“AKP indiki siyasətini davam etdirərsə, HDP seçkilərdə barajı aşacaq”
Türkiyədə parlament seçkilərində kürdləri Xalqların Demokratik Partiyası (HDP) təmsil edir. HDP-nin seçki təbliğatını isə qurumun həmsədrlərindən olan Səlahəttin Dəmirtaş aparır. Digər partiya rəhbərlərindən kifayət qədər gənc olan Dəmirtaş seçki kampaniyası ilə bağlı çıxış etdiyi meydanlarda özündən əvvəlki kürd liderlərdən daha dinamik fəaliyyət sərgiləyə bilir. Elə bu səbəbdən HDP başqanının seçki təbliğatını şərh edən əksər siyasi ekspertlər kürd partiyasının seçkilərdə müəyyən olunan 10 faizlik seçki baryerini aşacağını proqnozlaşdırırlar. Məlumat üçün bildirək ki, HDP-nin seçim barajını aşması üçün 1 milyon səs lazımdır. 2010-cu ildən HDP-yə başqanlıq edən Dəmirtaşı tez-tez gündəmə gətirən məqamlardan biri də sağçı türk toplumunu hiddətləndirən vədlər verməsidir.
"Robin Qud” olmaq həvəsinə düşən Dəmirtaş..
HDP başqanı parlament seçkilərində qələbə qazanacağı təqdirdə ölkədə fəaliyyət göstərən Dini İşlər İdarəsini ləğv edəcəyini deyib. Onun bu vədi Türkiyə müsəlmanları tərəfindən kəskin etirazla qarşılanıb. Hətta dinçi kürdlər də başqanlarına narazılıqlarını bildiriblər. Dəmirtaşın buraxdığı ən böyük "quş” isə qələbə qazanacağı təqdirdə varlılara qənim kəsiləcəyini deməsidir. Belə ki, özünün əfsanəvi qəhrəman "Robin Qud” olduğunu deyən Dəmirtaş hakimiyyətə gələn kimi pulları varlıdan alıb kasıba verəcəyini söyləyib. Amma onun "yağlı” vədləri kürdlər istisna olmaqla, ölkənin kasıb əhalisini belə razı salmayıb. HDP-nin seçim vədləri arasında aylıq əməkhaqqının minimum 1800 lirə (təxminən 900 manat) olması da var. Həmçinin, Dəmirtaş iş müddətini 7 saata endirəcəyini, evdar qadınların sığortalı olacağını, universitetlərdə imtahanların ləğv olunacağını vəd edib.
Seçki kampaniyasında hədəf hakim partiyadır
Türkiyəli ekspertlərə görə, Dəmirtaşın seçki təbliğatının əsas özəlliyi radikal şəkildə AKP və Ərdoğana qarşı aparılan neqativ kampaniyadır. Dəmirtaş meydanlardakı çıxışında AKP-ni iqtidardan sadəcə HDP-nin devirə biləcəyini iddia edir. Ona görə də mitinqdəki hər nitqinə "Ərdoğan, səni başqan olmağa qoymayacağıq” ifadəsi ilə başlayır. HDP başqanının AKP-yə qarşı istifadə etdiyi vasitələr isə demək olar ki, bütünlüklə Fətullah Gülən şəbəkəsinə məxsusdur.
Marjinal tərzdə hakimiyyəti tənqid etmək siyasəti
HDP kampaniyasının digər xüsusiyyəti isə ənənəvi kürd seçicisinə yad olan siyasət aparmasıdır. Ekspertlərə görə, Dəmirtaşın klassik kürd siyasətinə bəzi redaktələr etməsi partiyanın sıralarına Cahangir türklərinin, "Gəzi Parkı” müxalifətçilərinin və ələvilərin qatılması ilə bağlıdır. Bu özəlliklər seçim bəyannaməsində də öz əksini tapıb. "Diyanət qaldırılsın”, "Orta məktəblərdən din dərsi çıxarılsın” kimi ifadələr də bu səbəblə gündəmə gətirilib.
"Dəmirtaş CHP və MHP liderindən daha inandırıcıdır”
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin sözlərinə görə, Səlahəttin Dəmirtaş gənc, dinamik və rəngarəng siyasətçidir: "Dəmirtaşın aktivliyi, kəskin ifadələr işlətməsi kürd toplumu üçün daha cəlbedici görünür. Gənc və dinamik siyasətçi olan Dəmirtaşın mitinqlərdəki çıxışları kifayət qədər təsirlidir. Ən azından kürdlər tərəfindən onun fikirləri böyük maraqla qarşılanır. Nəzərə almaq lazımdır ki, artıq uzun illərdir MHP və CHP mitinqlərdə seçicilərinə yeni söz söyləmirlər. Ona görə də toplum müəyyən qədər həmin partiyalara olan etimadını itirib. Ancaq Dəmirtaş daha onlardan daha inandırıcı çıxışlar edir. Onu da nəzərə almaq lazımdır ki, Dəmirtaş müəyyən mənada terror təşkilatının siyasi qanadına rəhbərlik edir. Türkiyədə bütün kürd ailələrinə hədə-qorxu tipli ciddi mesajlar göndərərək onların AKP-yə səs verməsinə mane olmağa çalışırlar. Təhdid edilən kürdlər də yaxşı bilirlər ki, terrorçuların əksinə hərəkət etsələr, ailələrində böyük faciələr baş verəcək. Təbii ki, bu, olduqca xoşagəlməz siyasətdir”.
"Seçkilərdə AKP üçün ən böyük təhlükəni məhz Dəmirtaş törədir”
Politoloqun fikrincə, HDP-nin seçki baryerini aşması, hakim partiyanın hegemonluğuna və təksistemli hakimiyyət qurmasına son qoyacaq: "Bu da təbii ki, AKP-nin hətta yuxuda belə görmək istəmədiyi bir şeydir. Əgər getdikcə reytinqini itirən hakim partiya indiki siyasətini davam etdirərsə, HDP seçkilərdə barajı aşacaq. Kürdlərin barajı aşması isə ölkədəki siyasi mənzərəni dəyişdirəcək. Nəticədə AKP koalisiya hökuməti qurmaq məcburiyyətində qalacaq. CHP və AKP-nin münasibətləri çox gərgindir. Eyni zamanda MHP-AKP koalisiyası da mümkün görünmür. Deməli, AKP sadəcə HDP ilə ortaq hökumət formalaşdıra biləcək. Koalisiya hökuməti isə AKP-nin ölkədəki nüfuzunu aşağı salacaq. Hər halda hər şey Dəmirtaşın çıxışlarından və HDP-nin siyasi fəaliyyətindən asılıdır”.
"Dəmirtaşın vədlərindən bolşevizm iyi gəlir”
N.Miri deyir ki, Dəmirtaşın dinlə və varlı-kasıbla bağlı verdiyi vədlər bolşevik siyasətinin təzahürüdür: "Bunlar sadəcə populizm üçün deyilən sözlərdir. Zaman-zaman türk toplumunda bu cür kəskin ifadələrdən istifadə edirlər. Xatırladım ki, əvvəllər belə söz söyləyənlər hüquqi məsuliyyətə cəlb olunurdu. Ancaq AKP hakimiyyətindən sonra bu məsuliyyətlər aradan qaldırıldı. Hətta terrorçu başı Öcalana "sayın” deyə müraciət edənlər də cəzalandırılmalıdır. Bundan istifadə edən HDP başqanı ürəkləndi və populist çıxışlar etməyə başladı. Amma türklər üçün olmasa da, həmin vədlər kürd toplumu üçün cəlbedicidir”.
İsmayıl