Deputat mediadan narazıdır: "Gündəm Fədayə yox, "Bakı-Tbilisi-Qars" olmalı idi ! "

Çingiz Qənizadə: "Təssüf ki, mətbuatda hər 15 dəqiqədən bir Fədayə Laçınla bağlı informasiya yerləşdirildi. Bununla oxucunun diqqəti yeni informasiyalardan həmin xəbərlərə yönəldi. Jurnalistlər diqqətli olmalıdır"



"Heç kəsin başqasının şəxsi həyatına müdaxilə etmək hüququ yoxdur”.

Bunu "Sherg.az”a Fədayə Laçının adının kriminal avtoritetlərlə hallanmasından danışarkən millət vəkili Çingiz Qənizadə deyib. 

O bildirib ki, insanların şəxsi həyatında kiminlə münasibətdə olması hər kəsin şəxsi işidir:

"Bu məsələləri müğənninin sənəti ilə eyniləşdirmək olmaz. Məsələn, tarixə nəzər salsaq, o qədər gözəl yazıçılarımız, şairlərimiz var ki, şəxsiyyətinə diqqət yetirdikdə sıfıra bərabərdir. Amma biz bu gün onların yaradıcılığını öyrənirik. İstər Fədayə Laçın olsun, istərsə də digərləri, onlar öz şəxsi həyatlarını özləri qurur. Buna görə, heç kim onları qınaya bilməz.

Amma incəsənətdən uzaq olan şəxslərin telekanallara, mediaya ayaq açması qınanılandır. Əsl sənət adamları - Xan Şuşinski, Şövkət Ələkbərova və s. həm sənəti, həm də davranışı ilə hər kəsə nümunə olublar. İndi hər şey dəyişib, dəyərlər itib. Bu gün şəxsi həyatını kənardan izləyib, əxlaqsızlığı hamıya məlum olan insanlar telekanallardan əxlaq dərsi keçir. Bu, yanlışdır, cəmiyyətimizin əxlaqını da korlayır.

Gözəl səsi olub, yaxşı sənətkardır. Şəxsi həyatını kimləsə qurubsa, bu, onun şəxsi işdir. Elə gözəl sənətçilər var ki, qanunauyğun ailə həyatı qurub, həyat yoldaşı içki düşkünü olub, ayrılıb. Biz onları niyə qınayaq ki? Ona görə, biz sənətçilərin şəxsi həyatını müzakirə etməli deyilik”.

Mətbuatın belə məsələləri daha ön plana çəkməsini vurğulayan deputat ötənlərdə açılış mərasimi baş tutan Bakı-Tbilisi-Qars (BTQ) kimi əhəmiyyətli layihənin lazımi səviyyədə işıqlandırılmamasını tənqid edib: Həmin gün Fədayə olayı deyil, "Bakı-Tbilisi-Qars"ın açılışı gündəm olmalı idi. Təssüf ki, mətbuatda hər 15 dəqiqədən bir Fədayə Laçınla bağlı informasiya yerləşdirildi. Bununla oxucunun diqqəti yeni informasiyalardan həmin xəbərlərə yönəldi. Jurnalistlər belə məsələlərdə diqqətli olmalıdır. Oxucunun diqqətini daha mühüm mövzulardan yayındırmaq olmaz. Bundan çox narazıyam.

Qeyd edək ki, qatardan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb edilib. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Hadisədən sonra axtarışda olan Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov isə bu gün hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində məhv edilib. Qaçan məhbuslara köməklik göstərənlər sırasında müğənni Fədayə Laçın da var və hətta onun "Qoca” ilə videogörüntüləri yayılıb.

Aysel Aslan