"Cənab prezidentin bu çıxışı hər hansı ideoloji məqsəd daşımır, reallığı əhatə edir. Azərbaycanın körpədən böyüyə, sıravi məmurdan dövlət başçısına qədər hər bir vətəndaşı bir həqiqəti içində yaşadır ki, torpaqlarımızın işğalı ilə barışmaq olmaz”.
Bu sözləri Sherg.az-a prezident İlham Əliyevin - "insanlarımızı doğma torpaqlarına qaytaracağıq” bəyanatına münasibət bildirərkən tarixçi millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, aprel döyüşləri zamanı məlum oldu ki, insanların ruhu torpaqlarımızı azad etməyə köklənib. Kifayət qədər gücü, müasir silahı olan Azərbaycan əsgəri də torpaqları azad etmək istəyini, ruh yüksəkliyini ilə yaşadır:
"Bir halda ki, dövlət başçısının söykəndiyi xalq bu istəkdədirsə və dövlətin hərbi qüdrəti də həmin istəyin reallaşdırılmasına təminat verəcək qədər yüksəkdirsə, deməli dövlət başçısı reallığa əsaslanan fikir söyləyir. Bütün bunlara əsaslanaraq dövlət başçısının istəyi ilə biz torpaqlarımıza qayıdacağıq. Sadəcə olaraq, buna zaman lazımdır. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində problemi həll etməyi gözləyir. Hesab edirəm ki, prezidentin bu bəyanatı təsadüfi səsləndirilmiş fikirlər deyil və tamamilə reallığa söykənir.
Çünki haqq, ədalət Azərbaycanın tərəfindədir. İşğal olunan torpaqlar Azərbaycanındır. Bir misal var, haqq əzilər amma üzülməz. Gec-tez biz torpaqlarımıza qayıdacağıq. Aprel döyüşünə qədər erməni tərəfində bir fikir yaranmışdı ki, Azərbaycan torpaqları işğal olundu, bununla məsələ bitdi və bu artıq gündəmdə deyil. Dünya birliyi, böyük dövlətlər Azərbaycanı işğalla barışdırmağa, bu xalqı status-kvonun əbədiləşdirilməsinə öyrəşdirməyə çalışırdı. Azərbaycanın içərisində də müəyyən tərəddüdlər var idi. Amma aprel hadisələri zamanı aydın oldu ki, Azərbaycan xalqı elə Topxana meşəsinin qırılmasında göstərdiyi kimi münasibət göstərir. Qarabağ problemi Azərbaycanın hər bir vətəndaşının problemidir. Siyasi mövqeyindən, durumundan asılı olmayaraq azərbaycanlılar birlikdədir. Xalqda birlik və həmrəylik olduqda qələbə də rahat əldə olunacaq”.
Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bir çox məsələlərə toxunub. Dövlət başçısı söyləyib ki, insanlarımızı doğma torpaqlarına qaytaracağıq.
Aysel Aslan