Deputat: "ABŞ və Rusiya arasında müharibə təhlükəsi..."






"Amerika və Rusiya arasında vəziyyətin gərginləşməsi Rusiyanın əks addımlarından asılıdır”.

Bu sözləri "Sherg.az”a ABŞ prezidenti Donald Tramp Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripala qarşı törədilən sui-qəsdə cavab olaraq rusiyalı diplomatları ABŞ-dan çıxarmağa hazırlaşmasından danışarkən millət vəkili Rasim Musabəyov söyləyib. 

 O vurğulayıb ki, tərəflərin hələlik gərginliyi aradan qaldırmaq planı yoxdur:

"Ona görə də iki ölkə arasındakı narazılıqlar artan xətlə inkişaf edir. Lakin ABŞ-Rusiya arasında müharibə təhlükəsi ola bilməz. Rus diplomatların ABŞ, Böyük Britaniya, digər Qərb ölkələrindən qovulması tarixdə ilk belə hadisə deyil”.

Qeyd edək ki, "Bloomberg”in yaydığı məlumata görə, prezident Tramp onlarla rusiyalı diplomatı ABŞ-dan çıxarmağa hazırdır. Məlumatda bildirilir ki, D.Tramp müvafiq bəyanatla martın 26-da çıxış etmək niyyətindədir. Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqının bir sıra üzv dövlətləri də öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı nəzərdən keçirirlər.

Aysel Aslan