Şəmsiyyə Namazova: “Onda gərək dərmanların respublikaya gətirilməsi ayrı-ayrı deyil, yalnız bir şirkətə həvalə olunsun”
Dəyanət Rzayev: “Xaricdə qiymətlər belə baha deyil”
Baş nazir Artur Rasizadə dərmanların qiymətinə dair qərar verib. Qərara əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. Həmin siyahı ilə 40 mal və xidmətin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir.
Şübhəsiz ki, ilk baxışdan qərar cəmiyyətdə müsbət rezonans doğurub. Bəziləri hesab edirlər ki, bu yenilik dərman bazarında at oynadan bir sıra işbazların qol-qanadını bağlayaraq, bu sahədəki özbaşınalığın, süni qiymət artımının qarşısını alacaq.
Qərarın mahiyyətindən söz açan həkim-terapevt Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında söyləyib ki, bu, təqdirəlayiq addımdır. Amma nəzərə alınmalı müəyyən məsələlər var: "Baxın, ölkəmizə müxtəlif qrup dərmanları müxtəlif şirkətlər xaricdən gətirirlər. Həmin preparatlar ölkəmizdə istehsal olunmur. Onu gətirənlər də vəsait sərf edirlər. Gətirdikləri malın da qiymətini özləri təyin edirlər. Bu səbəbdən sözügedən qərarın bu sahədəki problemləri tam olaraq tənzimləyəcəyini söyləyə bilmərəm. Yenə deyirəm, elə dərmanlar var ki, onları müxtəlif şirkətlər gətirir. Məsələ onlarla necə razılaşdırılacaq? Onda gərək dərmanların respublikaya gətirilməsi ayrı-ayrı deyil, yalnız bir şirkətə həvalə olunsun. Həmin şirkət də konkret olaraq dövlətlə razılaşsın. Amma ayrı-ayrı şirkətlər bu işlə məşğul olacaqsa, onların təyin etdiyi qiymətlər də müxtəlif olacaq. Onlar xaricdən aldıqları dərmanın üstünə faiz qoyub satacaqlar”. Bununla yanaşı, Ş.Namazova onu da diqqətə çatdırıb ki, eyni tərkibli dərmanların qiymətlərinin tənzimlənməsi baxımdan bu qərar çox əhəmiyyətlidir: "Baxırsan ki, eyni malekuladan ibarət olan dərmanlar fərqli qiymətlərə satılırlar. Əlbəttə, bu cür dərmanların eyni qiymətə olması həm xəstələr, həm də həkimlər üçün çox yaxşı olardı. Biz həkimlər də dərman yazanda çətinlik çəkirik. Bəzən görürsən ki, xəstənin dərman almağa imkanı çatmır. Çalışırıq ki, aşağı qiymətə olan dərmanlar yazaq. Hər halda bütün dərmanlar dövlət tərəfindən tənzimlənərsə, bu həm xəstə, həm də həkimlər üçün rahat olar. Çünki resept yazarkən seçim qarşısında qalmayacağıq”.
Psixoloq Dəyanət Rzayev də bu addımın müsbət effekt verəcəyinə inanmır: "Bizdə adi bir psixatrop kateqoriyasına aid dərmanı 24 manata satırlar. Xaricdə olanda həmin dərmanın qiyməti ilə maraqlandım. Bizim pulla 2 manata satırdılar. Xaricdə qiymətlər belə baha deyil”.
Həmsöhbətimizin sözlərinə görə, ölkəmizdə bu sahə də monopoliyadadır: "Monopolistlər də istədikləri qiyməti təyin edirlər. Bu da müəyyən işbazlara sərf edir”.
Müsahibimizin fikrincə, bu qərar qiymətləri tənzimləyə bilməyəcək: "Çünki xaricdən dərman gətirən sahibkar deyəcək ki, onu baha qiymətə alıb, gətirirəm. Hökumətin qoyduğu qiymət onu qane etməyəcək və yenə də öz bildiyi qiyməti qoyacaq”.
Ayyət Əhməd