Suallar çoxdu, ekspertlər isə deyir ki, üzgüçülüyün səviyyəsini qaldırmaq lazımdır
Dəniz havası...
Çimərlik mövsümü başladı...
Suallar çoxdu, ekspertlər isə deyir ki, üzgüçülüyün səviyyəsini qaldırmaq lazımdır
Suallar çoxdu, ekspertlər isə deyir ki, üzgüçülüyün səviyyəsini qaldırmaq lazımdır
Artıq çimərlik mövsümü başlayıb. Havalar qızdıqca sərinlənmək həvəsi insanları daha çox çimərliklərə üz tutmağa vadar edəcək. Yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər kəsin dənizlə təmasda olmaq, qumsallarda ayaqyalın gəzmək, havanın isti hərarətini özündən uzaq tutub suya baş vuraraq sərinləmək arzusu qaçılmazdır. Çoxları səbirsizliklə bu mövsümü gözləyir. Bürkü əlindən Xəzərin sahillərinə tələsən sakinlər "Nə yaxşı ki, Xəzər də var...” deyib çimərliyə üz tutacaqlar. Lakin çimərlik mövsümlərində istirahətlər hər zaman müsbət sonluqla nəticələnmir.
Çimərliyə üz tutan insanların tələb olunan qaydalara riayət etməsi gərəkdir. Yəni qadağan olunmayan yerdə suya baş vurub təhlükəsizlik xəttindən uzağa keçməmək lazımdır. Amma gəl gör ki, insanlarımız əksər vaxtlarda bu qadağalara riayət etmirlər. Bu zaman da bədbəxt hadisələr qaçılmaz olur. Çimərlikdə xoşagəlməz hallardan biri də natəmizlikdir. İstirahət üçün çimərliyə gedən insanlar az qala oranı zibilliyə çevirib, geri qayıdırlar. Gigiyenik tələblərə cavab verməyən çimərliklər isə son nəticədə kimlərinsə sağlamlığı üçün real təhlükə mənbəyidir.
Bütün bunlar isə Azərbaycanda çimərlik mədəniyyətinin çox aşağı səviyyədə olduğunun göstəricisidir.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, dənizdə baş verən bədbəxt hadisələrin əksəriyyəti insanların öz məsuliyyətsizliyi və qayda-qanunlara əməl etməməsi səbəbindən baş verir. Yəni ki, bizim millət "qanunun aliliyi hamı üçündür” prinsipindən daha çox "qanunlar pozulmaq üçün yazılıb” deyimi ilə yaşayırlar: "Bizim millət heç bir qayda-qanuna riayət etmir. Ən pisi də odur ki, müvafiq qaydaları pozmağı "qəhrəman”lıq bilirlər. İstirahətə gedən insanlar kiməsə özünü göstərmək üçün hoqqabazlıq edir və dərinə üzə bildiyini göstərmək üçün təhlükəsizlik xəttini keçir. Azərbaycan çimərliklərində nə gigiyenik qaydalara, nə də təhlükəsizliyə əməl olunur”. Bütün bu problemlərin kökünün çox dərində olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, heç kəs həyatı ilə bağlı təhlükəyə diqqət yetirmir. "Onlar üçün əsas nümayişdir. Çimərliyə gedənlər qadağan edilmiş bölgəyə məhəl qoymadan baş alıb gedir. Halbuki həmin bölgənin təhlükəli olduğunu da çox gözəl bilir, sadəcə gözləyir ki, kimsə gəlib ona xəbərdarlıq eləsin ki, filan xətdən o tərəfə keçmək olmaz. Yaxud da, gigiyena ilə bağlı. İnsanlar düşünmür ki, bu gün yerə atdığım zibil sabah başqasının sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Mütləqdir ki, bir nəfər nəzarətçi ona "bura zibil atmayın” sözünü deməlidi. İt-pişik belə özündən sonra zibil qalmasın deyə torpağı eşib, çirkləndirdiyi yerin üstünü basdırır. Bizim millətdə bir adət var ki, ictimai yerlərdə zir-zibilimizi kimsə yığışdırmalıdı. Əlindəki zibilləri kiçik torbaya yığıb, zibil qabına atmaq mədəniyyəti deyilən şey hələ Azərbaycan cəmiyyətinə gəlib çatmayıb. Nə edək, cəmiyyətimiz belədir. Bacardıqca, yaxşılar pislərə təsir göstərməyə çalışmalı və onlara ümumi mədəniyyət qaydalarını aşılamalıdır. Onu da deyim ki, bizim millətə qınaq da kar eləmir. Bəzən elə kobud reaksiya ilə qarşılaşırsan ki, adamı yarandığına peşman edirlər. Bizim cəmiyyətdə ictimai qınaq da keçmədiyi üçün bədbəxt hadisələrin qarşısını almaq üçün bacardığımız qədər xəbərdarlıq mesajlarının sayını artırmalıyıq”.
F.Mustafanın sözlərinə görə, dənizdə boğulmaların qarşısını almaq üçün müəyyən mənada üzgüçülüyün səviyyəsi qaldırılmalıdır. "Dənizə gedənlərin böyük əksəriyyəti yüksək səviyyədə üzə bilmir, amma dərinliyə baş vurmaq istəyir. Batmaların bir qismi də sərxoşluq üzündən baş verir. Bir bədbəxtçiliyimiz də budur. Çölə gedəndə 5-6 saatını kabab yeməklə keçirən böyük çoxluq dənizə gedəndə də mütləq evindəki arağı içib getməlidi. Bu da mənəvi aşınmaların bir göstəricisidir. Yoxsa ki, dəniz istirahət və sağlamlıq yeridir. Ağlı başında olan heç kəsə dənizdən ziyan gəlməz”.
