"Dəniz boyu tikilən obyektlərin kanalizasiyası Xəzərə tökülür"




"Ekologiya və Təbii Sərvətlər Nazirliyi düşünür ki, çimərliklərlə bağlı əhaliyə xəbərdarlıq etməklə öz borcunu yerinə yetirmiş olur”.

Bunu Sherg.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin "Bəzi çimərliklərdə çirklənmə var" açıqlamasına münasibət bildirərkən Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

O bildirib ki, nazirliyin monitorinqləri kifayət etmir:

"İlk olaraq bu çirklənmənin səbəbi araşdırılmalıdır. Səbəb isə göz qabağındadır. Sahil boyu tikilən otellərin, mehmanxanaların kanalizasiyasının hara axıdıldığına, təmizləmə qurğularının olub, olmadığına baxmalıdırlar. Yoxsa, sudan nümunə götürüb, təmizliyə cavab verməməsi barədə bəyanat verirlər, bununla da canlarını qurtarmış hesab edirlər. Bunlar dövlətin birbaşa nəzarət funksiyasını yerinə yetirən qurumlardır. Həmin yerləri aşkara çıxarmalı, qadağalar qoyaraq, sanksiyalar tətbiq etməlidirlər. Dəniz boyu tikilən obyektlərin mütləq əksəriyyətinin kanalizasiyası Xəzər dənizinə tökülür. Onların heç biri isə təmizləmə qurğusu yoxdur. Nəticədə suyun çirkliliyini müşahidə edirik. Ona görə, aidiyyatı qurumlar ciddi yanaşarlarsa, Xəzərin çirklənməsinin qarşısı alınar”.

Qeyd edək ki, nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur.

Ayyət Əhməd