“Dəmirtaşın erməni sevgisi əbəs yerə deyil”

“Onlar erməniləri özlərinə ən yaxın müttəfiq sayırlar”




Türkiyənin Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Dəmirtaş ermənilərin mövqeyini dəstəkləyən bəyanatla çıxış edib. PKK terror təşkilatının siyasi qanadı olan HDP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən Dəmirtaş cəbhə xəttində yaranan gərginliyə münasibət bildirib.

O deyib ki, Azərbaycanla Ermənistanın danışıqlar masasına oturması vacibdir: "Türkiyə hökuməti bu yanğını körükləyir. Qarabağ muxtar bölgədi, oradakı insanlar necə istəyirlərsə, elə yaşamalıdır. Onların istəklərinə hörmət edilməlidir. Bu məsələ hərbi yolla yox, sülh yolu ilə həllini tapmalıdır”. Dəmirtaşın açıqlaması ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, son günlər Azərbaycan Ordusu ilə erməni silahlıları arasında yaşanan gərginlikdən sui-istifadə etmək niyyətində olan qüvvələr var: "HDP-nin ermənipərəst mövqeyi əbəs yerə deyil. Həmin qüvvələrin əsas tərəfdaşı ermənilərdir. Onlar erməniləri özlərinə ən yaxın müttəfiq sayırlar və bu zaman toplumların ideoloji fərqliliyi heç bir rol oynamır. Çünki radikal və təcavüzkar toplumlar özləri kimi olanların hamısını eyni cəbhədə görürlər. Amma Dəmirtaşın bu cür açıqlaması ilk dəfə gündəmə gəlmir. Türkiyə hökuməti və cəmiyyəti HDP-nin tutduğu təxribatçı yola məhəl qoymur, onları ciddi qəbul etmir. Dəmirtaşın bütün bəyanatları sırf təxribat xarakteri daşıyır. Türk cəmiyyəti də yaxşı bilir ki, HDP hər zaman ölkədə dağıdıcı funksiyanı, seperatizm işini həyata keçirir. Ona görə bu cür bəyanatların siyasi gələcəyi, təsiri yoxdur. Əgər Dəmirtaş praqmatik siyasətçi olsaydı, heç vaxt Azərbaycanın əleyhinə bəyanat verib bizi özünə

düşmən etməzdi. Əgər bu cür davam edəcəksə, çox güman ki, Dəmirtaş tezliklə siyasi səhnədən silinəcək”.

İsmayıl