Deputat torpaqları hasarlamış məmurların həbs olunmasına qarşıdır

“Ən yaxşı yol əraziləri onların əlindən almaq yox, vergiləri artırmaqdır”


"Məmurların hasarladığı torpaqların böyük əksəriyyəti əkinə yararlıdır. Biz məhsuldarlığı artırmaq, ərzaq təhlükəsizliyinə nail olmaq istəyiriksə, mütləq boş torpaqları əkinə cəlb etməliyik”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

Deputat qanunsuz zəbt edilən torpaqlara görə, cəzaların sərtləşdirildiyini, buna yol verənləri 2 ilədək azadlıqdan məhrumetmə cəzasının gözlədiyini vurğulayıb: "Qanunda hüquqi və fiziki şəxslər üçün cərimələr müəyyənləşdirilib. Üstəgəl, belə hallar təkrar olunduğu təqdirdə, azadlıqdan məhrumetmə nəzərdə tutulub. Qərar qəbul edilib və qüvvədədir. İcra orqanları - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, rayon icra hakimiyyətləri qanunun icrasını yoxlamalıdırlar”. Ancaq millət vəkili qanunda nəzərdə tutulan cərimələrin effektli olmadığı qənaətindədir: 

"Mən hər zaman təklif etmişəm ki, boş torpağa görə cərimə yox, məhsul alınsın. Çünki o torpaqları zəbt edənlər imkanlı şəxslər, məmurlardır. Onun üçün 1000-2000 manat heç nədir. Torpağı hasarlayıb, cəriməsini ödəyəcək, bununla da iş bitmiş olacaq. Puldansa, boş torpaqları olanlardan 100-200 ton taxıl tələb edilsin. Cərimə bu qəbildən olmalıdır”. 

E.Quliyev bildirib ki, Konstitusiyaya görə, kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşısında cavabdehdir: "Xüsusilə vəzifədə olan şəxslər məsuliyyət daşıyırlar. Onlar baş verənlərdən nəticə çıxarmalıdırlar. Özləri əkmirlərsə, kənddəki işsiz insanlara şərait yaratsınlar. Həm kəndli qazansın, həm də özləri”. 

Məmurların əkin sahələrini zəbt etməsi ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkili Zahid Oruc deyib ki, mülkiyyət hüququnun tənzimlənməsi mexanizmi vergilər üzərindən qurulub. Deputata görə, kiməsə az və ya çox dərəcə torpaq sahibi olmaq hüququ qadağan edilə bilməz: 

"Bu sahədə məhdudiyyət yaratmamaq elan etdiyimiz siyasi kursun, dövlət idarəetmə sisteminin, konstitusiyanın tələbidir. Yüz il bundan qabaq mülkədarlara, sahibkarlara qarşı baş verən təzyiqlər, onların əmlaklarının əlindən alınması tarixdə heç də yaxşı iz buraxmayıb. Konstitusiyada aparılmış son dəyişikliyə görə, əkinə yararlı sahələr istifadə olunmadığı təqdirdə sahibkardan geri alına bilər. Bu, artıq qanunvericiliyin tələbidir və hesab edirəm ki, öz-özlüyündə insanlar üçün çəkindirici amildir. Qanun sadəcə onun üçün yazılmır ki, dərhal tətbiq edilsin və insanlar üzərində məsuliyyət alətinə çevrilsin. Qanunlar həm də tərbiyələndirici, yönəldici xüsusiyyətlərə də malikdir. Bundan da faydalanmaq lazımdır”.

Millət vəkili bildirib ki, əkinə yararlı torpaq sahələrimiz elə də çox deyil: 

"Digər tərəfdən idxaldan asılılığımızı azaltmaq istəyirik. Müxtəlif məhsullar üzrə ölkə özünü təmin edə bilər. Məsələni həll etməyin yolu torpaq sahibi olan məmurları həbsə məruz qoymaq, ərazilərini əlindən almaq yox, torpaq üzərindəki vergiləri artırmaqdır. Əgər kimsə əkinə yararlı sahələrə malikdirsə və əkin-biçinlə məşğul deyilsə, qoy, daha artıq vergi ödəsin. O halda sahibkar tənbəllikdən daşınacaq və divarlar arasında "əsarətdə” saxladığı torpaqları əkməyə məcbur olacaq. Dünyanın əksər ölkəsində bu mexanizm işləyir. Heç kim qarantiya vermir ki, əkin sahələrinin sahibkarların istifadəsindən çıxarılması onların tam mənada əkilib-biçilməsi ilə nəticələnəcək”.

İsmayıl