"Ermənilər 30 ilə yaxındır ərazilərimizdə ağıllarına nə gəlir həyata keçirirlər”.
Bunu Sherg.az-a ermənilərin işğal olunmuş ərazilərimizdə yanğınlar törətməsinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, ermənilərin hərəkətlərinin qarşısını almağın yeganə yolu güc tətbiq etmək, döyüşmək, vuruşmaq, ölüb - öldürmək yoludur:
"Əgər ölümü, əziyyəti qəbul etməsən, müəyyən məhrumiyyətlərə dözməyi qəbul etməsən, qələbə çala bilməzsən. Qələbə danışıqla, asanlıqla əldə olunan proses deyil. Qələbə qandır, dağıntıdır, əziyyətdir. Bunun hamısına hazır olmaq lazımdır.
Son dövrlər Rusiya öz xətti ilə həmişə etdiyindən əlavə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) adı ilə Ermənistana külli miqdarda silahlar verməyə başlayıb. Ən müasir, ağır silahlar daşınır. ÜAK-ın ləğvi də bu istiqamətdə atılmış addımdır. Rusiya cürbəcür yollarla, başqa təzyiq vasitələri göstərir, işğalçını ruhlandırır, ona havadarlıq edir. Rusiya Ermənistanın sərhədini, hava məkanını qoruyur, müştərək hərbi birləşmələr yaradır. Bu, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətə yaraşmayan hərəkətlərdir. Bu dövlət bitərəf vasitəçi kimi qəbul oluna bilməz. O, artıq tərəfdir. Əslində Rusiya 300 ildir Ermənistanın tərəfindədir. O, özü də etiraf edir ki, bəli, mən Ermənistanın tərəfində durmuşam. Ermənilər bütün etdiklərini Moskvaya güvənib edirlər”.
Bir aydan çoxdur ki, atəşkəs pozulmasının sayının 100-dən çox olduğunu qeyd edən E. Məmmədovun fikrincə, bu statistika artıq müharibə deməkdir:"Sual olunur, bütün iqtisadiyyatı, maliyyəsi məhv olmuş, vəziyyəti ağır olan, xarici borcu 6 milyard dolları keçmiş bir dövlət bu qədər hərbi sursatı nə ilə alır? Atəşin hər gülləsi, hər addımı puldur. Bu pul, hərbi sursat haradandır, pulunu kim ödəyir? Axı bu gün Ermənistanda o qədər maliyyə vəsaiti yoxdur. Belə çıxır ki, erməniləri Azərbaycana qarşı maliyyələşdirən, silahlandıran, Azərbaycana qarşı qudurdan, qışqırdan dövlətlər, qüvvələr var. Buna görə, Azərbaycanın yeganə çıxış yolu günü-gündən güclənməkdir. Başqa yolumuz yoxdur”.
Ayyət Əhməd