəsmisi təhsil naziri M.Cabbarovun məsələni nəzarətə götürdüyünü vurğulayıb: "Hazırda Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev Bakıda nazir M.Cabbarovun qəbulundadır. Hadisə necə olub, həkim hansı rəyi verib, bilmirəm. Hazırda cənab nazirin göstərişinə uyğun olaraq, həmin məktəbə gedirəm. Məktəb direktoru və müəllimlərin, məktəbin həmkarlar təşkilatının izahatı alınacaq. Araşdırmalardan sonra nazirin göstərişinə uyğun qərar qəbul ediləcək”.
"Oğlum günahkar deyil”
E.İbrahimovun atası Həsənağa İbrahimov isə oğlunun günahkar olmadığı qənaətindədir: "Hadisə ilə bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma gedir. Oğlum həmin gündən məktəbdəki işindən kənarlaşdırılıb. Həmin qız da məktəbi keçən il bitirib, yəni hazırda məktəb şagirdi deyil. 3 ekspertin rəyindən sonra həmin qızın bakirə olduğu meydana çıxıb. Mən hesab edirəm ki, bu, mənim oğluma atılan şərdir. Amma əgər qərar verilərsə ki, günahkar oğlumdur, biz sinəmizi məsuliyyətdən arxaya çəkmərik”. H.İbrahimov oğlunun ailəli, 2 uşaq atası olduğunu bildirib: "Onun evində də dava-dalaş düşüb. Biz həmin ailəylə qonşuyuq. Mən o ailəyə təklif etmişəm ki, hökumət desə "günahkar oğlundur, mən qızı evimə gəlin gətirərəm”. H.İbrahimov "axı sizin oğlunuz zatən ailəlidir, bu qızı hara aparacaqsınız” sualını "başqa çarəm qalmır, məhkəmə qərar verəndən sonra mən kiməm”,- deyə cavablandırıb.
H.İbrahimov həmçinin "ata olaraq oğlunuzla bu barədə danışmısınızmı, belə bir əməl törətdiyini boynuna alırmı” sualına belə cavab verib: "Biz qonşuyuq, mənim oğlum deyir ki, qıza əl də vurmayıb. Prokurorluqda cinayət işi açılandan oğlum da, yoldaşı da işdən çıxarılıb. Hazırda Elnur polis bölməsindədir”.
"Məni çılpaq şəkillərimlə şantaj edib, zorladı”
"Elnur İbrahimovu yeddinci sinifdən tanıyıram, bizə tarix dərsi keçirdi. Bir kənddə yaşamışıq, amma neçə ildir burada olmurdu. İki ildir ki, bu məktəbdə dərs keçirdi. Elə o vaxtdan mənə diqqətlə baxdığını, nəzərinin üstümdə olduğunu hiss edirdim. Amma ciddiyə almırdım. Deyirdim ki, yəqin müəllimdir də, elə-belə baxır. Ona görə fikir vermirdim”. Bu sözləri oxu.az-a açıqlamasında hamilə qalan məktəbli qız deyib. O, məsələni valideynlərindən qorxduğu üçün gizlətdiyini söyləyib: "Sinifdə tək olanda gəlib istədiyini deyirdi. O nə deyirdisə, qarşı çıxırdım. Sonra məni zorladı. Gecə idi, valideynlərim də evdə deyildi. Ayaqyoluna gedəndə qəfil arxadan ağzımdan tutdu. Qışqırmaq istədim, dedi ki, şəkilləri yadına sal. Həmin şəkilləri məktəbdə məni döyə-döyə çəkmişdi. Həmin fotolarda bədənim açıq şəkildə görünürdü. Ona görə də, məcbur qalıb razılıq verdim. Bir müddət sonra ağrılarım var idi, xəstəxanaya getdim. Uşaq altı aylıq olana qədər heç nə hiss etmirdim. Bircə dəfə yaxınlığımız olub. Elə onda da hamilə qalmışam. Uşaq istəmirəm. Mənə uşaq lazımdır? Elə özüm uşağam da. E.İbrahimovun tutulmağını istəyirlər. Mənim də istədiyim odur ki, tutulsun.
"Cəmiyyətimizdə eybəcər hallar çoxalıb”
Bunu qandonduran hadisə adlandıran sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə deyib ki, olaya dair materiallarla tanış olanda adam dəhşətə gəlir: "İndi görün mətbuata çıxmayan nə qədər belə hadisələr var. Bu çox axmaq işdir. Bunlar niyə baş verir? Hansı cəmiyyətdə ki, maddi dəyərlər önə keçir, mənəvi dəyərlər maddi dəyərlərin basqısı altında qalır, o cəmiyyətlərdə eybəcər hallar çoxalır. Bu, qanunauyğunluqdur. Cəmiyyətin qaydasıdır. Normal cəmiyyətlərdə maddi deyil, mənəvi dəyərlər öndə olur. Mənəvi dəyərlər ikinci plana keçəndə çox amansız hallar ortaya çıxır. Bu yalnız müəllim-şagird arasında deyil, ata-qız, qardaş-bacı arasında da belə eybəcər hadisələr baş verə bilir. Hətta son vaxtlar belə olaylarla çox rastlaşırıq. Nə vaxta qədər ki, mənəvi dəyərlər öndə olmayacaq, bundan da amansız halların baş verməsi qaçılmaz olacaq”.
Ölkəmizin mənəvi həyatı ləkələnib
Təhsil eksperti Nabatəli Qulamoğlu qeyd edib ki, belə hallar sovet dövründə də baş verirdi: "Bu, cinayətdir. Məktəbin və ölkənin mənəvi həyatına bir ləkədir. Məktəb hara baxıb ki, o ikisinin əlaqəsini görməyib. Bu, mümkün olan iş deyil. Sərt cəza verilməlidir. Əks halda, belə hallar təkrarlana bilər”.
Son məlumata görə, Şamaxı rayon Pirbəhli kənd orta məktəbində şagirdini zorlamaqda ittiham edilən müəllim Elnur İbrahimov saxlanılıb.
Bu barədə ANS TV-nin rayona ezam olunan əməkdaşı məlumat verib. 25 yaşlı Elnur İbrahimovun ailəlidir və 2 uşaq atasıdır. E.İbrahimovun Pirbəhli kənd orta məktəbində 4 ildir ki, işlədiyi bildirilir.
Ayyət Əhməd