Adətən bu cür vəziyyətlərdə maarifləndirmənin çıxış yolu olduğunu vurğulayan millət vəkili qeyd edib ki, bizim millət maariflənməni də sevmir. Bilmədiyimizi öyrənməyə, görmədiyimizi götürməyə də meyilli deyilik: "Əksəriyyət ancaq "zopa” dilindən anlayır. Müasir dünyada da problemlər artıq güc vasitəsilə ilə həll edilmədiyinə görə, Xudayar bəyin zopasından da yararlanmaq olmur”.
Psixoloq Samir Əhmədov isə bildirib ki, çimərlikdə baş verən bədbəxt hadisələr çox zaman gənclərin öz aralarında mənasız mərcə girməsi, yaxud da spirtli içki qəbul edilməsi nəticəsində
baş verir: "Bilirsiz, insana "bu sənə ziyandır, bunu etmə” dedikcə, ona doğru qaçır. Bu, insan psixologiyasıdır. Siqaret qutularının da üzərinə "siqaret çəkmək sağlamlığınıza ziyandır” xəbərdarlığı yazılır. Bu qədər siqaret çəkənin hansını bu sözlər zərərli vərdişdən indiyədək döndərib? Heç kimi. Eləcə də "Küləkli havada çimərliyə getməyin”, "təhlükəli xətti keçməyin”, "bura zibil atmayın” tipli xəbərdarlıqların da heç bir müsbət təsiri yoxdur. Bu cür məsələlərdə ancaq maarifləndirmə işlərinə üstünlük verilməlidir. İnsanlara başa salınmalıdır ki, qaydaları pozmağın sonu nə ilə nəticələnə bilər. İnsanlara faktlar, indiyədək baş vermiş faciəli hadisələr barədə məlumat verilməlidir. İnsanın səhlənkarlığının, boş, mənasız yerə mərcə girib küləkli havada, yaxud qadağan olunmuş zonada çimməyin, təhlükəli akrobat hərəkətləri ilə dənizə tullanmağın hansı faciələrə yol aça biləcəyinə dair bilgilər verilməlidir. Bu, gəncliyin psixologiyasıdır. 4-5 dost yığışıb çimərliyə gedir, əylənmək istəyirlər, mərc kəsirlər ki, kim daha uzağa üzər, kim daha çox suyun üzündə qalar, eləcə də dalğalı dənizdən kim qorxur, kim qorxmur. Belə mərclər də çox zaman faciə ilə nəticələnir. Çimərliyin ikinci ən böyük düşməni spirtli içki və hədsiz qida qəbul etməkdir. Ümumiyyətlə, çimərliklərdə, dəniz sahilində spirtli içkilərin satışı qadağan edilməlidir. Baxın, FHN xəbərdarlıq edir ki, çimərlik ərazisinə spirtli içki gətirmək, sərxoş halda dənizə girmək qadağandır. Amma bütün çimərliklərdə kafe və restoranlarda spirtli içki satılır. Bu, non-sensdi. Özləri deyir, içib dənizə girməyin, bu tərəfdən isə çimərlikdə araq, pivə satılır. Pivənin özü də zərərli içkidir. Başğarısı, ürəkbulanma verə bilər. Belə vəziyyətdə dənizə baş vurmaq əsl dəhşətdir. Spirtli içkilərin satışı mütləq şəkildə dəniz kənarından yığışdırılmalıdır”. Psixoloqun sözlərinə görə, çimərlikdə həddindən artıq qida qəbul etmək də yaramaz: "Qədərindən artıq qida mədəni ağırlaşdırır, bəzi insanlar yeyib-içib dənizə çimməyə girir. Bu, qətiyyən yolverilməzdir. Mədəsi, qarnı dolu adam sizcə, normal qaydada üzə bilər? Təbii ki, yox. Yemək ona ağırlıq edəcək. Bu, nə tibbi, nə də təhlükəsizlik baxımından məqbuldur. Çimərliyə mümkün qədər yüngül qidalar aparılmalıdır. Hətta maye, su qəbulunda da ölçü gözlənməlidir. Digər tərəfdən, mən fikir vermişəm ki, qadağan olunmuş zonalar ödənişli çimərliklərdə qeyd olunur, mühafizə zolağı göstərilir. Amma ödənişsiz çimərliklərdə mühafizə zolağı deyilən bir şey yoxdu. Əhali bildiyi kimi çimir, üzə bildiyi qədər üzür. Əlbəttə, bu çox təhlükəlidir. Ödənişli, ödənişsiz, çimərliklərə fərq qoyulmamalıdır. Hər birində insanların təhlükəsizliyi təmin edilməlidir. Birincisi, yaxşı olar ki, çimərliyə gedən, dənizdə çimmək arzusunda olanlar əvvəlcə, üzməyi az da olsa öyrənsinlər. Üzə bilənlərsə, lovğalanıb dərinə getməsinlər. Bir çox hallarda dənizdə boğulanlar məhz üzməyi bacaranlar olur, sadəcə özlərinə arxayın olub, güclərini düzgün hesablaya bilmirlər. Dənizdə təhlükə ilə üzləşmiş insan ilk növbədə qorxu hissini özündən kənar etməyə çalışmalıdır. Belədə sudan quruya çıxmaq şansı daha artıq olar”.
Şəymən