Deputat: “Bəzi həmkarlarım Elçibəylə bağlı bir qədər fərqli düşünürlər”





Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunub.
Sherg.az-ın xəbərinə görə, müzakirə zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib ki, "Azərişıq”, "Azərsu”və "Azəriqaz”ın özəlləşdirilməsi lazımdır:
""Mən əvvəllər də demişəm ki, bu haqda düşünmək lazımdır. Biz bunu nə qədər tez etsək, bir o qədər xərclərimizi azaldacağıq”.
Deputat onu da bildirib ki, gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq: "Həmçinin Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək. Biz universitetlərin, alimlərin və tələbələrin sayına görə dünya ölkələrindən geri qalırıq. Hesab edirəm ki, hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olardı. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar. Hakim partiyadan olan bəzi həmkarlarım Əbülfəz Elçibəylə bağlı bir qədər fərqli düşünürlər. Amma nəzərə almaq lazımdır ki, milli birliyə yol açmaq üçün bu tip qərar vacibdir. Mərhum prezident Heydər Əliyev Əbülfəz Elçibəyə onun dəfn mərasiminə qatılmaqla öz hörmətini və ehtiramını bildirdi. Eynilə də ölkənin ən ağır vaxtlarında Heydər Əliyevi ölkəni fəlakətdən qurtarmağa dəvət etməklə Əbülfəz Elçibəy öz hörmətini və ehtiramını bildirdi. Yəni bu tarixi şəxsiyyətlər hər zaman bir-birlərinə qarşı hörmətlə yanaşıblar”.