Deputatlarımız danışır, danışır, əlacsız qalıb kiriyirlər

Beli əyilən məktəblinin yükünü heç kim azaltmaq istəmir
Təhsil sistemimiz həqiqətən də, «ərəb saçına» dönüb. Əldə daraq tutanlar çoxdu, amma heç biri düyün düşmüş saçı aça bilmir ki, bilmir



Metroda bir mənzərənin tez-tez şahidi oluram; məktəbdən evə qayıdan balacalar oturacaqda uyuyur. Bir neçə gün əvvəl də eyni mənzərəni gördüm. Ana qucağında körpəsini tutmuşdu, bir az aralıda isə məktəbli qızı əyləşmişdi, yanında da atası. Atanın başı telefona qarışmışdı deyə, qızının əyləşdiyi yerdəcə yuxuladığını və başının əyilib sinəsinə düşdüyünü fərq etmirdi. Ana bunu görüb atanı «ayıltdı» ki, «uşağa fikir ver». Sonra da əlacsızcasına «neyləsin uşaq, o qədər dərs verirlər ki, yorulub» dedi.
Şagirdlərin yükünü – istər dərs, istərsə də məktəbli çantası baxımından, azaltmaq istəsələr də, mümkün olmur. Milli Məclisin ötən iclasında bu müşkül növbəti dəfə müzakirə predmetinə çevrildi.
«Ümumi təhsil haqqında» qanun layihəsinin birinci oxunuşu zamanı millət vəkili Siyavuş Novruzov dərs yükünün ağırlığı altında əzilən uşaqların halına acıyaraq deyib ki, artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan da tutur. 

Çünki məktəblilərin çantasının çəkisi 12-14 kiloqramdır. Millət vəkili təhsil sisteminin sadələşdirilməli olduğunu vurğulayıb: «Şagirdləri bu qədər yükləmək olmaz. Bu gün məktəblərdə oxuyan şagirdlərdən nə hərbçi, nə əsgər, nə də hüquq-mühafizə orqanlarında çalışan çıxacaq. Çünki əvvəllər uşaqlar həm əyləncəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz». Millət vəkili yaranmış problemlə bağlı qərar qəbul edilməli olduğunu deyib.

Birinci dəfə deyil. Təhsil sistemindəki çıxılmaz vəziyyətlə bağlı deputatlarımız danışır, danışır, əlacsız qalıb kiriyirlər. Təhsil sistemimiz həqiqətən də, «ərəb saçına» dönüb. Əldə daraq tutanlar çoxdu, amma heç biri düyün düşmüş saçı aça bilmir ki, bilmir.

Təhsil eksperti Nabatəli Qulamoğlu «Şərq»ə açıqlamasında çıxış yolunu göstərdi:

- Dərs yükünün azaldılması deyiləndə, dərsin həcminin azalması anlamına gəlməməlidir. Burada məsələ təhsil standartlarından kənara çıxmalarının qarşısının alınmasıdır. Nədir bu: təhsil sistemimizdə pərakəndəlik mövcuddur. Dövlət İmtahan Mərkəzi «Ağanəzərəm, dağları gəzərəm» deyib istədiyini edir. Cürbəcür, növbənöv dərs vəsaitləri nəşr etdirir. Bu dərs vəsaitlərinə təhsil standartlarından kənar məsələlər salınır. Fənlərin vacib hissələri, hansı ki, şagirdlər məhz onları öyrənməlidir, qalır kənarda, ikinci, üçüncü dərəcəli hissələr önə keçirilir. Dərslik qalır bir tərəfdə, vəsaitlər önə keçir. Halbuki ümumi təhsil sistemində şagirdin əsas materialı məhz dərslikdir. Şagird ilk növbədə dərslikdə yazılanları öyrənməlidir. 

DİM-nin xüsusi proqramı var. Orada fənlərə aid məsləhətlər verilir ki, filan ədəbiyyatlardan istifadə edə bilərsiniz. Guya ki, tövsiyə xarakterlidir, amma imtahanda şagird görür ki, məhz həmin vəsaitlərdən, ədəbiyyatlardan suallar salınıb. Ona görə də şagirdlər yüklənir, dərsliklə yanaşı, əlavə vəsaitləri də alır və oradan oxuyurlar. Hətta imtahan qorxusundan əsas dərs vəsaiti olan dərsliyi qoyurlar bir kənara, əlavə vəsaitlərdən öyrənməyə başlayırlar. Deməli, şagirdlər həm yüklənir, həm də qorxurlar. 

Qorxurlar ki, əlavə vəsaitlərdən imtahana suallar düşər. Haqlıdırlar da. Mən deyəndə ki, imtahan sualları arasında dərs vəsaitlərində olan materiallar var, etiraz edirlər. Halbuki, mən belə sualları konkret olaraq tapmışam, üzə çıxarmışam. Məsələn, test tapşırıqlarının tələbi budur ki, suallar birmənalı olmalıdır. Bir sual tapmışdım, 2 məna verirdi. Həm omonim idi, həm də omoqraf. Məsələn, bir sualda «qoyun» sözünün mənası soruşulur. 

Axı bu söz həm omonimdir, həm də omoqraf. Şagird bunu necə ayırd edə bilər? DİM-nin səhvi ucbatından şagird səhv cavab verir və ona səhv cavab hesablanır. Dərs vəsaitlərindəki materialların hamısı gedir DİM-nin test bankı mərkəzinə, suallar da orada hazırlanır, ona görə də belə çıxılmaz vəziyyət yaranır. Təhsilimizin əsas problemi əlavə dərs vəsaitlərinin çoxluğudur. Şagirdin beynini, zehnini yoran da budur, çantasını ağırlaşdıran da. Nəvəm məktəbə gedir, bir fənnə aid 4-5 vəsait aparır özüylə. DİM öz bildiyini edir. Təhsil standartlarına əməl edilmir.

N.Qulamoğlu problemin çözülməsi üçün xüsusi, müstəqil bir qurumun yaradılmasını təklif edir:

- Mən çatışmazlıqlarla bağlı DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə bildirdikdə, cavabı bu oldu ki, məhkəməyə müraciət edin. Mənsə dedim ki, məhkəməyə müraciət etmək üçün hüquqi-normativ sənədlərdə uyğun maddə yoxdur. Belə olduqda dedi ki, Milli Məclisə müraciət edin. Mən də əminəm ki, bunun heç bir nəticəsi olmayacaq. Təhsil Nazirliyi də DİM-dən qorxur, çəkinir. Fikrimcə, bu problemlərin həlli üçün xüsusi müstəqil bir qurum yaradılmalıdır və o qurum heç kimdən çəkinmədən düzgün, təhsil sistemimizi bataqlıqdan çıxaracaq qərarlar qəbul etməlidir.

Məlahət Rzayeva