Deputat istisna etmir: "Qızğın döyüşlər yenidən alovlana bilər"





"Ermənistanın istəyi odur ki, hər vəchlə Azərbaycanı mövcud durumla razılaşmaya məcbur etsin. Çalışırlar ki, beynəlxalq müşahidəçilər və ya Araşdırıcı Missiya gəlib orada otursun. Və onlar da işğal etdiyi Azərbaycan ərazilərində rahat otura bilsinlər, mövcud vəziyyəti saxlasınlar". 

Bu sözləri Sherg.az-a son günlər cəbhədə erməni təxribatı nəticəsində atışmaların şiddətlənməsinə münasibət bildirərəkən millət vəkili, politoloq Rasim Musabəyov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan bununla razılaşmır və razılaşmayacaq:

"Düşmənin bir atəşinə 10 atəş, hər şəhidimizə 10 erməni əsgəri öldürülməlidir ki, Ermənistan xalqı hər şeyi anlasın".

Parlamentari onu da əlavə edib ki, geniş tərkibli qızğın döyüşlər yenidən alovlana bilər:

" Azərbaycanın seçimi odur ki, mahiyyəti üzrə danışıqlar aparılmalıdır. Atəşkəs onun üçün elan olunmuşdu ki, hərbi münaqişə başa çatsın və ermənilər işğal etdiyi torpaqlardan geri çəkilsin. Lakin ermənilər öz iddialarından geri çəkilmirlər. Ermənistan provokasiyaları genişmiqyaslı döyüşlərin bərpasına gətirib çıxara bilər".

Qeyd edək ki, Ermənistanın Berd rayonu ilə həmsərhəd olan Tovuzun Qaralar kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub.

"Sherg.az" APA-nın məlumatına istinadən xəbər verir ki, düşmən iyulun 29-30-da bu istiqamətdə fəallaşıb.Ermənilər əsasən təsərrüfatla məşğul olan dinc əhalini hədəfə alıb. İriçaplı silahlardan açılan atəş nəticəsində evlərin dam örtüklərinə, divarlarına ciddi ziyan dəyib. Kənd sakinləri bildiriblər ki, əkin vaxtı ermənilər sürəkli olaraq bu cür təxribatlar törədir və iş görməyə imkan vermir.

Qeyd edək ki, Qaralar kəndində 43 evdə 242 nəfər əhali yaşayır. Kəndin erməni postları ilə üzbəüz olan yuxarı hissəsi tez-tez atəşə məruz qalır.

Ayyət ƏHMƏD