Deputatlar büdcədə dəyişiklik edirlər – Vəsait artırılır





Parlamentin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsinə başlanılıb.

Sherg.az bildirir ki, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək deyib ki, 2017-ci ilin yenilənmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2 faizini təşkil etməklə, mütləq ifadədə 16 766 milyon manat həcmində proqnozlaşdırılır.
Bu da ilkin proqnozla müqayisədə 511 milyon manat və ya 3,1 faiz çoxdur.
Yeni büdcənin xərclərinin isə 1 041 milyon manat artırılaraq 17 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcə xərclərinə nisbətən 6,2 faiz çoxdur.

Büdcənin artan xərcləri daha çox sosial xarakterli tədbirlərə və bank sahəsində yaranmış problemlərin yumşaldılmasına yönəldiləcək. Burada qazın qiymət fərqi ilə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) ziyanını qarşılamaq üçün 250 milyon manat, lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının artırılmasına 546 milyon manat və s. bu kimi xərclər xüsusi yer tutur.
Qeyd edək ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 milyon manat olacaq, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 milyon manat çoxdur.
İcmal büdcə xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7 faiz və ya 1 051,0 milyon manat artırılaraq 29 818,2 milyon manata çatdırılması nəzərdə tutulur.